Əvvəlcə qeyd olunmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.
Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane olmur.
Zəruri hallarda, müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər, mütəxəssislər və şahidlər çağırıla bilər.
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Həmçinin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, əmək məzuniyyəti ilə sosial məzuniyyətin bir vaxta düşməsi, işçinin işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edilməsi hallarında işçinin təşəbbüsü ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.
İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər. Eyni zamanda tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.
Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.
Cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər.
Məhkəmə bu Məcəllənin adıçəkilən şəxslərin gəlməməsi səbəbindən məhkəmə baxışının təxirə salınması qərarına gəldikdə məhkəmə iclasına gəlmiş şahidi, eksperti, mütəxəssisi, zərər çəkmiş şəxsi, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini dindirmək hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Belə ki, işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda, tərəflərdən hər hansı birinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olması və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edilməsi, uzunmüddətli qulluq ezamiyyətində olması və ya müalicə müəssisəsində olması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda və iş üzrə icraat dayandırılmadıqda, işdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda, təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə, hərbi vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə, məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər.
Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur.
Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.
Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.
Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Belə vəsatətin baxılma günü və saatı barədə vəsatəti qaldırmış şəxsə vaxtında xəbər verilməlidir. Həmin şəxsin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur.
Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.
İnzibati-prosessual qanunvericiliklə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir.
Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
“Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı).
Onu da qeyd etmək yerinə düşər ki, fiziki şəxsə mənəvi zərər dəyməsi ilə müşayiət olunan əməl (hərəkət və ya hərəkətsizlik) işin faktiki hallarına uyğun olaraq eyni zamanda mülki, inzibati, cinayət və s. məsuliyyətə səbəb olduqda onu törədən şəxsin müvafiq məsuliyyətə cəlb edilməsi onu vurduğu mənəvi zərəri kompensasiya etmək məsuliyyətindən azad etmir. Lakin hər bir halda əməlin xarakterindən asılı olmayaraq mənəvi zərərə məruz qalan şəxsin pozulmuş hüququnu məhkəmədə müdafiəsi imkanı nəzərdə tutulmuşdur. Milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstəriş olmasa da bu fiziki şəxsi ona dəyən zərərin əvəzini məhkəmədə tələb etmək hüququndan məhrum etmir və bu qəbildən olan mübahisələr Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə yanaşı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı və “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı ilə formalaşmış məhkəmə təcrübəsi əsasında həll edilir.
Əvvəlcə qeyd etmək lazımdır ki, mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. Məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir. Məhkəmənin tərəflər arasındakı barışıq sazişini təsdiqləməkdən imtina etməsi məsələsinə gəldikdə isə inzibati qanunvericilikdə inzibati mübahisəyə baxan məhkəmə üçün belə bir imkan nəzərdə tutulmaqla yanaşı, həmçinin qanunun tələbinə əsasən işin hallarına uyğun olaraq bu hal məhkəmənin vəzifəsi kimi də qeyd olunmuşdur. Belə ki, barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər.
İnzibati-prosessual qanunvericiliyin tələbinə əsasən proses iştirakçıları məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edildiyi hallar istisna olmaqla, istənilən vaxt iş üzrə icraat materialları ilə, habelə həmin icraatla bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə tanış ola bilərlər.
Proses iştirakçıları məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edildiyi hallar istisna olmaqla, öz hesablarına iş üzrə icraat materiallarında olan sənədlərin təsdiqlənmiş surətlərinin və (və ya) belə sənədlərdən çıxarışların verilməsi xahişi ilə müvafiq məhkəmənin dəftərxanasına müraciət edə bilərlər. Sədrlik edən hakim məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edildiyi hallar istisna olmaqla, öz təşəbbüsü ilə məhkəmə aktlarını həmin aktlarla işləmək üçün müvafiq prosessual nümayəndəyə verə bilər.