^

İnzibati icraat haqqında qanun və onun tətbiqinin bəzi məsələləri haqqında mülahizələr

 

 

(Naxçıvan MR İnzibati Məhkəməsinin sədri Hicran Muradova məxsus məqalə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Bülleteninin 2024-cü il üzrə çap edilmiş 1-ci sayında dərc olunmuşdur.)

 Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Həmin məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikasında geniş sosial iqtisadi və hüquqi islahatlar həyata keçirilmiş, Azərbaycan Respublikasının qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictimai münasibətlərin hüquqi tənzimlənməsinin təmin edilməsi məqsədi ilə təkmilləşdirilmiş, yeni qanunvericilik aktları qəbul edilmişdir.

 21 oktyabr 2005-ci il tarixdə qəbul edilmiş «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ölkəmizin hüquq sistemində yenilik yaratmışdır.

 Hər iki qanunvericilik aktı 01 yanvar 2011-ci il tarixdən qüvvəyə minmişdir. “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.

Bu gün inzibati icraat real hüquqi hadisə kimi başqa hüquq sahələri ilə yanaşı qanunvericilik sistemində öz layiqli yerini tutmaqdadır, lakin inzibati icraat hüqüqunun mahiyyətinə olan baxışlar heç də birmənalı deyildir. Ölkəmizdə inzibati hüquq sahəsində son illər aparılan islahatlar və beynəlxalq təcrübə inzibati hüquq sahəsində yeni baxışların formalaşmasına zəmin yaratdı. Vaxtilə S.S.Studenikin qeyd edirdi ki, inzibati proses icra-sərəncam fəaliyyətinin həyata keçirilməsinə hüquqi əsas yaradan müəyyən davranış qaydalarının məcmusunu təşkil edir. Eyni fikirlər A.E. Lunev tərəfindən də söylənilirdi.

Uzun illər ərzində inzibati proses anlayışı ətrafında əsas müzakirələr iki əsas istiqamətin nümayəndələri arasında aparılırdı. İnzibati hüquq sahəsində bir qrup nəzəriyyəçilər O.M.Yakuba, Q.İ.Petrov, A.P.Korenev, V.D.Sorokin, D.N.Baxrax və sair), “inzibati proses” anlayışını geniş mənada qəbul edirdilər. Digər qrup alimlər isə (N.Q.Salişeva, A.P. Klyuşniçenko, M.l.Piskotin və sair) həmin anlayışı dar mənada başa düşürdülər. N.Q.Salişevanın fikirlərinə görə inzibati proses bir-biri ilə tabeçilik münasibətlərində olmayan tərəflər arasında publik hüquq sahəsində konkret məsələ ilə bağlı yaranan mübahislərin həlli sahəsində həyata keçirilən fəaliyyətin qanunla nizama salınmasıdır.

Yuxarıda qeyd olunan fikirlərdən fərqli olaraq A.P.Klyuşniçenko inzibati proses anlayışına bir qədər geniş şərh verir. Onun fikirlərinə görə inzibati proses inzibati idarəçilik sahəsində inzibati məcburiyyət tədbirlərinin tətbiqi, şikayətlərin, ərizələrin baxılması, konkret məsələlərin həlli ilə bağlı qərarların qəbul edilməsi sahəsində dövlətin spesifik fəaliyyət növüdür. A.V.Samoylenko fikirlərinə görə isə inzibati prosesin çərçivəsi məntiqi olaraq inzibati məcburiyyət tədbirlərinin tətbiqi ilə qapanmalıdır.

Dövlət və vətəndaş münasibətlərində bu günümüzün əsas tələbi insan hüquq və azadlıqlarının müdafiəsi təşkil edir. Məhz publik hüquq sahəsində bu münasibətlərin hüquqi mexanizminin müəyyən edilməsi insan hüquq və azadlıqlarının qorunması sahəsində dövlət orqanlarının məsuliyyətini bir daha artırır.  İnzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsində deyilir: “İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir”. Bu anlayışdan göründüyü kimi, inzibati icraat iki formadan ərizə üzrə icraatdan və şikayət üzrə icraatdan ibarətdir. Ərizə üzrə icraat maraqlı şəxsin ərizəsi əsasında inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsini həll etdiyi halda, şikayət üzrə icraatda həmin inzibati aktlardan subordinasiya baxımından yuxarı inzibati orqana edilən şikayətlərin baxılması ehtiva olunur.

İctimai münasibətlərin bir növü olmaqla inzibati hüquq münasibətlərinin subyektləri (iştirakçıları) olmadan inzibati icraat təsəvvür edilə bilməz, çünki hüquq münasibətləri hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər arasında meydana gəlir. Hüquq münasibətləri iştirakçılarının subyektiv hüquqları və vəzifələri bu münasibətlərin məzmununu şərtləndirir.

İnzibati hüquq münasibətləri subyektlərin hüquqları və qanuni maraqları ilə əlaqədardır. İnzibati hüquq münasibətlərində bu marağın məzmununu ona məxsus hüquqların həyata keçirilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi, dəyişdirilməsi, ləğv edilməsi və inzibati şikayətə baxılması təşkil edir. Buradan belə bir nəticə çıxarmaq olar ki, subyektiv hüquqların məzmununu təşkil edən maddi nemət (sahiblik fəaliyyəti, ovçuluq hüququnun əldə edilməsi, aptekin fəaliyyəti üçün lisenziya) inzibati hüquq münasibətlərinin obyektidir. Hərəkətlər də inzibati hüquq münasibətlərinin obyekti kimi çıxış edir.

İnzibati icraat bir sıra xüsusi əlamətlərə malikdir:

inzibati icraatın ikili təbiəti vardır: bir tərəfdən o, hüquqi prosesin bir növü kimi, digər bir tərəfdən isə inzibati fəaliyyətin növü kimi çıxış edir;

inzibati icraat dövlət idarəetmə orqanlarının hakimiyyət fəaliyyətinin növü olmaqla həmin hakimiyyətə məxsus səlahiyyətin müəyyən bir hissəsini ifadə edir;

inzibati icraat inzibati hüquq normaları ilə nizama salınır. Maddi inzibati normaların tətbiqi inzibati qanunvericiliklə müəyyən olunmuş xüsusi qaydada həyata keçirilir;

inzibati icraatın xarakterik əlamətlərindən biri ondan ibarətdir ki, onun iştirakçılarından biri qismində bir qayda olaraq, inzibati orqanlar çıxış edirlər.

Məqaləmizdə inzibati icraatın mərhələləri, inzibati icraatın iştirakçıları və inzibati icraatda hüquqi varislik məsələləri barədə öz fikir və mülahizələrimizi oxucularla bölüşəcəyik.

İnzibati icraatın mərhələləri. İnzibati mübahisələrə dair işlər üzrə icraat bir neçə mərhələdən keçir. Bu mərhələlərdən hər biri inzibati icraatın qarşısında duran ümumi vəzifələrdən irəli gələn konkret vəzifələrə malik olmaqla, inzibati prosessual hərəkətlərin məzmunu ilə xarakterizə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda inzibati icraatın mərhələləri haqqında xüsusi müddəalar yoxdur. Lakin “İnzibati icraat” adlanan IV fəsildə prosessual hərəkətlərin hüquqi mahiyyətindən və nəticələrindən asılı olaraq inzibati icraatı aşağıda göstərilən dörd mərhələyə bölmək olar:

inzibati icraatın başlanması;

ərizənin ilkin öyrənilməsi;

ərizənin mahiyyəti üzrə baxılması və inzibati aktın qəbul edilməsi;

inzibati aktın icrası.

Göstərilən mərhələlərin hər biri ayrılıqda konkret vəzifələrə malik olmaqla biri digərini tamamlayır və inzibati icraatın vahid sistemini yaradır. İnzibati icraatın hər bir mərhələsi inzibati mübahisələrə dair iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə təminat yaradır.

İnzibati icraatın başlanması. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində inzibati icraata başlanılması üçün aşağıdakı əsaslar müəyyən edilir:

fiziki və ya hüquqi şəxsin ərizəsi;

inzibati orqanın təşəbbüsü;

qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;

inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.

Fiziki və ya hüquqi şəxsin ərizəsi və ya inzibati şikayət olduqda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. İnzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi əsas kimi çıxış etdikdə isə inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.

Ərizənin ilkin öyrənilməsi. Ərizə maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Beləliklə, ərizə iki hal üçün nəzərdə tutulmuşdur:

inzibati aktın qəbul edilməsi;

maraqlı şəxsə məxsus olan hər hansı hüququn həyata keçirilməsi;

Ərizəni verməklə maraqlı şəxs ilk növbədə arzuladığı inzibati aktın qəbul edilməsinə nail olmaq istəyir. Bu baxımdan ərizə, daha dəqiq desək, ərizədə qaldırılan məsələ qəbul ediləcək inzibati aktın məzmun obyektini müəyyən edir. Bir qayda olaraq, inzibati aktda tənzimlənən məsələlər insan hüquqları ilə bağlı olur.

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə fiziki və hüquqi şəxslərin bir çox hüquqları və azadlıqları təsbit edilmişdir. Həmin hüquqların həyata keçirilməsi maraqlı şəxsin səlahiyyətli inzibati orqana ərizə ilə müraciəti əsasında mümkündür.

Ərizə icraatın başlanması üçün hüquqi fakt rolunu oynayır. Ərizənin təqdim edilməsi ərizəni verən tərəf - maraqlı şəxs ilə ərizənin təqdim edildiyi səlahiyyətli inzibati orqan arasında inzibati hüquq münasibətlərinin yaranmasına səbəb olur.

Ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsi ilə, yaxud elektron üsulla göndərilir. Ərizə tərtib edildikdən sonra hökmən səlahiyyətli inzibati orqana təqdim edilməlidir. Ərizə təqdim edilmədikdə icraat başlana bilməz. İnzibati icraatda ərizənin rolu məhkəmə prosesində inzibati iddia ilə eyni əhəmiyyət daşıyır.

Ərizə yazılı formada tərtib olunmalıdır. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

- ərizəçinin müraciət etdiyi inzibati orqanın adı; ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;

- ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;

- tələbin qısa məzmunu;

- ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası; hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;

- ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə olunur.

Ərizə yuxarıda qeyd olunan tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini, yəni onun baxılmamış saxlanması haqqında inzibati aktın qəbul edilə biləcəyi barədə ərizəçiyə xəbərdarlıq edilir.

İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsi ilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır. İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur. Belə bir arayışın maraqlı şəxsə verilməsi onun tərəfindən inzibati icraat müddətinə əməl olunmasına nəzarət etməyə imkan yaradır. Ərizəni öyrənərkən inzibati orqan ərizədə qaldırılan məsələnin onun səlahiyyətinə aid olub-olmamasını, ərizənin formal tələblərə uyğun olaraq tərtib edilməsini, ərizəyə əlavə olunmuş sənədlərin yetərincə olmasını və digər məsələləri müəyyən edir. Səlahiyyətli inzibati orqan ərizə barəsində iki hərəkətə yol verə bilər. Ərizənin baxılmamış saxlanılması barədə və ya ərizdə qaldırılan konkret məsələ ilə bağlı inzibati akt qəbul edə bilər.

Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər:

ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;

həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda.

Maraqlı şəxs 1-ci və 2-ci halda ərizə ilə yenidən inzibati orqana müraciət edə bilməz. Çünki, ərizədə qaldırılan məsələ ilə bağlı inzibati orqanın və ya məhkəmənin qərarı var və həmin qərar qüvvədədir. Maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə əməl etdikdə o, ərizə ilə yenidən inzibati orqana müraciət edə bilər. Beləliklə, 1-ci və 2-ci hal ərizənin baxılmamış saxlanılmasının mütləq əsaslarıdır. Bu əsaslar qüvvədə olduğu müddətə maraqlı şəxsin eyni məsələ ilə bağlı yenidən inzibati orqana müraciəti səmərəsiz bir hərəkət olaraq qalacaqdır.

• Maraqlı şəxs

 “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə uyğun olaraq maraqlı şəxs:

1. inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş şəxsdir;

2. barəsində inzibati akt qəbul edilmiş şəxsdir;

3. barəsində müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxsdir;

4. inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi şəxsdir;

5. maraqlı şəxsin öz vəsatətinə əsasən inzibati icraata cəlb edilmiş şəxsdir;

6. xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən fiziki və ya hüquqi şəxsdir.

Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ərizə ilə müraciət etmək və inzibati icraatda digər prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

Fiziki və hüquqi şəxslərin inzibati icraata cəlb olunması məsələsini həll edərkən qanunverici imperativ və dispozitiv yanaşmalardan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur (imperativ cəlbetmə). Həmin qanunun 36.4-cü maddəsində isə deyilir: “Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər (dispozitiv cəlbetmə).

İmperativ cəlbetmənin başlıca tələbi inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi ehtimalıdır. Birbaşa təsir dedikdə, inzibati icraat zamanı qəbul ediləcək inzibati aktın icraata cəlb olunmuş üçüncü şəxs barəsində hüquqi nəticənin yaranması (hüquqların müəyyən edilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi) başa düşülür.

Dispozitiv cəlbetmə inzibati aktın üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı ehtimalı ilə bağlıdır. Bu məsələnin həlli inzibati orqanın diskresion səlahiyyətinə aid olan bir məsələdir. Dispozitiv cəlbetmə üçüncü şəxslərin qanunla qorunan maraqlarını təmin etməyə və bu yolla gələcəkdə yarana biləcək mübahisələrdən inzibati orqanın sığortalanmasına hüquqi şərait yaradır, mütənasiblik və formal tələblərdən sui-istifadənin qadağan olunması prinsiplərinin tələblərinə əməl olunmasını təmin edir. Dispozitiv cəlbetmənin praktiki əhəmiyyəti bir də onunla izah olunur ki, o, iş üzrə əhəmiyyət kəsb edən halların daha operativ həll edilməsinə, ətraflı aydınlaşdırılmasına, sübutların və dəlillərin düzgün qiymətləndirilməsinə və inzibati aktın əsaslandırılmasına xidmət edir.

İnzibati icraata cəlb olunması haqqında vəsatət vermək üçüncü şəxsin subyektiv hüququdur. O, bu hüququna əsaslanaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsini rəhbər tutaraq onun inzibati icraata cəlb olunması haqqında inzibati orqan tərəfindən düzgün inzibati aktın qəbul olunmasını tələb edə bilər.

• Nümayəndə.

Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil olunmaq hüququndan məhrum etmir. Nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsləri inzibati icraatda onların qanuni nümayəndələri təmsil edirlər. Qanuni nümayəndələr inzibati orqana öz səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər. Qanuni nümayəndələr icraatda iştirak etməyi nümayəndə qismində seçdikləri başqa şəxsə tapşıra bilərlər. Nümayəndə təmsil etdiyi şəxsin maraqlarını vicdanla müdafiə etməyə borcludur. İnzibati orqan inzibati icraatda həmin orqanın rəhbəri, onun müavini və ya həmin orqanın rəhbəri tərəfindən təyin olunmuş digər vəzifəli şəxs vasitəsilə təmsil olunur. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraatla bağlı bütün məsələlər üzrə nümayəndəyə müraciət edir.

İnzibati icraatda hüquqi varislik. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda hüquqi varisliklə bağlı müfəssəl müddəalar yoxdur. Həmin Qanunun 36.6-cı maddəsində deyilir: “İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir”. Bu baxımdan həmin məsələnin daha dərindən başa düşülməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad etmək lazımdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə uyğun olaraq ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Hüquq varisliyinin insan şəxsiyyəti ilə qırılmaz şəkildə bağlı olan hüquqlar barəsində tətbiqi qeyri-mümkündür. Bir qayda olaraq hüquq varisliyin mümkünlüyü üçün ilkin şərtlər təmin edilməlidir.

Şəxsiyyətlə qırılmaz bağlı olan subyektiv hüquqların hüquq varisliyi qaydasında keçməsi istisna təşkil edir. Eyni qayda mülki hüquqda da tətbiq olunur. Lakin inzibati icraatın həyata keçirilməsi zamanı bu şərt daha bariz şəkildə özünü göstərir.

Məsələn, sürücülük vəsiqəsi, silahı saxlamaq hüququ verən sənəd, xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyətlə məşğul olmaq üçün verilmiş sənədlər hüquqi varisliyin predmeti ola bilməz, çünki onlar həmin sənədlərin sahibi olmuş şəxsin keyfiyyətləri və bacarığı ilə vəhdət təşkil edir və bu mənada onunla sıx bağlıdır.

İnsan şəxsiyyəti ilə sıx bağlı olmayan bir sıra hüquqlar da vardır ki, onlar inzibati icraat zamanı xüsusi əhəmiyyət kəsb edir.

Misal. Mülki hüquqda hüquq varisliyinin mövcud olması üçün bütün ilkin şərtlər müəyyən edilmişdir. Lakin inzibati icraatın həyata keçirildiyi zaman ölüm faktına görə inzibati icraatın iştirakçıları sırasından çıxmış iştirakçının əvəzinə hüquq varisliyi əldə etmiş vərəsənin iştirakının hansı qaydada təmin olunması sual doğurmaya bilməz. Bunun üçün varis inzibati icraata cəlb olunmalı və yaxud iştirakçı statusunu avtomatik olaraq əldə etməlidir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda bu məsələlər öz əksini tapmamışdir. Bu məsələni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq həll etmək mümkündür. Həmin maddədə deyilir:

“58.1. Mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsinə əsasən isə hakimin aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalı olduğu göstərilir.

işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə,

mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin xitamına yol verərsə;

tərəf fəaliyyət qabiliyyətini itirərsə;

iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda;

Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;

Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa.

Yuxarıda göstərilən maddələrdən göründüyü kimi, inzibati icraatda iştirak edən şəxsin ölümü inzibati icraatın xitamına deyil, ancaq onun dayandırılmasına əsas ola bilər. Beləliklə, inzibati icraat zamanı ölmüş iştirakçının hüquq varisi inzibati icraata daxil olana qədər inzibati icraat zamanı edilmiş bütün hərəkətlər, ölmüş iştirakçı üçün məcburi olduğu kimi, onun hüquqi varisi üçün də eyni dərəcədə məcburidir.

İnzibati icraatın başlanması üçün əsas olmuş hallardan asılı olaraq hüquqi varisin hərəkətləri və iradəsi az əhəmiyyət kəsb etməyə bilməz. Əgər inzibati icraat ölmüş maraqlı şəxsin ərizəsi əsasında başlanmışdırsa, onda inzibati icraata daxil olan hüquqi varis, ərizədə qaldırılan məsələyə öz münasibətini bildirməlidir. Onun ərizədə qaldırılan məsələyə olan münasibəti inzibati icraatın sonrakı taleyini həll edə bilər. Belə güman edək ki, hüquqi varis ərizədə qaldırılan məsələyə münasibət bildirmir və inzibati icraatın davam etməsində iştirak etmir, işin mahiyyəti ilə bağlı maraqlanmır və inzibati icraatda iştirak etmir. Hüquqi varisin inzibati icraatda iştirak etməməsi, inzibati orqan tərəfindən ona məlumat verilməsinə baxmayaraq inzibati icraata maraq göstərməməsi hüquqi varisin faktiki olaraq ərizədən imtina etməsi kimi başa düşülməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə görə “iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa” inzibati icraata xitam verilməlidir.

İnzibati icraat inzibati orqanın xidməti vəzifəsindən irəli gələn hallarda onun təşəbbüsü ilə başlandıqda bu halda hüquqi varisin inzibati icraatda iştirakı vacibdir və onun iradəsi bu məsələ ilə bağlı artıq heç bir əhəmiyyət kəsb etmir.

Sonda onu da qeyd edək ki, liberal-demokratik ölkələrin təcrübəsi də göstərir ki, dövlət orqanlarının va ya inzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən olunması hakimiyyətdən sui-istifadənin, vətəndaşların hüquq və azadlıqlarının pozulmasının qarşısının alınmasında daha səmərəli təminat vasitəsidir. Hüquqi dövlətdə ümumi-hüquqi idarəçilik fəaliyyəti ilə baǧlı icraat qaydalarının, qanunla nəzərdə tutulmuş qadaǧalarla, icazələrlə, qeydiyyatla va sairlə baǧlı səlahiyyətlərin həyata keçirilməsi üzrə icraat qaydalarının tənzimlənməsi kimi çox mühüm məsələlərin inzibati orqanların hər biri tərəfindən ayrılıqda müəyyən olunması məqbul sayıla bilməz. Hər bir dövlət orqanı vətəndaşlarla münasibətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş qaydalar əsasında qurmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət orqanının vətəndaşa qarşı davranışı həmin şəxsin bütövlükdə dövlətə qarşı münasibətinin formalaşmasına və bu münasibətin xarakterinə təsir edən faktordur. Dövlət orqanı öz davranışında məhz bu faktordan çıxış etməli və vətəndaşlarla qarşılıqlı inama və əməkdaşlıǧa əsaslanan münasibətlər qurmalıdır. Konstitusiya ənənələrinə malik demokratik ölkələrdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Bu isə o deməkdir ki, heç bir dövlət orqanı, vəzifəli şəxs və dövlət qulluqçusu bu və ya digər məsələni qanunla müəyyən edilmiş qaydadan kənar, özünün şəxsi mülahizələri prizmasından həll edə bilməz.

 

İstifadə edilmiş ədəbiyyat siyahısı

1.     Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi, Bakı, Hüquq Yayın Evi, 2023

2.     “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu

3.     S.Kərimov, G.Vəliyeva “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Komentariyası, “Hüquq ədəbiyyatı nəşriyyatı”, Bakı 2006

4.     Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin Kommentariyası, Bakı 2009