Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi 100 illik uzun tarixi inkişaf yolu keçib. Bu tarix Naxçıvan Muxtar Respublikasının, bütövlükdə Azərbaycanın məhkəmə və hüquq tarixi ilə sıx bağlı olub, ölkənin və muxtar respublikanın müxtəlif zaman kəsiyində yaşadığı dövrü özündə əks etdirir.
Azərbaycanın ictimai-siyasi və hüquq tarixində ən mütərəqqi dəyişikliklər 1918-ci ilin 28 mayında şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ilə başlamış, Azərbaycan Demokratik Respublikası təşəkkül tapdığı ilk günlərdən ölkədə demokratik prinsiplər əsasında məhkəmə sistemi yaradılmasına böyük diqqət yetirilmiş, lakin gənc respublikanın ömrünün qısa olması bu prosesin başa çatdırılmasına imkan verməmişdir.
Аzərbаycаndа bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra kоmmunist idеоlоgiyаsının tələblərinə cаvаb vеrən yeni məhkəmə orqanlarının təşkilinə başlanıldı. Ölkədə məhkəmə quruluşunun təşkil edilməsi üçün görülən tədbirlər çərçivəsində Аzərbаycаn SSR Mərkəzi İcrаiyyə Kоmitəsinin 3 oktyabr 1925-ci il tarixli iclasının nəticələrinə dair qəbul olunan qərarla Naxçıvan MSSR Baş Məhkəməsi təsis edildi. Həmin gün hazırda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaranması günü kimi qeyd edilir.
1937-ci ildə Аzərbаycаn SSR-in yеni Kоnstitusiyаsı qəbul еdilməsi ilə Nахçıvаn MSSR Bаş Məhkəməsi Nахçıvаn MSSR Аli Məhkəməsi аdı аltındа fəаliyyət göstərməyə bаşlаmışdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı Azərbaycan SSR-in məhkəmə orqanları sisteminin statusunu tənzimləyən qanunvericiliyin də dəyişdirilməsi zərurəti yaranmış, nəticədə 1981-ci ilin iyun ayının 16-da “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında” yeni Qanun qəbul olunmuşdur. Həmin qanunda Naxçıvan MSSR Ali Məhkəməsinin səlahiyyətləri daha da genişləndirilmişdir. 26 iyun 1990-cı il tarixdə “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında” Qanun qəbul edilmiş və bu Qanunla 1981-ci il tarixli qanunda təsbit edilən qaydalar daha da təkmilləşdirilmişdir.
Azərbaycan Respublikası 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini bərpa etsə də, SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Bütün bu xüsusatlar cəmiyyətin gələcək inkişafı üçün hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.
1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi məhkəmə hakimiyyəti sahəsində də köklü islahatların bünövrəsi qoyuldu. Demokratik dövlət quruculuğunun əsas hədəflərini müəyyən edən Ulu öndər demişdir: “Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”. Demokratik, hüquqi və dünyəvi dəyərlər üzərində 12 noyabr 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyəti qollarına ayrılmış, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur.
Bu dövrdə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, islahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycanın tarixində ilk olaraq 1998-ci il iyul ayında konstitusiya nəzarəti orqanı Konstitusiya Məhkəməsi yaradıldı, bundan çox qısa müddət sonra qüvvəyə minmiş Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının məhkəmə hakimiyyətinə həsr olunmuş 4-cü fəslində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı kimi təsis edildi. Konstitusiyaya görə Ali Məhkəmə Naxçıvan Muxtar Respublikasının ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirməklə yanaşı, konstitusiya nəzarətini də təmin edir.
Ölkədə aparılan islahatlar Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mərhələlərlə davam etdirildi.
Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanuna, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi, 2007-ci il 16 iyun tarixli Qanunu ilə müvafiq prosessual qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi və Azərbaycan Respublikası Prezidenti tərəfindən məhkəmə hakimiyyətinin müasirləşdirilməsi məsələlərinə həsr olunmuş 19 yanvar 2006-cı il tarixli Fərmanın verilməsi nəticəsində məhkəmə islahatları növbəti mərhələyə yüksəldi və bu mərhələdə Naxçıvan Muxtar Respublikasının məhkəmələri, xüsusilə də Naxçıvan MR Ali Məhkəməsində köklü, struktur dəyişiklikləri aparıldı. 2007-ci il iyun ayının 16-dan Naxçıvan MR Ali Məhkəməsi tərəfindən işlərə birinci instansiya qaydasında baxılması istisna olundu və Ali Məhkəmə sırf apellyasiya instansiyası məhkəməsi kimi fəaliyyət göstərməyə başladı.
Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə yeni regional kommersiya və inzibati məhkəmələr təşkil edildi, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati və Kommersiya Məhkəmələri yaradıldı.
Qeyd etmək yerinə düşər ki, 2019-cu il 3 aprel tarixində ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərmanla nəzərdə tutulmuş müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesi Naxçıvan Muxtar Respublikasının məhkəmə sisteminin, həmçinin muxtar respublikanın hüquq təsisatlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində xüsusilə əlamətdardır. Bu proseslərin məntiqi davamı kimi ölkə məhkəmələrində “Elektron Məhkəmə” İnformasiya sisteminin tətbiqi muxtar respublika məhkəmələrinin fəaliyyətində blokadanın izlərinin minimuma endirilməsi baxımından çox faydalı olmuşdur. Belə ki, məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət etmək imkanı əldə etmişlər. Vətəndaşlar günün tələblərinə uyğun olaraq məhkəməyə ünvanlanmış ərizə və şikayətlərini Məhkəmənin internet saytının “Müraciətlər” bölməsindən istifadə etməklə elektron formada göndərmək və eyni qaydada cavab almaq imkanına malikdir.
İnkişaf edən texnoloji mühitin tələblərinə uyğun olaraq Məhkəmənin cari fəaliyyəti rəsmi internet saytı vasitəsilə azərbaycan, ingilis və rus dillərində istifadəçilərin diqqətinə çatdırılır, sosial şəbəkələrdə yaradılmış hesablar isə bu informasiyanı daha da əlçatan edir.
Məhkəmə öz fəaliyyətində yalnız ədalət mühakiməsinin həyata keçirilməsi ilə məhdudlaşmır vaxtaşırı yerli media resursları ilə sıx əməkdaşlıq edərək maarifləndirici televiziya layihələri və nəşrləri ilə muxtar respublikanın hüquq mühitinə, sosial və xeyriyyə tədbirləri ilə cəmiyyətə öz töhfələrini verir. Hüququn tətbiqi istiqamətində uzunmüddətli fəaliyyətin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin həm də gənc hüquqşünasların yetişməsi üçün “məktəb” rolu oynamasına şərait yaradır. Fəaliyyət göstərdiyi bölgədə hüquqşünas yetişdirən yeganə təhsil ocağı olan Naxçıvan Dövlət Universiteti ilə 2023-cü ildə bağlanmış birgə əməkdaşlığa dair Memoranduma uyğun olaraq müxtəlif layihə və proqramlarla tələbə və məzunların iş mühitinə hazırlanmaları üçün öz əvəzedilməz töhfəsini davam etdirir.
Dövlətin, cəmiyyətin və hüquqi mühitin inkişafına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi də inkişaf edir. Müqayisə üçün qeyd edək ki, əgər 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədr və müavindən başqa, 3 hakim və 11 məhkəmə aparatı işçisindən ibarət olmuşdursa, hazırda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində sədr və müavindən başqa 12 hakim və 70 məhkəmə aparatı işçisi fəaliyyət göstərir.
Bir tərəfdən qanunvericiliyə gətirilən yeniliklər, digər tərəfdən isə məhkəmələrin maddi təminat məsələlərinə göstərilən diqqət, o cümlədən hakimlərin, məhkəmə personalının iş şəraitinin müasir meyarlar səviyyəsinə çatdırılması muxtar respublikada fəaliyyət göstərən məhkəmələr, eləcə də 100 illik qocaman tarixə malik Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi üzrə vəzifələrin keyfiyyətlə yerinə yetirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiə olunmasına xidmət edir.