(Naxçıvan MR Hərbi Məhkəməsinin sədri Polad Həsənova məxsus məqalə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Bülleteninin 2024-cü il üzrə çap edilmiş 1-ci sayında dərc olunmuşdur.)
Törədilmiş hüquq pozuntusunun xarakterindən asılı olaraq hüquq məsuliyyəti intizam, inzibati, maddi, mülki və cinayət məsuliyyət növlərinə ayrılır. İnzibati məsuliyyət hüquq məsuliyyətinin növlərindən biri olduğu üçün o, həm də hüquq məsuliyyətinə xas olan əlamətlərə də malikdir. Hüquq məsuliyyəti hüquqpozma törətmiş şəxsə qarşı hüquq normaları sanksiyalarının, onlarda əks olunmuş müəyyən məsuliyyət tədbirlərinin tətbiqindən ibarətdir. Müasir cəmiyyətdə hüquq məsuliyyəti ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin edilməsinə, vətəndaşların qanuna hörmət, hüquqauyğun davranışın zəruriliyi və faydalılığının dərk edilməsi ruhunda tərbiyə olunmasına yönəlmişdir.
Yazımızda inzibati məsuliyyətin əsasını təşkil edən inzibati xətalarla bağlı müəyyən məsələləri oxucuların diqqətinə çatdırmaq istəyirik. Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədi ilə müvafiq qanun layihələrinin hazırlanması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə isə tapşırılmışdır. Həmin Fərmanının 2-ci bəndinə uyğun olaraq cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 41-ci fəsli hazırlanaraq Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli Qanunu ilə Məcəlləyə əlavə edilmişdir. Bu fəsildə müəyyən edilən hərbi xidmət əleyhinə olan inzibati xətalar hərbi qulluqçular tərəfindən törədilən cinayət məsuliyyətinə səbəb olmayan əməllər olub inzibati məsuliyyətə səbəb olan əməllərdir. Halbuki həmin fəsildə nəzərdə tutulmuş bəzi hərbi xidmət əleyhinə olan inzibati xətalar bu qanun qəbul edilənədək cinayət məsuliyyətinə səbəb olurdu.
İnzibati xətanın subyektinin (fiziki şəxslərin) iki növü mövcuddur: ümumi və xüsusi subyektlər. Ümumi subyektlər 16 yaşına çatmış, anlaqlı, fiziki şəxslər, xüsusi subyektlər yuxarıda göstərilən əlamətlərdən əlavə digər xüsusiyyətlərə malik olan fiziki şəxslərdir (vəzifəli şəxs, sürücü, hərbi vəzifəli şəxs). İnzibati xətanın xüsusi subyektinin əlamətləri onların hüquqi vəziyyətlərinin müxtəlifliyi ilə xarakterizə edilir və onların yerinə yetirdiyi peşəkar, eləcə də sosial funksiyalarla, sağlamlığının vəziyyəti və s. ilə ifadə edilir.
Hərbi xidmət əleyhinə olan inzibati xətaların subyekti xüsusi subyekt, yəni hərbi qulluqçulardır.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən hərbi qulluqçular törətmiş olduqları hüquq pozuntularına görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.
Hərbi qulluqçular tərəfindən törədilən hərbi xidmət əleyhinə olan inzibati xətaların ictimai təhlükəliliyi digər şəxslər tərəfindən törədilmiş inzibati xətaların ictimai təhlükəliliyindən fərqlənir. Belə ki, hərbi qulluqçular tərəfindən törədilən hərbi xidmət əleyhinə olan inzibati xətaların ictimai təhlükəliliyi ondan ibarətdir ki, hərbi qulluqçunun törətmiş olduğu inzibati hüquq pozuntusu digər şəxslərin inzibati xətasından fərqli olaraq, həm inzibati hüquq münasibətlərinə, həm də hərbi hüquq münasibətlərinə zərər vurmuş olur. Hərbi qulluqçu inzibati, əmək, vergi və sair sahəvi hüquq normaları ilə yanaşı hərbi-hüquq normalarını da pozmaqla inzibati məsuliyyətin müstəsna subyekti olaraq konkret əməli, yəni inzibati hüquq pozuntusunu törətmiş olur.
İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə müvafiq olaraq, bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür.
Hərbi qulluqçunun hərbi xidmət əleyhinə olan inzibati xətalara görə məsuliyyəti üç əlaməti ilə fərqlənir:
- xüsusi subyekt tərkibinə görə (müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və toplanışa çağırılmış hərbi vəzifəlilər);
- inzibati məsuliyyətə cəlb etmənin əsaslarına görə (yalnız İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində göstərilən hüquq pozuntularına görə);
- hərbi qulluqçulara münasibətdə ayrı-ayrı inzibati tənbeh növlərinin tətbiq edilməsi imkanının məhdudlaşdırılması ilə (İnzibati Xətalar Məcəlləsinin 28.4.6 və 30.2-ci maddələri).
Hərbi qulluqçuların inzibati məsuliyyətə cəlb edilməsi əsasları isə aşağıdakılarda ifadə olunur:
- inzibati məsuliyyəti müəyyən edən maddi-hüquqi əsaslar;
- hərbi qulluqçular tərəfindən inzibati xətanın törədilməsinə səbəb olan faktiki əsaslar;
- hərbi qulluqçuların inzibati məsuliyyətə cəlb edilməsinin qaydasını tənzimləyən prosessual-hüquqi əsaslar.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 162-1, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4-538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Maddənin məzmunundan göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində (İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələri) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərdə inzibati xəta haqqında protokol tərtib olunmur və həmin protokolu prokuror tərəfindən tərtib olunmuş inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar əvəz edir. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir.
İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə nəzər saldıqda 100.1-ci maddədə inzibati xəta haqqında protokolda göstərilməli olan hallara aydınlıq gətirildiyini, 100.2, 100.3, 100.4-cü maddələrdə isə proses iştirakçılarının qanunvericilikdə tanınmış hüquqlarına (prosessual təminatlarına) yer verildiyini görə bilərik.
İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatların göstərilməsi ilə bağlı hüquq normalarını özündə əks etdirən İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsinə diqqətlə nəzər saldıqda görərik ki, qanunverici orqan prokurorun qərarında İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində protokol üçün nəzərdə tutulan məlumatların göstərilməsini qeyd edərkən İXM-in 100-cü maddəsini hər hansı bir hissəyə bölməmiş, həmin maddənin müddəalarını bütövlükdə prokuror tərəfindən qəbul edilən qərara da şamil etmişdir. İXM-in prosessual təminatlarla bağlı müddəaları özündə əks etdirən 100.2, 100.3, 100.4-cü maddələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri barədə məlumat almaq, tərtib edilmiş inzibati xəta haqqında protokolla tanış olmaq və.s kimi imkanlar yaradır.
Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hərbi qulluqçuların da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hər bir şəxs kimi təbii olaraq öz barəsində olan və onu gələcəkdə müəyyən məhrumiyyətlərə düçar edə biləcək qərar barəsində məlumatlanmaq, həmin qərarın surətini almaq və bu qərara qarşı öz müdafiəsini təşkil etmək kimi hüquqlarının olmasını müəyyən edir.
İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır.
İnzibati Xətalar Məcəlləsinin 43.1 və 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsi zamanı onların barəsində inzibati tənbeh tədbirlərinin tətbiqi nəzərdə tutulmuşdur. Hərbi qulluqçulara münasibətdə inzibati tənbehin tətbiq edilməsi preventiv və mühafizə məqsədləri daşıyır. Preventiv məqsəd hərbi qulluqçular tərəfindən inzibati hüquq pozuntularının törədilməsinin qarşısının alınmasında, mühafizə məqsədi isə hərbi-hüquq münasibətlərinin subyektlərinin hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin mühafizəsinin və müdafiəsinin, hərbi qulluqçuların hərbi xidmətkeçmə qaydalarının təmin olunmasında ifadə olunur.
Qanunvericilik hərbi qulluqçular barəsində yalnız hərbi xidmət əleyhinə olan inzibati xətaların (İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş xətaların) törədilməsinə görə inzibati həbsin tətbiq edilməsini nəzərdə tutmuşdur. Belə ki, hərbi qulluqçuların inzibati məsuliyyətini müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə görə, intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Eyni ilə İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən də, bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.
Məhkəmələr tərəfindən hərbi xidmət əleyhinə olan inzibati xəta haqqında işlərə baxılan zaman təcrübədə bir sıra problemlərə rast gəlinir. Təcrübədə rast gəlinən bəzi problemli məsələləri oxucularla bölüşmək istərdik.
Birinci, təcrübədə ən çox rastlaşdığımız problemli məsələlərdən biri hərbi qulluqçu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulan hər hansı bir inzibati xətanın xidmət zamanı törədilməsi, lakin sonradan hərbi qulluqçu hərbi xidmətdən tərxis olunaraq həmin statusu itirdiyi təqdirdə, həmin şəxsə inzibati həbs tətbiq olunduğu halda, onun saxlanma yeri ilə bağlı olurdu. Bildiyimiz kimi İnzibati Xətalar Məcəlləsinin 156.2-ci maddəsinə əsasən, barəsində inzibati həbs tətbiq edilmiş bu Məcəllənin 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər hauptvaxtda, digər şəxslər isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılır. İşlərə baxılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs tətbiq edilirdi, ancaq həmin şəxs artıq hərbi xidmətdən tərxis olunaraq hərbi qulluqçu statusunu itirdiyindən onun hauptvaxtda saxlanılması mümkün olmurdu. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2021-ci il tarixli qərarı ilə bu problemli məsələ öz həllini tapdı. Belə ki, Gəncə Hərbi Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 dekabr 2021-ci il tarixdə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” konstitusiya işinə baxmış və belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, lakin hərbi xidmətdən tərxis olunduğuna görə hərbi qulluqçu statusunu itirən şəxsin hauptvaxtda saxlanılması bu Məcəllənin 156.2-ci maddəsinin hüquqi mahiyyətinə və məqsədinə uyğun olmadığından, onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılmalıdır.
Təcrübədə rast gəlinən bəzi problemli məsələlərdən ikincisi kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh tətbiq etmək haqqında səlahiyyətli orqanın qərarının olması hallarını göstərmək olar. Belə ki, bəzi hallarda daxil olmuş inzibati xəta haqqında iş materiallarını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasında baxılmağa hazırlayarkən, barəsində inzibati icraat aparılan hərbi qulluqçuların inzibati xəta haqqında işin predmeti olan hərəkətə (əmələ) görə artıq hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılması müəyyən olunur. Bu hallar isə artıq inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Belə hallarda işə baxan hakim başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və barəsində inzibati icraat aparılan hərbi qulluqçuların inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul etmək məcburiyyətində qalır. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələbinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh tətbiq etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 109.2-ci maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.
Bu halların yaranmasının əsas səbəblərindən biri hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozan zaman müvafiq komandanlığın hərbi qulluqçuları bu hərəkətlərinə görə cəzalandırılmaq səlahiyyətinin olmasıdır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam Nizamnaməsinin 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.
Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam Nizamnaməsinin 58-ci bəndinə əsasən Alay (briqada) komandirinin əsgərləri, matrosları və çavuşları 7 sutkayadək həbs etmək hüququ vardır.
İşlərə baxılması zamanı inzibati xəta haqqında işin materiallarının tədqiqi nəticəsində müvafiq hərbi hissə komandanlığı tərəfindən həmin inzibati xəta hadisəsinə görə hərbi intizamın pozulması haqqında müvafiq icraatın aparılması və hərbi qulluqçulara intizam qaydasında müəyyən cəza təyin edilməsi müəyyən olunur. Bu səbəbdən də işə baxan hakim barəsində inzibati icraat aparılan hərbi qulluqçuların müvafiq hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılmasını onların artıq həmin inzibati xəta hadisəsinə görə cəzlandırılmış kimi qəbul edərək təkrar cəzalandırılmalarını mümkün hesab etmir. Bu yanaşma inzibati xətalar qanunvericiliyinin müəyyən etdiyi prinsiplərə tam uyğundur. Həmin prinsiplərə görə inzibati xətalar qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müəyyən etdiyi ədalətlilik prinsipinə görə isə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu prinsip “Non bis in idem- “Heç kəs eyni bir əmələ görə ikinci dəfə məsuliyyətə cəlb edilə bilməz” prinsipi adlanır və Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 34-cü maddəsində, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində öz əksini tapmışdır. Avropa İnsan Hüquqları Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.
Hüququn hamılıqla qəbul edilmiş non bis in idem (təkrar cəzalandırılmamaq) prinsipini ifadə edən konstitusiya normasının mənasına görə bir şəxs eyni əmələ görə təkrar olaraq məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Bu prinsip şəxsin eyni bir əməlinə görə təkrar cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur, həm də eyni bir halın iki dəfə, həm əməlin tövsifi zamanı, həm də cəza (tənbeh) təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir və hər hansı bir hüquq xarakterli tədbirin əmələ hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur.
Həmçinin qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinin “Sergey Zolotuxin Rusiya Federasiyasına qarşı iş” üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, 7-ci protokolun 4-cü maddəsi eyni və ya əsasən eyni faktlardan doğan ikinci “pozuntu” üzrə istintaq aparmaq və ya məhkəmə keçirmək qadağandır (§§ 78-82).
Avropa Məhkəməsi həmin qərarında qeyd edir ki, Avropa İnsan Hüquqları üzrə Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur (“Frans Fişer Avstriyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 29 may 2001-ci il tarixli qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il tarixli qərarı). Avropa Məhkəməsi vurğulayır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi biri digərindən fərqlənən üç təminatı nəzərdə tutub ki, onlardan birinə əsasən, heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikincisinə görə təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görə təkrarən cəzalandırıla bilməz (“Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36).
Bütün bunlara görə belə hesab edirik ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin eyni hüquq pozuntusuna görə cəzalandırıldığını bilə-bilə, onu yenidən cəzalandırmaq olmaz və bu kimi hallarda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsı və şəxsin inzibati məsuliyyətdən azad edilməsi doğru yanaşmadır.
Təcrübədə rast gəlinən digər problemli bir məsələ isə məhkəmələr tərəfindən ədalət mühakiməsini həyata keçirərkən sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsində nəzərdə tutulduğu qaydada, yəni inzibati xəta haqqında protokolun (prokurorun qərarının) daxil olduğu gün baxılması ilə bağlıdır. Belə ki, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı) müəyyən səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icraatda iştirakı təmin edilmədən, ona hüquq və vəzifələri izah edilmədən, şəxs öz barəsində olan müvafiq qərarla tanış edilmədən tərtib edilir və müvafiq qərarın surəti ona rəsmi olaraq təqdim edilmədən iş materialları baxılması üçün məhkəməyə göndərilir. Belə hallarda işə baxan məhkəmə qeyd edilən halları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirərək, inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar və ona əlavə olunmuş sənədlərdə qeyd olunmuş çatışmazlıqların aradan qaldırılması üçün onu tərtib etmiş orqana geri qaytarır. Lakin belə halda da inzibati xəta haqqında qərar qəbul etmiş orqanlar bu natamamlıqları (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icraatda iştiraka cəlb edilməsinin, ona hüquq və vəzifələrinin izah edilməsinin, şəxsin öz barəsində olan müvafiq qərarla tanış edilməsinin və müvafiq qərarın surətinin rəsmi olaraq ona təqdim edilməsinin, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar tərtib edilmiş şəxsin səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməsinin) aradan qaldırmadan İnzibati Xətalar Məcəlləsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş prokurorun üzərinə konkret vəzifə qoyulmadığına istinad edərək, məhkəmə tərəfindən bu işlərin geri qaytarılması ilə bağlı qəbul edilmiş qərardadlarda göstərilmiş çatışmazlıqları aradan qaldırmadan həmin işləri baxılması üçün təkrar məhkəməyə göndərərək məhkəmələrdəki iş yükünün əsassız çoxalmasına səbəb olurlar. Belə hallarda hakim yenidən iş materiallarını geri qaytarır və bu hallar çatışmazlıqlar aradan qaldırılanadək davam edir. Bu cür hallar əsassız vaxt itkisinə, məhkəmələrdə bir işin bir neçə dəfə qeydə alınaraq iş sayının əsassız artmasına gətirib çıxarır. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin məcəllənin 61.5-ci maddəsinə əsasən isə inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Göründüyü kimi qanunvericilik digər inzibati xətalar haqqında işlərə 15 gün, bəzən isə (inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə) işin baxılmasını bir ayadək müddətə uzadılaraq baxılmasını nəzərdə tutduğu halda, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün (inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məcburi iştirakı ilə baxılmasını nəzərdə tutmaqla inzibati xətalar haqqında işlərə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Heç təsadüfi deyildir ki, İnzibati Xətalar Məcəlləsinin 13-cü fəsli inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqini nəzərdə tutan qaydaları müəyyən etmişdir. Belə ki, həmin fəslin 86.1-ci maddəsinə əsasən inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir:
86.1.1. gətirilmə;
86.1.2. inzibati qaydada tutma;
86.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama;
86.1.4. nəqliyyat vasitəsinə baxış;
86.1.5. əşyaları və sənədləri götürmə;
86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma;
86.1.7. sərxoşluq vəziyyətini müayinə etmə;
86.1.8. nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə.
Göstərilən maddədə inzibati qaydada tutma təmin tədbiri bilavasitə inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün tətbiq edilən təmin tədbiridir. Həmin məcəllənin 88-ci maddəsinə əsasən hərbi xidmət əleyhinə olan inzibati xəta törədildikdə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasını yəni, inzibati qaydada tutmanı tətbiq etmək hüququna malikdirlər. Buradan gəlinən nəticə odur ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinin yerinə yetirilməsi üçün, inzibati xəta haqqında işin düzgün və vaxtında, yəni indiki halda inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmasının təmin edilməsi üçün inzibati icraatın başlanması barədə qərar qəbul etmiş orqan qanunvericiliyin yaratmış olduğu bu hüquqi vasitələrdən səmərəli istifadə etməlidir.
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, inzibati icraatın başlanması barədə qərar qəbul etmiş orqanın (prokurorun), barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış şəxsin məhkəməyə təqdim olunması vəzifəsinin olması “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə nəzər yetirdikdə də müəyyən olunur. Belə ki, “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 298-ci bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclası katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil etməlidir.
İnzibati Xətalar Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
Qanunvericiliyin tanımış olduğu və yaratdığı bütün imkan və hüquqi vasitələrdən düzgün və vaxtında istifadə etməklə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinin yerinə yetirilməsinə nail olmağa çalışmaq hər bir inzibati xətalar haqqında işlər üzrə icraat aparan orqanın bilavasitə vəzifəsidir. Ümid edirik ki, yazımızda toxunduğumuz məsələlər qanunvericiliyin tətbiqində yaranan və təcrübədə rast gəlinən müəyyən çətinlikləri həll etməyə kömək edəcəkdir.
İstifadə edilmiş ədəbiyyat siyahısı
1. Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsi. Bakı, Hüquq Yayın Evi, 2023
2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Kommentariyası, Bakı, Qanun nəşriyyatı, 2011
3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 22 dekabr 2021-ci il tarixli qərarı