^

“Ailə qanunvericiliyinin aktual məsələləri”nə həsr olunmuş təlim davam edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq 25 apreldə öz işinə başlamış təlim davam edir.

27.04.2022 (2)Naxçıvan Dövlət Univerisitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə baş tutan təlimin üçüncü günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Kommersiya kollegiyasının sədri Əhliman Xıdırov tərəfindən “Ailə qanunvericiliyinin aktual məsələləri” mövzusunda təlim-seminar keçirilmiş, seminarda tələbələr ailə qanunvericiliyinin ümumi xarakteristikası, ailə mübahisələri üzrə işlərə tətbiq olunmalı olan qanunvericilik aktlarının dairəsi, həmin qəbildən işlərə baxılması zamanı formalaşmış vahid məhkəmə təcrübəsi barədə məlumatlandırılmış, həmçinin onlara nikahın və boşanmanın hüquqi statusu, valideynlik hüquqları və vəzifələri, ər və arvadın birgə əmlakının hüquqi statusu, nikah müqaviləsi, nikaha qədərki əmlak tənzimləməsi, uşaq hüquqları və uşaqların tərbiyəsi, aliment, övladlığa götürmə və əlaqəli ailə münasibətlərinə dair məsələlər barədə ətraflı nəzəri və praktiki məlumatlar və geniş izahlar verilmişdir.

Sonda tələbələrin ünvanlandığı suallar hakim tərəfindən cavablandırılmış, suallar ətrafında tələbələrlə fikir mübadiləsi aparılmış, mövzu barədə gələcəyin hüquqşünaslarının fikirləri dinlənilmiş, onlara zəruri istiqamət verilmişdir.

Qeyd edək ki, təlim aprelin 29-dək davam edəcək.