^

Ədalət mühakiməsinin həyata keçirilməsi müstəvisində süni intellektin tətbiqi: dünya təcrübəsində qarşılaşılan mövcud problemlər və gələcək perspektivlər

 

(Naxçıvan MR Ali Məhkəməsinin əməkdaşı Yunis Xəlilova məxsus məqalə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Bülleteninin  2024-cü il üzrə çap edilmiş 2-ci sayında dərc olunmuşdur.)

 

 

Yüksək sürətlə inkişaf edən digitalizasiya prosesi son illərdə həyatımıza ağılasığmaz yeniliklər gətirmişdir: rəqəmsal təhsil, rəqəmsal pul, rəqəmsal səhiyyə, rəqəmsal vətəndaşlıq və s. Planetimizdə tamamilə rəqəmsal cəmiyyətin meydana gəldiyini söyləməyin hələ tez olmasına baxmayaraq, hər halda bu prosesin hiss olunmadan baş verən çeviklik göstəricisi spesifik qaydaları olacaq belə bir cəmiyyətin gələcəkdə yaranacağını labüd edir. Bunun üçün indidən yubanmadan müəyyən profilaktik işlər görməyin zəruriliyini anlayan dünya dövlətlərindən bəziləri “Süni intellektə dair Milli Strategiyaları”nı artıq müəyyən müddət olar ki, qəbul ediblər. Məsələn, 2018-ci ildə Hindistanda sözügedən strategiya qəbul olunub. 2019-cu ilin oktyabrın 10-da Rusiya Federasiyasının Prezidenti 490 nömrəli qərarı ilə “2030-cu ilə qədər olan dövr üçün Süni intellektin inkişafına dair Milli Strategiya”nı təsdiq edib. Türkiyədə də dövlət başçısının Rəqəmsal Transformasiya İdarəsi və Sənaye və Texnologiyalar Nazirliyi ilə birgə və bütün aidiyyəti tərəflərin fəal iştirakı ilə hazırlanmış “2021-2025-ci illər üçün Milli Süni İntellekt Strategiyası” Prezidentin 2021/18 nömrəli sərəncamı ilə təsdiq edilərək qüvvəyə minib .

“Süni intellektə dair Milli Strategiyalar” Kanada, Çin, Danimarka, Finlandiya, İtaliya, Yaponiya, Meksika, Sinqapur, Cənubi Koreya, İsveç, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə də qəbul edilmişdir. Ölkəmizə gəldikdə, qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilmiş II Qlobal Media Forumunda çıxış edərkən deyib: “Biz yeni reallıqlarla qarşı-qarşıyayıq. Süni intellektin inkişafı, informasiyanın sosial şəbəkələrdə yayılması zamanı onun imkanlarının tətbiqi ola bilər ki, gələcəkdə, biz bunu artıq bu gündə müşahidə edirik, nizamlamayan nəticələrə gətirib çıxarsın”... “Bəlkə də süni intellektlə bağlı qanunvericilik, tənzimləyici və ya konvensiya bazasının işlənib hazırlanması barədə düşünməyin vaxtı çatıb” . Bu sözlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə sözügedən proses mütləq ölkəmizdə də geniş vüsət alacaqdır.

Düşünürük ki, ölkəmizdə xüsusilə hüquqşünaslıq ixtisasları olan universitetləri¬mizdə “süni intellekt hüququ”, “internet hüququ” adlı hüquq sahələri tədris olunmalıdır. Bu, zərurətdən qaynaqlanır. Xarici ölkələrin universitetlərində bu fənlər artıq neçə illərdir ki, tədris edilir. Hətta bəzi ölkələrin (məsələn, Türkiyənin) universitetlərində süni intellekt hüququna dair praktiki məşğələlərin keçirildiyi hüquq texnologiyaları laboratoriyaları (“Legal Tech Labs”) fəaliyyət göstərir. Bu laboratoriyalar hüququn innovativ texnologiyalarla inteqrasiyasına töhfə verməyi qarşılarına məqsəd qoyublar. Həmin laboratoriyalar hüquq təhsili, hüquqi tədqiqat və hüquqi xidmət sahələrində texnoloji yeniliklərdən istifadəni təşviq etməyi hədəf olaraq müəyyən ediblər. Bu cür lobarotoriyalara ABŞ-da “Harvard Law School's Berkman Klein Center for Internet & Society”ni və “CodeX - Stanford Law School's Center for Legal Informatics”ni, Kanadada “University of Toronto's Legal Innovation Zone”ni, Almaniyada “Leibniz University Hannover's Legal Tech Lab”ı, Böyuk Britaniyada “University College London (UCL) Laws’ Centre for Ethics and Law in Emerging Technologies”i və “Legal Innovation Lab Wales at Swansea University”ni misal göstərmək olar. “Hüquq texnologiyaları laboratoriyaları” dünyanın bir sıra başqa ölkələrində (Türkiyə, Rusiya və s.) də fəaliyyət göstərən universitetlərdə yaradılıbdır.

Bu laboratoriyalarda tələbələr və hüquq mütəxəssisləri hüquqi innovasiyalar, data analitikası, süni intellektin hüquqda tətbiqi, rəqəmsal hüquqi xidmətlər və digər texnologiya əsaslı hüquqi həll yolları üzərində çalışır. Bu cür laboratoriyalar, həmçinin hüquq sahəsində süni intellektin və digər texnologiyaların etik və hüquqi təsirlərinin dəyərləndirilməsi üçün vacib platforma yaradır.

Azərbaycana gəldikdə, ölkəmizdə hüquq texnologiyaları (“Legal Tech”) laboratoriyaları hələ geniş şəkildə tətbiq edilməsə də, son illərdə bu sahədə müəyyən müsbət addımlar atılır. Azərbaycanda hüquq texnologiyaları sahəsində inkişaf etmək üçün müəyyən potensial mövcuddur, xüsusilə də süni intellektin hüquqi analizlərdə istifadəsi, hüquqi sənədlərin avtomatlaşdırılması və rəqəmsal hüquqi xidmətlərin yaradılması sahəsində bunu demək olar.

Hazırda dünyada çox sürətlə gedən rəqəmsallaşma prosesi və süni intellektin demək olar ki, hər sahəyə inteqrasiya etməsi prosesi ədalət mühakiməsindən də yan keçməmişdir. Maraqlıdır ki, 2017-ci ildə bir jurnalist ABŞ-ın Ali Məhkəməsinin baş hakimi Con Qlover Robertsdən “süni intellekt dəstəkli ağıllı maşınların məhkəmə qərarlarının hazırlanmasında köməklik göstərəcəyi bir günü nə vaxtsa görəcəyikmi?” sualını verdikdə, baş hakimin “o gün artıq çoxdan reallaşmağa başlamışdır”  - deməsi süni intellektin məhkəmə sistemində tətbiqinin hansı mərhələdə olduğunu ortaya qoyur. Təsadüfi deyil ki, informasiya texnologiya vasitələri ilə uzaqdan məhkəmələrə giriş etmək imkanını təmin edən elektron sistemlər hazırda bir sıra ölkələrdə tətbiq olunur. Bu ölkələrə ABŞ, Kanada, Avstraliya, İngiltərə, Sinqapur, Malayziya və digər ölkələri nümunə göstərmək olar.

Bəzi müəlliflər haqlı olaraq düşünür ki, ədalət mühakiməsinin həyata keçirilməsində elektronlaşmanın sonrakı etapı məhkəmə proseslərinin bütün mərhələlərinin onlayn tətbiq edilməsi və məhkəmə qərarlarının da süni intellekt tərəfindən qəbul edilməsi olacaqdır .

Sürətli bir şəkildə dayanmadan inkişaf edən süni intellekt texnologiyası hazırda məhkəmələrdəki iş yükünün azaldılması, işlərə baxılarkən süründürməçilik hallarının aradan qaldırılması, məhkəmə xərclərinə qənaət edilməsi kimi problemlərin effektiv həlli üçün ən rasional alternativ kimi qəbul edilir. Lakin buna baxmayaraq, süni intellektin məhkəmə sistemində tətbiqinin mühakimə icraatının aşkarlığı, onun bilavasitəliyi, obyektivliyi, qərəzsizliyi prinsiplərinin reallıqda təcəssüm etməsinə təsiri, eyni zamanda süni intellektin təyin etdiyi cəzanın təqsirləndirilən şəxsin cəzasının fərdiləşdirilməsində (xüsusilə onun peşmanlıq hissi keçirməsi, cəzanın ona və ailəsinə təsiri amili), həmçinin toplanmış sübutların qiymətləndirilməsində effektli olub-olmaması məsələləri nəzəriyyədə birmənalı qəbul edilmir və sözügedən problemlərin həllinə dair mübahisəli məqamların mövcudluğunu danmaq olmaz. Bundan başqa, süni intellektin məhkəmə sistemində tətbiqi zamanı ən qüsurlu məqamlardan biri qərəzli alqoritmlərdən istifadə ilə bağlıdır. Belə ki, özü-özünü inkişaf etdirən son nəsil süni intellekt proqramları məlum məsələdir ki, hər bir halda insan tərəfindən verilmiş məlumatlar əsasında öyrənir və özünü “yetişdirir”. Əgər bu məlumatlar qərəzli olarsa, süni intellektin də çox güman ki, qərəzli qərarlar qəbul etməsi riski vardır. Digər bir tərəfdən qeyd etməliyik ki, süni intellektdə psixoloji faktorlar, xüsusilə də insan hissləri olmadığından onda insan ünsiyyəti və vicdani qənaət çatışmazlığı vardır . Halbuki, hakimlik fəaliyyəti yalnız qanunları tətbiq etməkdən ibarət deyil, bu fəaliyyət həmçinin insani, başqa sözlə, humanist dəyərləri də əks etdirməlidir. Təəssüf ki, bu incə detal süni intellekt dəstəkli “robot hakimlər”də yoxdur.

Bu sahədəki bütün çətinliklərin olmasını qəbul etsək də, düşünürük ki, hər bir yenilikdə olduğu kimi süni intellektin də meydana çıxardığı problemlər zamanla öz müsbət həllini tapacaq və onun ədalət mühakiməsində tətbiq edilməsi məhkəmə sistemində böyük uğurların qazanılmasını şərtləndirəcəkdir.

Tarixinə nəzər saldıqda, görərik ki, süni intellekt tərəfindən həyata keçirilən məhkəmə prosesləri dünyada ilk dəfə 2017-ci ildə Çinin Hangzhou şəhərində tətbiq olunmağa başlanmışdır . Daha sonra Çinin Pekin və Guangzhou şəhərlərində də süni intellektdən məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilmişdir.

Qeyd edək ki, Pekin İnternet Mərkəzinin 27 iyun 2019-cu il tarixdə istifadəyə verdiyi onlayn məhkəmə mərkəzində xidmət edən süni intellekt olan hakim real həyatda olan həqiqi bir hakimin xarici görünüşü, səsi və davranışı model kimi götürülərək hazırlanmışdır.

Çində fəaliyyət göstərən üç süni intellekt internet məhkəməsinin yurisdiksiyasına aşağıdakılar daxildir:

- onlayn mal göndərmə və xidmətlərin göstərilməsi ilə bağlı mübahisələr

- müəlliflik hüququ ilə bağlı mübahisələr

- e-ticarətlə gerçəkləşdirilmiş alqı-satqı müqaviləsi üzrə məhsulun keyfiyyəti ilə əlaqədar yaranmış mübahisələr və s.

Çində süni intellekt məhkəməsi günün 24 saatı və həftənin 7 günü fəaliyyət göstərir. Məhkəmə proseslərinin ortalama müddəti 28 dəqiqəyə qədərdir və iddianın verilməsindən məhkəmənin yekun qərarının çıxarılmasına qədər olan təxmini müddət isə 38 günü əhatə edir .

Qeyd edək ki, süni intellekt məhkəməsi tərəfindən baxılan işlərdə sübut növü kimi əsasən blokçeyn (“blokchain”) məlumatlarından istifadə olunur. “Bloklar zinciri” anlamını verən blokçeyn rəqəmsal məlumatların xalqa açıq olan verilənlər bazasında saxlanılması sistemidir. Təsadüfi deyil ki, Çin Ali Məhkəməsi blokçeyn texnologiyası ilə təsdiqini tapan dəlillərin hüquqi mübahisələrin həllində qəbul edilən olması qənaətinə gəlmişdir.

Məhkəmə prosesi dəlillərin təqdim olunması, eləcə də izahatların dinlənilməsi də daxil olmaqla onlayn şəkildə həyata keçirilir. Ədalət mühakiməsinin üsullarına qanuni şəkildə riayət et¬mək üçün onlayn video çəkiliş sistemi vasitəsilə “üz-üzə və birbaşa ünsiyyət” prinsipi tətbiq edilir.

Süni intellekt məhkəməsində ədalət mühakiməsini süni məhkəmə kürsüsündə əyləşən və qara rəngli mantiya geyinmiş bir süni intellekt hakimi həyata keçiririr. Hakim tərəflərlə (iddiaçı və cavabdeh) görüntülü söhbət yolu ilə əlaqəyə girir. Göründüyü kimi süni intellekt məhkəməsində hakim virtual bir şəxs, tərəflər isə real insanlardır.

Məhkəmə prosesi “robot hakim”in iddiaçı tərəfindən təqdim edilən blokçeyn dəlillərinə cavabdehin hər hansı bir etirazı olub-olmadığı sualını verərək başlayır və sonda mövcud sübutlara qiymət verərək yekun qərarını verir.

Çinin rəsmi “Xinhua” Xəbər Agentliyi 2019-cu ilin mart-oktyabr aylarında baş tutmuş 31 milyondan çox məhkəmə prosesində mübahisələrin süni intellekt dəstəkli ağıllı internet məhkəmələri tərəfindən həll edildiyini bəyan etmişdir. Həmin il Çinin Ali Məhkəməsi tərəfindən yayımlanan bir icmal raportuna görə 73200 vəkillə birlikdə bir milyondan çox vətəndaş ağıllı məhkəmə sistemində qeydiyyatdan keçmişdir.

2019-cu ilin dekabr ayında Çinin Ali Məhkəməsi tərəfindən yayımlanan “Çin məhkəmələri və internet ədalət mühakiməsi” adlı hesabatda süni intellekt dəstəkli və informasiya texnologiyaları ilə bağlı olan vasitələrin məlumatlarının dəlil kimi qəbul edilməsini yolverilən hesab edən innovativ və perspektivli bir görüş irəli sürmüşdür. Belə ki, qərarda “... “Big data”, “bulud hesablama”, “blokçeyn”, süni intellekt məhkəmə proseslərində səs tanıma texnologiyası, rəqəmsal sübut təqdimatı, sənədlərin avtomatik təsdiqlənməsi, eyni zamanlı elektron qovluq yaratma, süni intellekt tərəfindən dəstəklənən işlərin idarə olunması kimi modulların tətbiq olunmasının qanunauyğun sayılan dəlillər sırasına daxil edildiyi” bildirilmişdir.

Çində süni intellektdən məhkumluq, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, şərti məhkumetmə, qətimkan tədbirləri kimi cinayət və cinayət-prosessual qanunvericiliyin institutlarının tətbiqi zamanı da istifadə olunur.

Ölkədə, həmçinin təqsirləndirilən şəxsin yenidən cinayət törətməyə meyilli olub-olmamasını ölçməyə çalışan süni intellekt proqram təminatlı “Alqoritmik risk dəyərləndirmə sistemi”ndən (“Algorithmic risk assessment systems”)  də faydalanılır.

Hazırda bu sistem ibtidai istintaq zamanı tətbiq olunan başqa ölkələrdə də (məsələn, ABŞ) hakimlərin qərar verməsinə böyük təsir göstərir. ABŞ-da məhkumların təkrar cinayət törətmə riskini hesablayan “Compas” adlı süni intellekt dəstəkli proqramdan istifadə olunur.

Nəzəriyyədə “Alqoritmik risk dəyərləndirmə sistemi”ni tənqid edərək onun bəzən yanlışlıqlara yol verməyinə və irqçi davranışlar nümayiş etdirməyinə görə ədalət mühakiməsinin həyata keçirilməsində ciddi xətalara yol verdiyini iddia edənlər də vardır.

Hazırda dünyada ədalət mühakiməsinin həyata keçirilməsində süni intellektdən istifadə olunması prosesinin sürətləndiyini deyə bilərik. Məsələn, İngiltərədə fəaliyyət göstərən “Traffic Penalty Tribunal” adlı onlayn sürücülük və yol hərəkəti üzrə cəza məhkəmələri fəaliyyət göstərir. Bu məhkəmələr sürücülərin sürücülük və yol hərəkəti üzrə cərimələri ilə bağlı mübahisələrini onlayn şəkildə həll etməyə imkan yaradır.

Estoniya, Litva və Hollandiya təcrübəsində də artıq ədalət mühakiməsinin həyata keçirilməsi zamanı süni intellektdən istifadə edilir. Estoniyada məhkəmələrdə məbləği 7000 avroya qədər olan kiçik iddialarla bağlı işlərdə süni intellektdən qərar qəbul etmə prosesində istifadə edilir. Litva məhkəmə sistemində süni intellekt oxşar xarakterli işlərin avtomatik olaraq qruplaşdırılması və kateqoriyalara ayrılması məqsədilə istifadə edilir. Bu isə hakimlərə müəyyən növ işləri daha asanlıqla tapmağa və məhkəmə qərarlarını müqayisə etməyə imkan yaradır. Hollandiyada 2010-2017-ci illərdə ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusilə boşanma işləri və vasitəçilik fəaliyyətində “e-Court” sistemi tətbiq olunmuşdur. Avropa ölkələrinin məhkəmə sistemində rəqəmsal dəlil toplanması və onların təsnif edilməsinə kömək edən “e-Doscovery” adlı, habelə ədalət mühakiməsinin sonunda veriləcək qərarları təxmin etməyə çalışan “Scotus” adlı süni intellekt proqramlarının tətbiqi geniş vüsət almışdır.

Göründüyü kimi ədalət mühakiməsində süni intellektin tətbiqinə nəzər saldıqda bu sahədə hakimə yardım edən proqramlardan tutmuş qərar layihələri hazırlayan və ya qərarları proqnozlaşdıran proqramlara və hətta birbaşa qərar qəbul edən robot hakimlərə qədər geniş spektrə malik sistemlərin mövcud olduğunu görürük .

Ümumiləşdirsək, ayrı-ayrı ölkələrin məhkəmə sistemində istifadə olunan süni intellekt dəstəkli proqramları aşağıdakı kimi qruplaşdıra bilərik:

1. Hakimə kömək edən süni intellekt dəstəkli proqramlar –

Bu cür proqramlara ilk olaraq “Sənədlərin təhlili”ni edən proqramları aid etmək olar ki, onlar hakimlərin işini asanlaşdırmaq üçün müəyyən məzmunlu sənədlərin və mətnlərin axtarışına yardım edə bilirlər. Bu proqramlar oxunması uzun zaman tələb edən iri həcmli sənədlərlə qısa zamanda tanış olmaq və onları təhlil etmək üçün geniş istifadə olunur. Məsələn, süni intellekt dəstəkli “elektron kəşf sistemləri” ilə milyonlarla sənədi tez və ucuz qiymətə araşdırmaq mümkündür.

Hakimlərə kömək edən və məhkəmə orqanlarının işini asanlaşdıra bilən ikinci növ süni intellekt dəstəkli proqramlara “Sənədlərin yaradılması” ilə bağlı olanları aid etmək olar. Bu cür proqramlar ədalət mühakiməsinin həyata keçirilməsində standartlaşdırılmış sənədlərin hazırlanması “işini görür”.

Bu proqramlardan həmçinin tərəflərin məhkəmə iclasında şifahi verdikləri ifadələrini təbii dildə işləmə (“NLP”) və səs təhlili yolu ilə protokola köçürülməsi, məhkəmə prosesi protokollarının hazırlanması, proses iştirakçılarının üz tanıma texnologiyası sayəsində and içməsi və ya etiraf xarakterli ifadə verməsi, hətta proses iştirakçılarının bədən dili, jest və mimika analizi ilə doğru danışıb-danışmadığının təxmin edilməsi kimi məsələləri nəzərdən keçirmək üçün də istifadə edilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu proqramlardan notarius fəaliyyətində (məsələn, vəsiyyətnamələr hazırlanır) və özəl şirkətlərin işlərində (məsələn, müqavilələr tərtib olunur) də faydalanılır.

2. Məhkəmə qərarlarını proqnozlaşdıran və məhkəmə qərarlarının layihələrini hazırlayan süni intellekt dəstəkli proqramlar –

Bu proqramlar presedent hüququ əsasında maşın öyrənmə texnologiyasından istifadə etməklə hakimin iş üzrə hansı hüquqi əsaslandırma əsasında qərar verəcəyini təxmin etməyə çalışırlar. Bu süni intellekt dəstəkli proqramlar öz nəticələrini induktiv şəkildə keçmişdə qəbul edilmiş məhkəmə qərarları ilə müqayisəli təhlil etməklə qəbul edirlər.

3. Birbaşa məhkəmə qərarları qəbul edən süni intellekt dəstəkli proqramlar (“Robot hakim”) -

Bu barədə yuxarıda Çin təcrübəsi haqda bəhs etdiyimizdən təkrarlıq olmasın deyə, əlavə məlumat vermirik. Təkcə, onu qeyd edirik ki, fikrimizcə, “robot hakim”in məhkəmə sistemində müstəqil şəkildə fəaliyyət göstərə bilməsi yaxın gələcəkdə cəmiyyət həyatımızda gerçəkləşməyəcəkdir. Lakin hesab edirik ki, bu, hələlik utopik bir layihə kimi görünsə də, “robot hakim”lərin müstəqil fəaliyyət göstərməsi uzaq gələcəkdə reallaşa bilər və ona görə də bu fikrə tamamilə qarşı çıxmağın düz olmadığı qənaətindəyik.

Bu gün süni intellektdən beynəlxalq məhkəmələrin təcrübəsində də faydalanılır. Nəzər salsaq, görərik ki, 2016-cı ildə ingilis alimləri tərəfindən hazırlanan süni intellekt dəstəkli “robot hakim” Avropa Məhkəməsində baxılmış işlər üzrə gəldiyi nəticələrdən 100-dən 79-nu doğru təxmin etmişdir. Qeyd edək ki, Londondakı UCL Universiteti ilə Sheffield Universitetindəki kompüter mühəndislərinin təkmilləşdirdiyi alqoritm cinayət işlərini həm hüquqi, həm də əxlaqi kriteriyalar üzrə araşdıra bilir. Alqoritmi təkmilləşdirən mühəndislər qrupu tərəfindən süni intellektin qoşulduğu kompüterə yüklənən Avropa Məhkəməsində əvvəllər baxılmış olan 584 işə fikirlər yürüdərək həll etməyə çalışan robot hakim demək olar ki, hər 5 qərardan 4-nün nəticəsini doğru olaraq təxmin etmişdir.

Bu prosesin sürətlə irəliləməsinin labüd olduğunu anlayan mütəxəssislər artıq süni intellektin ədalət mühakiməsi sistemləri və onlara aid məsələlərdə istifadəsinin qaydaları haqqında düşünməyə başlayıbdır. Belə ki, süni intellektin artan əhəmiyyətini, eləcə də ədalət mühakiməsinin  keyfiyyətini artırmaq üçün ondan istifadənin gözlənilən üstünlüklərini nəzərə alaraq Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən 2018-ci ildə “Süni intellektin ədalət mühakiməsi sistemləri və onlara aid münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası” qəbul edilmişdir. Süni intellektin məhkəmə sistemində tətbiqinin həm perspektivləri, həm də riskləri olduğunu hesab edən Avropa Komissiyasının (CEPEJ) mövqeyinə görə ədalət mühakiməsinin həyata keçirilməsində süni intellektdən istifadə olunması məhkəmələrin fəaliyyətində səmərəliliyin və keyfiyyətin yüksəldilməsinə töhfə verə bilər. Lakin bu, hər bir halda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası və “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Avropa Konvensiyasında təsbit olunan insan hüquq və azadlıqlarına təminat verilməklə həyata keçirilməlidir. Bu baxımdan süni intellektlə bağlı Avropa Etik Xartiyasında sözügedən məsələnin tənzimlənməsi ilə bağlı  aşağıdakı beş prinsip müəyyən edilmişdir:

I prinsip: Fundamental hüquqlara hörmət prinsipi – Bu prinsip süni intellektə əsaslanan və fundamental hüquqlara uyğun gələn alət və xidmətlərin işlənib hazırlanmasının və tətbiqinin təmin edilməsini nəzərdə tutur. Bu prinsip məhkəməyə çıxış hüququ, vəkildən istifadə hüququ, eləcə də çəkişmə, tərəflərin bərabərliyi, hakimlərin qərəzsizliyi və müstəqillliyi prinsiplərinin təmin olunmasına istiqamətlənmişdir.

II prinsip: Ayrı-seçkiliyin yolverilməzliyi prinsipi – Bu prinsip ayrı-ayrı şəxslər və ya şəxslər qrupları arasında hər hansı formada olan ayrı-seçkiliyin yaranmasının və bunun genişlənməsinin qarşısını almağa yönəlmişdir.

III prinsip: Keyfiyyət və təhlükəsizlik – Bu prinsip məhkəmə qərarlarının və məlumatlarının işlənməsi zamanı sertifikatlaşdırılmış mənbələrə istinadı və təhlükəsiz texnoloji mühitdə hazırlanmış modellərin tətbiqini nəzərdə tutur. Bu prinsipə əsasən maşın təlimi modellərinin layihələndirici mütəxəssisləri ədalət mühakiməsi sisteminin aidiyyəti prosessual “fiqurları” (hakim, dövlət ittihamçısı, vəkil və s.) ilə, habelə hüquq və sosial elmlər sahəsində tədqiqatçı alimlərin və müəllimlərin (iqtisadçı, sosioloq və s.) geniş təcrübəsini toplamaq imkanına malik olmalıdırlar.

IV prinsip: Şəffaflıq, qərəzsizlik və dürüstlük – Bu prinsip məlumatın işlənməsi metodlarının əlçatan və anlaşıqlı olmasını əks etdirir. Yəni hüquqi nəticələrdən və şəxslərə təsirdən asılı olaraq müəyyən emal metodlarının əqli mülkiyyətin mühafizəsi ilə şəffaflığın təmin edilməsi tələbi (işlənib hazırlanma prosesinə çıxış imkanı), neytrallıq (qərəzsizlik), loyallıq və dürüstlük (prioritet - ədalət mühakiməsinin maraqları) arasında balans tapılmalıdır.

V prinsip: İstifadəçi tərəfindən nəzarət prinsipi – Bu prinsip göstərişlərə əsaslanan yanaşmadan kənarlaşmaq və istifadəçiyə öz seçiminə görə məsul olan məlumatlandırılmış şəxs rolunda çıxış etməyə imkan verməyi ehtiva edir. Bu prinsipə görə istifadəçilərin muxtariyyəti gücləndirilməli və yalnız süni intellektə əsaslanan alətlərin və xidmətlərin istifadəsi ilə məhdudlaşdırılmalıdır. Ədalət mühakiməsi sisteminin mütəxəssisləri istisnasız olaraq hər zaman məhkəmə qərarlarına və nəticənin əldə olunması üçün istifadə edilən məlumatları yenidən nəzərdən keçirmək imkanına malik olmalıdırlar.

Azərbaycan Respublikasında ədalət mühakiməsi zamanı süni intellektin tətbiqi məsələsinə də toxunmaq məqsədəmüvafiq olardı. Qeyd edək ki, ölkəmizdə ədalət mühakiməsi zamanı süni intellekt hələlik tam tətbiq olunmasa da, sevindirici haldır ki, bu prosesə keçid başlamışdır. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmizdə hökumətin və məhkəmə sisteminin rəqəmsal transformasiyaya və məhkəmə proseslərinin avtomatlaşdırılmasına yönələn bir sıra mütərəqqi addımlar atılmış və bu gün də atılmaqdadır. Bu çərçivədə gələcəkdə süni intellektin ölkəmizdə tətbiqi üçün zəmin yaratmaq məqsədilə davamlı olaraq müxtəlif texnoloji və rəqəmsal sistemlərin yaradılması istiqamətində işlər aparılmaqdadır. Təsadüfi deyil ki, artıq ölkəmizdə tətbiq olunan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə işlərinin idarə edilməsini xeyli asanlaşdırır və müəyyən prosesləri avtomatlaşdırmağa kömək edir. Bu sistemin ehtiva etdiyi imkanlar isə aşağıdakılardır:

1.  Məhkəmə işlərinin elektron qeydiyyatı və və izlənilməsi – Proses iştirakçıları öz işlərini elektron formada qeydiyyata ala bilir və məhkəmə prosesinin gedişini rahatlıqla izləyə bilir;

2. Dəlillərin elektron qeydiyyatının aparılması – Proses iştirakçıları məhkəməyə təqdim etməli oduqları sənədləri və digər dəlilləri elektron şəkildə yükləyə bilir;

3. Video konfrans vasitəsilə iclasların keçirilməsi – Məhkəmə prosesləri zamanı video konfrans texnologiyasından istifadə edilir ki, bu da müəyyən hallarda məhkəmə işlərinin məsafədən idarə edilməsi imkan verir.

Qeyd edək ki, ötən il Şuşa şəhərində “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov süni intellektin ədalət mühakiməsinin həyata keçirilməsində tətbiqi məsələsinə toxunaraq demişdir: “Dövlətlər robototexnika, maşın öyrənməsi, süni intellekt, “Big Data” kimi sürətli dəyişən texnoloji yeniliklərin yaratdığı imkanlarla yanaşı, onların gətirdiyi müasir çağırışlarla da üzləşirlər. Bu nadir çağırışlara cavab vermək üçün dövlət strukturlarının müasir tələblərə uyğun qurulması, peşəkarlığın artırılması və innovativ texnologiyaların geniş tətbiqi və dövlət xidmətlərində çevikliyin artırılması zamanın tələbinə çevrilib” .

Beləliklə, sonda o nəticəyə gələ bilərik ki, yaxın gələcəkdə ölkəmizin məhkəmə sisteminin daha da təkmilləşdiririlməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması sahəsində səmərəli layihələrin gerçəkləşdirilməsi qaçılmazdır. Bütün bunlar isə son nəticədə ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı süni intellektdən istifadə olunmasının mümkünlüyünü deməyə əsas verir.

 

 

İstifadə olunmuş ədəbiyyatın və internet resurslarının siyahısı:

 

1. Bilgin Hikmet. “Yapay Zekânın Mahkeme Kararlarında Kullanımına Uluslararası Bir Bakış ve Robot Hâkimler Hakkında Düşünceler”, İnÜHFD, 13(2), 2022, s.405-419.

2. Mcintyre, Joe/ Olijnyk, Anna/Pender, Kieran. Civil courts and COVİD-19: Challenges and oppurtunities in Australia, Alternative Law Journal, 2020, Vol. 45 (3)

3. Paul Santosh. Will Artificial intelligence replace Judging? 25 may 2020, https://www.barandbench.com/columns/is-artificial-intelligence-replacing-judging

4. Sumer Seda Yağmur. Ceza Yargılamasının Geleceği: Robot hakim”. Dokuz Eylül Universitesi Hukuk Fakültesi Dergisi. C 23, S. 2, 2021.

5. Schlaefli Samuel. “Der Roboter dein Richter und Tröster”. https://www.cetoday.ch/news/2021-07-18/der-roboter-dein-richter-und-troester

6. Süni intellekt və robot texnikası insan hüquqları konkestində (“elmi məqalələr toplusu”). Bakı, “Elm v təhsil”, 2020

7. Yasin Aydoğdu. Hukuk Devletinin Digital Çağdaki Görünümü (Riskler, Önlemler ve Bir Öneri Olarak Robot Yargıçlar). Ankara, Seçkin Hukuk, 2023

8. https://azerbaijan-news.az/az/posts/detail/ali-mehkemenin-sedri-azerbaycanda-reqemsallasma-sahesinin-inkisafina-boyuk-onem-verilir-1717487296

9. https://azedu.az/news/81256/

10. https://cbddo.gov.tr/uyzs