^

Cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi “sosial ədalətin bərpası” prinsipi müstəvisində

 

(Naxçıvan MR Kommersiya Məhkəməsinin hakimi Qabil Məmmədova  məxsus məqalə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Bülleteninin 2024-cü il üzrə çap edilmiş 2-ci sayında dərc olunmuşdur.)

 

Sosial azadlıq, ədalət, bərabərlik və humanizm ideyaları lap qədimdən hüququn fundamental prinsipləri kimi çıxış edir. Lakin bu o demək deyildir ki, hüququn prinsipləri onun digər tərkib elementləri ilə əbədi vəhdətdə olub, onun ayrılmaz xassələrini ifadə edirlər. Təbii hüquq nəzəriyyəsi məhz belə mövqedən çıxış edərək hüququn yuxarıda sadalanan ideyalardan ayrılıqda mövcud ola bilməsini obyektiv olaraq qeyri-mümkün hesab edir. Təsadüfi deyildir ki, adı çəkilən hüquq nəzəriyyəsi “Qanunun ədalətli olmasını hüquq prezumpsiya kimi deyil, hüquqi aksioma kimi qəbul edir.

Təbii hüquq nəzəriyyəsinin bu müddəaları nə qədər cəlbedici görünsə də, əslində idealda, təsəvvür olunan hüquq üçün xarakterik bir şey olub, real hüquq üçün ayrılmaz bir xassə kimi çıxış edə bilməz. Çünki dövlət və hüququn bu məlum olan tarixi belə mütləq qanunauyğunluğun mövcudluğu barədə heç nə demir. Ancaq buna baxmayaraq, təbii hüquq nəzəriyyəsinin göstərilən müddəaları mühüm əhəmiyyət kəsb edir. Belə ki, həqiqətən də azadlıq və ədalət, bərabərlik və humanizm ideyalarından ayrılıqda hüquq öz mahiyyətini əldə edə və reallaşdıra bilmir.

Bu ideyalar insanın ruhi-mənəvi tələbatlarına cavab olaraq yaranmış və onun cəmiyyətdə şəxsiyyət kimi formalaşa bilməsi cəmiyyətin bu dəyərlərə hansı səviyyədə sahib çıxa bilməsindən bilavasitə asılıdır.

Cəmiyyətin bu dəyərlərin daşıyıcısına çevrilməsində pozitiv qanunvericilik əsas rol oynayır. Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə əksər məsələlərin hüquq vasitəsi ilə nizama salınması həmin institutların mövcudluğunu birbaşa hüquqdan asılı vəziyyətə salır. Yəni hüququn əsas ifadə vasitəsi kimi qanunlar hüquqi olmazsa, nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət yarana bilməz. Qanunların hüquqi olması isə onların hüququn fundamental ideyaları ilə vəhdət halına gəlməsindən asılıdır ki, bu da qanunverici tərəfindən həyata keçirilir. Elə bu səbəbdəndir ki, hüququn əsas ideyalarını özündə ehtiva edən prinsipial müddəalar hər bir normativ-hüquqi aktın birinci fəslində öz əksini tapır. Buradan belə qənaətə gəlmək olur ki, hüququn ideyalarını əks etdirən prinsiplər birinci növbədə qanunvericiliyə ünvanlanır. Yəni ki, hələ qanun qəbul edilməmişdən əvvəl, hüququn prinsipləri qanunvericinin norma yaratmaq fəaliyyətini tənzim etməyə başlayır. Əgər qanunverici normativ-hüquqi aktın məqsəd və vəzifələrini müəyyənləşdirərkən, sıravi normaları qəbul edərkən prinsipləri rəhbər tutmazsa, onda qəbul ediləcək qanunun ədalətli olması obyektiv olaraq qeyri-mümkün olur. Bu qanunauyğunluğun nəzərə alınması qəbul ediləcək normativ-hüquqi aktların səmərəsinə dərindən təsir göstərərək, onların realizəsini əhəmiyyətli dərəcədə asanlaşdırır. Lakin təəssüf hissi ilə qeyd etmək istərdik ki, haqqında bəhs etdiyimiz mühüm qanunauyğunluq qanunlar qəbul edilərkən heç də həmişə dəqiqliklə nəzərə alınmır.

Konkret faktlara müraciət etmək yerinə düşərdi.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “AR CM”) 8.1-ci maddəsində deyilir: “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində isə qeyd olunur: “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir”.

Göründüyü kimi, AR CM-in ədalət prinsipini və cəzanın məqsədlərini əks etdirən maddələri bir-biri ilə üzvü əlaqədə olub, vəhdət yaradır. Qanunvericinin cəzanın məqsədləri sırasında sosial ədalətin bərpasını birinci olaraq vurğulaması təsadüfi olmayıb, onun prinsipial əhəmiyyət kəsb etməsindən irəli gəlir. Lakin qanunun məqsəd və vəzifələrini, prinsiplərini ehtiva edən başlanğıc normaların vəhdət təşkil etməsi onların realizəsi üçün kifayət etmir. Lazımdır ki, maddi və prosessual qanunların normaları ilə hüququn prinsipləri arasında ziddiyyət olmasın. Əks halda qanunun sıravi normaları onun prinsiplərinin realizəsinə mane ola bilir.

Məlum olduğu kimi, AR CM-in normalarının realizəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra “AR CPM”) normaları mühüm rol oynayır. Prosessual normaların iştirakı olmadan cinayət qanununun maddələri müstəqil şəkildə realizə oluna bilmir. Ona görə də, CM-in prinsip və normalarının realizəsi ilə bağlı istənilən məsələ prosessual qanunun uyğun maddələri ilə əlaqəli şəkildə araşdırılmalıdır. Belə ki, cinayət törədilərkən zərərçəkmiş şəxsə fiziki, maddi və mənəvi zərər vurula bilər. Deməli, sosial ədalətin bərpası cinayətkara onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun cəzanın təyin olunması ilə yanaşı, həm də vurulmuş ziyanın adekvat olaraq ödənilməsini ehtiva etməlidir. İlk olaraq qeyd edək ki, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ayrı-ayrı ölkələrdə fərqli cür tənzimlənir. Məsələn, ABŞ-da federal və ştat qanunvericiliyinə əsasən məhkəmələr zərərçəkənlərə zərərin əvəzini ödəməyə məcbur edə bilərlər. Bu kompensasiyaya tibbi xərcləri, psixoloji yardım və əmlak itkisi daxildir. Bundan başqa, ABŞ-da Victim Compensation Program adlı xüsusi kompensasiya proqramı mövcuddur ki, bu proqramlar dövlət tərəfindən maliyyələşdirilir və cinayət nəticəsində zərərçəkənlərə maddi dəstəyi ehtiva edir. Analoji proqram və hüquqi aktlar digər dövlətlərdə də mövcuddur. Buna Böyük Britaniyada Criminal İnjuries Compensation Authority”, Almaniyada “Victim Compensation Act”, İsveçdə “Crime Victim Compensation and Support Authority” aktını misal göstərmək olar. Qeyd olunan hüquqi aktlar bu ölkələrdə cinayətin qurbanı olmuş zərərçəkənlərin hüquqlarının təmin edilməsi və sosial ədalətin bərpası məqsədini güdür. Ölkəmizə gəldikdə qeyd edək ki, AR CPM-nin XX fəsli zərərçəkmiş şəxsə kompensasiyanın verilməsi əsasları və qaydalarını özündə ehtiva etsə də, fıkrimizcə, qanunun bu institutu ədalət prinsipi ilə heç də tam şəkildə uzlaşmır.

AR CPM-in 189-cu maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərərçəkmiş şəxs kompensasiya almaq hüququna o zaman malik olur ki, ona qarşı bu əməlin törədilməsi məhkəmənin hökmü və ya cinayət prosesini həyata keçirən orqanın yekun qərarı ilə müəyyən edilmiş olsun.

Zərərçəkmiş şəxsə verilən kompensasiyanın məbləği törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq aşağıdakı kimi müəyyən edilmişdir:

1) xüsusilə ağır cinayətin törədilməsi yolu ilə vurulmuş ziyana görə  - üç yüz otuz manat;

2) ağır cinayətin törədilməsi nəticəsində vurulmuş ziyana görə - yüz altmış beş manat;

3) az ağır cinayətin törədilməsinə görə vurulmuş ziyana görə - əlli beş manat;

4) böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə - on bir manat.

Göstərilən kompensasiya məbləğləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərərçəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya ödənilməsi məsələsi zərərçəkmiş şəxsin ərizəsi əsasında məhkəmə tərəfindən həll edilir.

AR CPM-in 191.2-ci maddəsinə görə: “Zərərçəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirən məhkəmə, həmçinin, kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir”.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, bu məsələdə kifayət qədər ziddiyyətli vəziyyət mövcuddur. Bu da ondan irəli gəlir ki, qanunverici haqqında bəhs etdiyimiz institutu formalaşdırarkən cinayət prosesinin prinsiplərini, birinci növbədə, ədalət prinsipini rəhbər tutmamışdır. Yaxud rəhbər tutsa da, onun məzmununu yetərincə nəzərə almamışdır. Əks halda belə bir ziddiyyətli şərait yaranmazdı. Təəccüb doğuran hal odur ki, qanunverici AR CPM-in 189-cu maddəsində “... vurulmuş ziyana görə zərərçəkmiş... ifadəsi ilə nəyin nəzərdə tutulduğu birmənalı şəkildə başa düşülən deyil. Əgər bu maddəni AR CPM-in 181.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh etsək, onda belə güman etmək olar ki, qanunverici cinayət nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyasını nəzərdə tutmuşdur. Ancaq göstərilən maddələrin məzmunu birmənalı şəkildə belə qənaətə gəlməyə imkan vermir. Çünki AR CPM-in 181 -ci maddəsinə (“Mülki iddia vermək hüququ olan şəxslər”) görə, “əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır:

- ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda;   

- ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.

Gördüyü kimi, qanunverici vurulmuş ziyan dedikdə, şəxsin əmlak vəziyyətində cinayətin törədilməsi ilə bağlı neqativ dəyişiklikləri nəzərdə tutur. İstinad etdiyimiz 189-cu maddədə isə Cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə zərərçəkmiş şəxsə əvəzin ödənilməsindən bəhs edilir. Belə çıxır ki, şəxsin çəkdiyi zərər onun əmlakına vurulmuş maddi ziyanla əlaqəli olmalıdır. Əgər qanunverici, bizim güman etdiyimiz kimi, 189-cu maddədə mənəvi zərəri nəzərdə tutmuşsa, onda həmin zərərin yalnız vurulmuş maddi ziyanla əlaqələndirilməsi ağlabatan deyildir. Birincisi, mənəvi zərərin yalnız maddi ziyanla əlaqələndirilməsi məntiqə uyğun deyil. İkincisi, şəxsiyyətin həyat və azadlıqları, cinsiyyət azadlığı və toxunulmazlığı əleyhinə yönəlmiş cinayətlərdə şəxsin əmlakına heç bir ziyan vurulmur. Belə olan surətdə, qanunvericinin məntiqi ilə yanaşsaq, bu halda zərərçəkmiş şəxsə mənəvi zərər vurulmur və ona kompensasiya ödənilməməlidir.

Burada bir məqama da diqqəti cəlb etmək yerinə düşərdi. İstər qanunvericilikdə, istərsə də cinayət hüququ və cinayət prosesi nəzəriyyəsində bir çox hallarda anlayışlar və terminlər dəqiqliklə öz mənasına uyğun şəkildə və yerində istifadə olunmur. Məsələn, hörmətli professor M.Ə.Cəfərquliyevin “Azərbaycan Respublikasının cinayət prosesi” dərsliyində “maddi ziyan” anlayışı ilə yanaşı mənəvi ziyan” anlayışı da işlədilir. Müəllif yazır: cinayət mühakimə icraatı zamanı dövlət əmlakının mühafizəsi, habelə mülki iddia vermək hüququ olan fiziki şəxsin öz qanuni mənafelərini şəxsən müdafiə etmək imkanı olmadıqda onların hüquqlarının müdafiəsi üçün mülki iddia verir və onu müdafiə edir. Lakin mənəvi ziyanın ödənilməsinə dair iddianı prokuror yalnız zərərçəkmiş şəxsin xahişi ilə verə bilər”. Şübhəsiz ki, anlayış və terminlərlə bu cür ehtiyatsız davranış yolverilməzdir. Cinayət hüquq nəzəriyyəsində ziyan dedikdə, cinayət nəticəsində yaranmış ictimai təhlükəli nəticələr başa düşülür. Həmin nəticələr cinayətin törədildiyi müxtəlif sahələrdə (mülkiyyət, həyat və sağlamlıq, azadlıqlar əleyhinə və s.) baş verən dəyişikliklər şəklində təzahür edir. Bu dəyişikliklər mülkiyyətə və maddi maraqlara, mənafelərə vurulan ziyan, sağlamlığa və mənəviyyata yetirilən fiziki və mənəvi zərər şəklində təzahür edə bilər. Cinayət qanunvericiliyində də qanunverici ictimai təhlükəli nəticələrdən bəhs edərkən mülkiyyətə qəsd edən tərkiblərdə “ziyan” həyat və sağlamlıq, mənəviyyat əleyhinə yönəlmiş cinayətlərdə isə “zərər” anlayışından istifadə edir (məsələn, sağlamlığa qəsdən ağır (m. 126), az ağır (m. 127) zərər vurma). Aparılan təhlildən belə qənaətə gəlmək olur ki, “ziyan” anlayışı daha geniş olub özündə cinayət nəticəsində yaranmış ictimai zərərli nəticələri ehtiva edir. Deməli, mənəvi zərər “maddi ziyan” anlayışı ilə əlaqəli olub, onu konkretləşdirir. Ancaq nəzərə almaq lazımdır ki, maddi ziyandan fərqli olaraq, “mənəvi zərər” bilavasitə obyektiv təzahürə malik deyildir. Bu daha çox subyektiv qiymətləndirmənin nəticəsi kimi çıxış edir. Ona görə AR CPM-in 181.6-cı maddəsi mənəvi zərərin ödənilməsinə dair iddianı prokurorun öz təşəbbüsü ilə deyil, yalnız zərərçəkmiş şəxsin xahişi ilə verə bilməsini nəzərdə tutur. Təsadüfi deyildir ki, cinayət qanunvericiliyində də əsasən mənəvi zərər vura bilən tərkiblərdə (məsələn, təhqir, böhtan və s.) ictimai təhlükəli nəticələri zəruri əlamət kimi tərkibə daxil etmir. Çünki bu halda vurulmuş mənəvi zərərin, məsələn, şərəf və ləyaqətin alçaldılmasını, dərinliyini, miqyasını sübut etmək qeyri-mümkündür. Hesab edirik ki, AR CPM-in haqqında bəhs etdiyimiz institutu (189, 190, 191-ci maddələri) qeyd olunanlar və aşağıda göstərilən təkliflərimiz nəzərə alınmaqla yenidən işlənərsə, daha təkmil olardı.

Birincisi, bu institut təkcə mənəvi zərərə görə deyil, həm də maddi ziyana görə kompensasiyanı ehtiva etməlidir (maddi ziyanla bağlı mülki iddia verilməsi hüququnun və onun realizəsinin 179-188-ci maddələrdə nəzərdə tutulması belə qənaətə gəlməyə əsas verir). İkincisi, kompensasiyanın məbləği yalnız vurulmuş maddi ziyanla bağlı dəqiq rəqəmlərlə ifadə edilməlidir. Üçüncüsü, həmin rəqəmlər ağlabatan olmalıdır. Məsələn, tutaq ki, cinayətlərin kateqoriyasına uyğun olaraq: a) xüsusilə ağır cinayətlərə görə 1.000 manatdan az olmamaq şərti ilə; b) ağır cinayətlərə görə 700 manatdan az olmamaq şərti ilə; c) az ağır cinayətlərə görə 500 manatdan az olmamaq şərti ilə; ç) böyük ictimai təhlükə törətməyən cinayətlərə görə isə 250 manatdan az olmamaq şərti ilə dövlət büdcəsinin hesabına ödənməlidir. Dördüncüsü, mənəvi zərərlə bağlı ödəniləcək kompensasiyanın məbləği zərərçəkmiş şəxs tərəfindən müəyyənləşdirilməli və yekun qərarı məhkəmə obyektiv və subyektiv halları nəzərə almaqla qəbul etməlidir və s. Vurulmuş maddi ziyanla bağlı kompensasiyanın ödənilməsi AR CPM-in “Cinayət mühakimə icraatında mülki iddianı nəzərdə tutan XIX fəsli ilə heç bir ziddiyyət təşkil etmir. Ən azından ona görə ki, AR CPM-in 181.2.4-cü maddəsinə görə mülki iddia verilmiş şəxs mənəvi ziyanın ödənilməsini də tələb edə bilər. Yəni mənəvi zərərlə bağlı paralelizmi qanunverici özü nəzərdə tutmuşdur. Göstərilən maddə yenə də belə güman etməyə əsas verə bilər ki, qanunverici AR CPM-in 189-191-ci maddələrində həm maddi ziyana, həm də mənəvi zərərə görə kompensasiyanın ödənilməsini nəzərdə tutmuşdur.

Belə olan təqdirdə AR CPM-in 190-cı maddəsində müəyyən edilmiş məbləğlər, azlıq təşkil edir. Maddi ziyana görə kompensasiyanın ödənilməsinin dəqiq rəqəmlərlə göstərilməsi ona görə zəruridir ki, bir çox hallarda cinayətkarın mülki iddiada ona qarşı irəli sürülmüş tələbləri ödəməsi obyektiv olaraq onun imkanı xaricində olur. Bəzi cinayətlərin törədilməsi zamanı isə cinayətkar hazırlıq mərhələsində gələcəkdə ona qarşı irəli sürülə biləcək mülki iddianın icrasız qalması üçün bütün zəruri tədbirləri görürlər. Belə hallar vəzifə və mülkiyyət əleyhinə törədilən cinayətlərlə bağlı (əsasən də rüşvətxorluq və dələduzluq) geniş yayılmışdır. Son dövrün məhkəmə təcrübəsi də onu göstərir ki, ağırlaşdırıcı hallarda törədilən dələduzluq cinayətləri ilə bağlı verilmiş mülki iddialar üzrə çıxarılmış hökm və qərarlar icra olunmamış vəziyyətdə qalır. Çünki dələduzlar cinayəti etməmişdən əvvəl onların adına qeydiyyatda olan bütün növdən olan əmlakları mülkiyyətlərindən çıxarırlar. Dələduzluq yolu ilə əldə olunmuş əmlak, pul və ya mülkiyyət isə ittiham hökmü çıxarılana qədər israf edilmiş olur. Faktiki olaraq zərərçəkmiş şəxsin iddiası mülkiyyəti olmayan şəxsə ünvanlanır və ödənilməmiş qalır. AR CM-in Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməyə” görə məsuliyyət nəzərdə tutan 306-cı maddəsi isə göstərilən əməlin qərəzli olaraq törədilməsini nəzərdə tutur. Yəni subyekt bilərəkdən ya məhkəmə aktını yerinə yetirmə vəzifəsindən yayınır, yaxud həmin aktın yerinə yetirilməməsi üçün maneçiliklər yaradır. Təbii ki, bu hərəkətlər məhkəmənin hökmü və ya qərarı çıxarıldıqdan və qanuni qüvvəyə mindikdən sonra edilməlidir. Ona görə də dələduzun uzaqgörənliklə etmiş olduğu hazırlıq hərəkətləri cinayət qanunu baxımından cinayətə hazırlıq kimi tövsif edilə bilməz. Ona görə də belə hallarda təqsirləndirilən şəxs yalnız AR CM-in 178-ci maddəsinin uyğun bəndləri ilə cinayət məsuliyyətinə cəlb oluna bilər. Yəni faktiki olaraq cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunsa da həmin cinayət nəticəsində zərərçəkmişə vurulmuş maddi ziyan ödənilməmiş qalır. Mahiyyət etibarı ilə bu, cinayət nəticəsində pozulmuş sosial ədalətin bərpa olunmadan qalması deməkdir. Təsadüfi deyildir ki, cəzanın ideyasını intiqam, yəni cinayətlə vurulmuş zərərin əvəzinin çıxılması, ödənilməsi təşkil edir. Göstərilən halda cinayətkarın azadlıqdan məhrumetmə növündə cəzaya məruz qalması onun tərəfindən pozulmuş ədalətin tam bərpası anlamını verə bilməz. Cinayətdən zərərçəkmiş şəxsi, birinci növbədə, ona münasibətdə yaranmış ictimai zərərli nəticələrin aradan qaldırılması maraqlandırır. Təbii ki, seçim qarşısında qalarsa, zərərçəkmiş şəxs dələduzluq etmiş cinayətkarın azadlıqdan məhrum edilməsinə deyil, əksinə azadlıqda qalıb ona vurmuş olduğu ziyanı ödəməsinə üstünlük verər. Fikrimizcə, cəzaçəkmə müəssisələrinin islah əmək düşərgələrinə çevrilmə vaxtı çoxdan gəlib çatmışdır. Cəzaçəkmə müəssisəsində uyğun əmək fəaliyyəti ilə məşğul olması həm cinayətkarların sürətlə islah olunmasına öz müsbət təsirini göstərər, həm də cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı problemləri aradan qaldırmaq mümkün olardı. Ancaq yaxşı olardı ki, cinayətkarın hesabına onun vurmuş olduğu zərəri ödəmək mümkün olmadıqda, həmin maddi ziyan dövlət büdcəsindən ödənilsin, sonra isə cəzanın realizəsi prosesində məhkum olunmuş şəxs işləyərək dövlətin borcunu qaytarsın. Məsələnin bu cür həlli zərərçəkmişin mənafelərinin qısa müddətə təmin edilməsi baxımından daha məqsədəmüvafiqdir. Bundan başqa, dələduzluq və digər maddi ziyan vurulması ilə müşayiət olunan cinayətlərlə bağlı zərərin ödənilmədiyi hallar üçün cəzanın sərtləşdirilməsi mexanizmi də qanunda nəzərdə tutulmalıdır. Əks halda mövcud vəziyyət bu qəbildən olan cinayətlərin sayını daha da artıra bilər.

Həmçinin bu xarakterli mülki iddianın verilməsinə görə tələb olunan rüsuma münasibətdə hesab edirik ki, cinayət mühakimə icraatında mülki iddianın verilməsinə görə rüsum ödənilməməlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində deyilir.

“Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. (birinci hissə)

“Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. (ikinci hissə)

“Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. (üçüncü hissə)

“Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. (dördüncü hissə)

Göründüyü kimi zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Zərərin ödənilməsini tələb etmək hüququ vardır deyiləndə rüsumsuz tələb hüququ nəzərdə tutulur.

Şəxs cinayətdən hansı formada (fiziki, maddi, mənəvi) zərər çəkməsindən asılı olmayaraq cinayətin qurbanı sayılır. Cinayətdən müdafiə” deyiləndə yalnız cinayətkarın cəzalandırılması deyil, həm də qurbanın pozulmuş mülki, əmək və digər hüquqlarının ilk növbədə cinayətkarın hesabına bərpası nəzərdə tutulur.

Ədalət mühakiməsinə çatımlılıq və ədalətli davranış, restitusiya, kompensasiya və sosial yardımın bərpasında cinayət qurbanına münasibətdə dövlətin öhdəlikləri müəyyən edilir. Bu öhdəliklərin vahid məqsədi cinayət qurbanının maksimum müdafiəsini təmin etməkdən ibarətdir. Qurban kompensasiyanı hüquqpozucudan və ya digər mənbələrdən tam həcmdə ala bilmədikdə bir sıra cinayətlərə görə dövlət ona maliyyə kompensasiyası verilməsi üçün tədbirlər görməlidir. Fikirimizcə, cinayətkara qarşı iddia verən qurbandan dövlət büdcəsinə pul (rüsum) tələb edilməsi müəyyən edilmiş öhdəliklərə uyğun gəlmir.

Bundan başqa, mülki tələb üzrə iddianın təmin edilməsi barədə məhkəmə qərarı müxtəlif səbəblərdən (cinayətkarın maddi vəziyyətinə, uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və digər) icra edilməyə bilər. Dövlət orqanının fəaliyyətinin maliyyələşdirilməsi üçün cinayət qurbanından rüsum tələb edilməsi ağır vəziyyətdə olan şəxsin vəziyyətini daha da ağırlaşdırır. Zənnimizcə mülki qaydada mübahisələrlə cinayət nəticəsində yaran mülki tələblərə yanaşma fərqli olmalıdır. Cinayət təqibinin başlanması rüsumsuz olduğundan bu səbəbdən iddia verilməsinə görə də rüsum tələbi məntiqsizdir. Çünki hər iki halda cinayət nəticəsində pozulmuş hüquqların müdafiəsinin bərpası tələb olunur.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanununda da hüquqların pozulması ilə əlaqədar iddia verilərkən rüsumdan azad olunmalar nəzərdə tutulub. Qanuna görə cinayətdən zərərçəkənin dövlət rüsumundan azad olunmamasını ədalətli hesab etmək olmaz. Qeyd olunmalıdır ki, hətta tələbdən asılı olaraq rüsum ödəmək belə qurbanın vəziyyətini ağırlaşdırır.

Bundan başqa, iddia tələbinə əsasən rüsum ödənilməli olsa, həmin iddia üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayətlərinə görə də rüsum tutulması tələb olunur. Belə olan halda cinayət qurbanı narazı qaldığı məhkəmə aktlarını mübahisələndirmək üçün yenidən rüsum ödəməli olacaq, nəticədə isə onun vəziyyəti daha da ağırlaşacaq.

Beləliklə, rüsum dövlət orqanlarının göstərdiyi xidmətə görə ödənilən haqdır, bütün hallarda rüsum ödənilir, lakin zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edərkən ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna rüsumun tətbiq edilməsi ədalət prinsipi ilə uzlaşmır.

 

  

İstifadə edilmiş ədəbiyyat siyahısı

 

1.        Azərbayan Respublikasının Konstitusiyası, Bakı 2023.

2.        Azərbayan Respublikasının Cinayət Prosessual Məcəlləsi. Bakı, Hüquq Yayın Evi, 2023.

3.        Azərbaycan  Respublikası  Cinayət Prosessual Məcəlləsinin  Kommentariyası, Bakı, Digesta nəşriyyatı, 2016.

4.        Mirağa Cəfərquliyev. Azərbaycan Respublikasının Cinayət Prosesi. Dərslik. “Qanun” Nəşriyyatı. Bakı: 2008.

5.        Azərbayan Respublikasının Cinayət Məcəlləsi. Bakı, Hüquq Yayın Evi, 2023.