^

Часто задаваемые вопросы

Mülki-prosessual qanunvericliyə əsasən məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi mümkündürmü?

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Belə ki, işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda, tərəflərdən hər hansı birinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olması və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edilməsi, uzunmüddətli qulluq ezamiyyətində olması və ya müalicə müəssisəsində olması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda və iş üzrə icraat dayandırılmadıqda, işdə iştirak edən şəxslər, onların qanuni nümayəndələri və şahidlərin azadlıqdan məhrum etmə və ya həbs yerlərində saxlanılması səbəbindən məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda, təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə, hərbi vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə, məhkəmə icraatının lüzumsuz uzadılmasının qarşısının alınması məqsədilə digər hallarda məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər.

İnzibati-prosessual qanunvericilikdə prosessual müddətlərin bərpa olunması qaydası necə müəyyən olunur?

İnzibati-prosessual qanunvericiliklə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir.

Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

       Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 

Məhkəmə inzibati mübahisə üzrə barışıq sazişini təsdiqləməkdən imtina edə bilərmi?

          Əvvəlcə qeyd etmək lazımdır ki, mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. Məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir. Məhkəmənin tərəflər arasındakı barışıq sazişini təsdiqləməkdən imtina etməsi məsələsinə gəldikdə isə inzibati qanunvericilikdə inzibati mübahisəyə baxan məhkəmə üçün belə bir imkan nəzərdə tutulmaqla yanaşı, həmçinin qanunun tələbinə əsasən işin hallarına uyğun olaraq bu hal məhkəmənin vəzifəsi kimi də qeyd olunmuşdur. Belə ki, barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər.