^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi şəhid ailələrini ziyarət edib

 

 “Konstitusiya və Suverenlik İli” və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə Ali Məhkəmənin kollektivi Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Məhkəmənin bir qrup əməkdaşı Vətən müharibəsi şəhidləri Rəhman Əjdərovun, Abbasəli İsmayılovun və Şəhriyar Məmmədovun ailələri ilə görüşüb, şəhidlərin əziz xatirələrini yad ediblər. Görüşlər zamanı bildirilib ki, Vətən müharibəsi və Antiterror əməliyyatında Müzəffər Ordumuz Ali Baş komandan İlham Əliyevin başçılığı ilə Qarabağı və ətraf rayonları azad etməklə 30 illik işğala son qoydu. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərdilər. Vurğulanıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.

Sonra şəhidlərimizin keçdikləri döyüş yolundan, xatirələrindən söhbət açılıb. Hər bir şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə, mərdliyə malik olduqları, cənab Ali Baş Komandanın döyüş əmrinə necə sevinclə qoşulduqları vurğulanıb.

Şəhidlərimizin ailələri dövlətimizin qayğısını daim öz üzərlərində hiss etdiklərini, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Kollektiv üzvləri şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, şəhid Abbasəli İsmayılov Qubadlı rayonu, şəhid Şəhriyar Məmmədov Xocavənd rayonu, şəhid Rəhman Əjdərov Şuşa uğrunda döyüşlərdə şəhid olmuşlar.