^

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN SƏDRİ RAMİZ SÜLEYMANOV MƏHKƏMƏ-HÜQUQ ŞURASININ İCLASINDA İŞTİRAK ETMİŞDİR.

2015-ci il dekabr ayının 17-də Məhkəmə-Hüquq Şurasının hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilmişdir.  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov iclasda iştirak etmişdir.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə islahatının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi bildirilmiş, bu sahədə əldə edilmiş nailiyyətlərin beynəlxalq aləmdə də etiraf olunduğu vurğulanmışdır.

Qeyd edilmişdir ki, Avropa Şurasının mühüm təsisatı olan Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 12 illik fəaliyyətinə həsr olunmuş və bütün üzv dövlətlərdə yayılan xüsusi nəşrdə Azərbaycanda həyata keçirilən məhkəmə islahatına böyük önəm verilərək buna ayrıca bölmə həsr olunmuşdur.

Avropa Şurasının bu nüfuzlu nəşrində ölkəmizdə irimiqyaslı məhkəmə islahatlarının müsbət nəticələri, o cümlədən məhkəmə özünüidarəsinin genişlənməsi, hakimlərin mütərəqqi seçimi, məhkəmə infrastrukturunun müasirləşməsi, texnoloji yeniliklərin tətbiqi və şəffaflığın təmin olunması üzrə işlərin digər Avropa dövlətlərinə nümunə göstərilməsi məhkəmə islahatlarımıza verilən dəyərin və dövlətimizin beynəlxalq nüfuzunun daha bir təzahürüdür.

Həmçinin iclasda 2010-cu ildə yeni qaydalarla seçilmiş 20-dən çox hakimin, habelə, bir sıra məhkəmə sədrlərinin səlahiyyət müddətinin başa çatdığı bildirilmiş, onların hər birinin fəaliyyətinin yerində öyrənilməsi, yuxarı instansiya məhkəmələri tərəfindən təqdim edilmiş rəylərin və digər məlumatların ətraflı təhlil olunduğu vurğulanmışdır.

Müzakirələrdən sonra hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə onların təyinatına dair müvafiq təkliflər hazırlanmışdır.

İclasda həmçinin, hakimlər barədə intizam icraatına baxılaraq, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara, icra intizamının kobud pozulmasına yol verdiyinə görə bir hakim ciddi intizam məsuliyyətinə cəlb edilmiş, bu kimi hallara yol verdiklərinə görə üç hakim barədə intizam icraatları başlanılmışdır.