^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində yeni təyin olunmuş və təqaüdə yola salınmış hakimlərlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası  Ali Məhkəməsində yeni təyin olunmuş və təqaüdə yola salınmış hakimlərlə görüş keçirilib.

2025-ci il oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasovun Tərtər Rayon Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi İlham İbrahimovun Kəngərli Rayon  Məhkəməsinin sədri təyin olunmaları və Kəngərli Rayon  Məhkəməsinin sədri Zülfüqar Əhmədovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin sədri Səadət Bəktaşi Zülfüqar Əhmədovun 2008-ci ildən hakim kimi çalışdığını, 2018-ci ildən isə Kəngərli Rayon Məhkəməsinin sədri kimi fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb. Onun peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyi vurğulanıb.

Həmçinin Səadət Bəktaşi  hakimlər Fərman Abbasov və İlham İbrahimovun yeni vəzifəyə təyin olunmaları ilə əlaqədar onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Hakimlər isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.