İyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir:
1. 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi
Gündəlikdə duran məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov, Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Səbuhi Məmmədov çıxış etmişdirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun qəbul edilmişdir.
Gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli və 2018-ci il 6 mart tarixli qanunları ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Qanunda dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanmışdır.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu oxunmuş və səsə qoyularaq qəbul edilmişdir.
Ali Məclisin Sədri 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirmişdir.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyası öz işini başa çatdırmışdır.