^

"İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilib.

 

İyun ayının 8-də Naxçıvanda Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Mediasiya Şurasının təşkilatçılığı ilə "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini Müşfiq Həsənov konfransda çıxış edib. O bildirib ki, vəkilliyin əsas missiyası insan hüquq və azadlıqlarının müdafiəsini həyata keçirməkdir. Təcrübə göstərir ki, vəkilin iştirak etdiyi işlərdə məhkəmə araşdırması daha səmərəli və operativ aparılır. M.Həsənov qeyd edib ki, mediasiya institutu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bir çox hallarda mediatorun fəaliyyəti nəticəsində mübahisə məhkəməyə çatmadan həll olunur. Vəkillər və mediatorlar nə qədər hazırlıqlı və peşəkar olsalar, ədalət mühakiməsinin həyata keçirilməsinə bir o qədər böyük töhfə vermiş olacaqlar".

Qeyd edək ki, tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, hər iki qurum rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri, Muxtar Respublikasının rəsmi şəxsləri, hakim və vəkillər, mediatorlar, müəllimlər, tələbələr, eləcə də media əməkdaşları iştirak ediblər.