Məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən:
-cəza tədbirinin yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmasını;
- yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirinin yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməsini və imkan daxilində aşağı həddə endirilməsini;
- yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsinin məqsədəuyğun olmamasını nəzərə almalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə uyğun olaraq yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda ərizənin baxılmamış saxlanması qaydası tətbiq edilir.
Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir:
-cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda;
-birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə.
Apellyasiya instansiyası məhkəməsi yeni sübutların tədqiqini apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının uzadılması cəhdi kimi qiymətləndirdikdə, həmin sübutların tədqiq edilməsi haqqında vəsatəti rədd etmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir.
Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, sosial xidmət müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.
Azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir.
Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.
Mülki mübahisələr üzrə iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə, əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə, müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla, müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda ödəmələrin 3 illik məcmusu ilə, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə, ödəmə ya xitam verilməsi haqqındakı iddialarda qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə, əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu ilə, lakin 3 ildən artıq olmamaq şərti ilə, fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə, bir neçə müstəqil tələbdən ibarət olan iddialarda bütün tələblərin ümumi məbləği ilə, tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda barəsində mübahisə edilən məbləğlə, torpaq sahəsi tələbi barədəki iddialarda torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə müəyyən edilir.
Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər.
Sübutların təmin edilməsi haqqında ərizə işə baxan və ya sübutların təmini üzrə prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir.
Ərizədə təmin edilməli sübutlar, həmin sübutlarla təsdiq edilməli olan hallar, təmin etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir.
Cinayət işləri üzrə kassasiya şikayətində və ya kassasiya protestində:
-kassasiya şikayəti və ya kassasiya protestinin ünvanlandığı kassasiya instansiyası məhkəməsinin adı;
- kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin adı və statusu;
- hökm və ya qərarı çıxarmış məhkəmənin adı;
- hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması;
- kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin xahişi;
- kassasiya şikayətinə və ya kassasiya protestinə əlavə edilən sənədlərin siyahısı əks olunmalıdır.
Əlavə olaraq qeyd edək ki, hökmün dəyişdirilməsinin və ya ləğv edilməsinin zəruriliyi əsaslandırıldıqda kassasiya şikayəti və ya kassasiya protestində işin müvafiq vərəqlərinə istinad edilməlidir. Bu tələb həbsdə saxlanılan məhkuma və yetkinlik yaşına çatmamış şəxsə şamil edilmir.
Məhkəmə qərarının nəticəvi hissəsi, bir qayda olaraq, şifahi məhkəmə baxışının qurtardığı gün elan edilir. Müstəsna hallarda (mürəkkəb işlər üzrə) məhkəmə qərarının nəticəvi hissəsi, şifahi məhkəmə baxışının qurtardığı gün məhkəmə tərəfindən müəyyən edilən başqa gündə, lakin 10 gündən gec olmayaraq elan edilə bilər.
Yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 15 gündən gec olmayaraq tərtib olunaraq məhkəmənin dəftərxanasına verilməlidir.
Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.
Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər.