^

Naxçıvan Muxtar Respubikası Ali Məhkəməsini sədri Səadət Bəktaşinin “Jurnalistlər üçün hüquq məktəbi” layihəsində açılış nitqi

Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar!

Öncəliklə qeyd etmək yerinə düşər ki, layihənin həsr olunduğu mövzu qədər onun təsadüf etdiyi zaman da xüsusilə əlamətdardır. Xalqımız bu il mayın 10-da  müasir Azərbaycanın qurucusu, Ulu  öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Bünövrəsi "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatının müstəqilliyimizin bərpası ilə təşəkkül tapan inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli siyasətçi müstəqil dövlətimizdə, sözün həqiqi mənasında, azad, xalqa xidmət edən jurnalistikanın formalaşmasına böyük töhfələr vermiş, mətbuatın qaldırdığı problemlərə həssaslıqla yanaşmışdır. “Siyasətçilər gələcək siyasəti, jurnalistlər isə gələcək nəsilləri düşünürlər” – bu sözlər ulu öndər Heydər Əliyevin mətbuata, onun azad inkişafına verdiyi diqqətlə yanaşı, həm də bu böyük dövlət xadiminin jurnalistlərə böyük inamını ifadə edir.

Jurnalistika bütün peşə qrupları içində öz üzərinə götürdüyü ictimaiyyətə həqiqəti çatdırmaq missiyası ilə hər zaman fərqlənmişdir. Ümumqəbul olunmuş insan hüquqları və azadlıqları çərçivəsində məzlumun səsini eşitdirən jurnalistika peşəsi məhz bu xarakteri ilə də özündə müəyyən qədər qəhrəmanlıq ehtiva edir. Aydındır ki, jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında xüsusi rol oynayan peşə sahəsidir. Öz peşəsini lazımınca icra etməsi üçün jurnalistin bilməli olduğu çoxsaylı məsələlər, vacib mətləblər vardır. Kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şərait sui-istifadəyə şərait yaratmamalı, insan hüquqlarının tapdanmasına, dövlətin və ictimaiyyətin təhlükəsizliyinin sarsılmasına rəvac verməməlidir. Bütün bunlar jurnalistlərin hüquqi cəhətdən maarifləndirilməsi zərurətini aktuallaşdırır.

"İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığına malikdir. Eyni ilə 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 19-cu maddəsində də təsbit edilir ki, hər bir insan şəxsi fikrə sahib olmaq hüququna malikdir. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var.

Demokratik hüquqi dövlət olan Azərbaycan Respublikası da cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri olan fikir və söz azadlığını təmin edib. Belə ki, bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Eyni zamanda, konstitusiyanın 46-cı maddəsində hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminatı verilmişdir. Lakin nəzərə alınmalıdır ki, fikir və söz azadlığı həyata keçirilərkən bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmaqla, hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır.

Qeyd etmək zəruridir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 9-cu və10-cu maddələrində də fikir və ifadə azadlığının həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilmişdir. Belə məhdudiyyətlərin məqsədləri sırasına konvensiya digər məqsədlərlə yanaşı, mənəviyyatın mühafizəsini, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsini də daxil etmişdir. Belə ki, insan hüquqları haqqında Avropa konvensiyasının 10-cu maddəsində nəzərdə tutulur ki, ifadə etmək azadlığının həyata keçirilməsi qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.

Hər bir insanın öz fikrini sərbəst ifadə etmək, bu hüququn dövlət sərhədlərindən asılı olmayaraq hər cür informasiya və ideyaları axtarmaq, almaq, şifahi, yazılı, mətbuat, yaxud bədii ifadə formaları vasitəsilə, yaxud özü seçdiyi başqa üsullarla yaymaq azadlığını ehtiva edən “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da da başqalarının hüquqlarına və adına hörmət edilməsi üçün, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığı, yaxud mənəviyyatının qorunması baxımından qanunla zəruri məhdudiyyətlərin nəzərdə tutulması imkanı əks olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində isə göstərilir ki, konstitusiyanın və qanunların pozulması, o cümlədən konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Habelə konstitusiyanın 71-ci maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqları bu konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.  Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyən “Dövlət sirri haqqında” Qanunun 5-ci maddəsi ilə dövlət sirrini təşkil edən məlumatların dairəsi müəyyən edilmiş və bu məlumatların mühafizəsi və istifadəsi ilə bağlı şərtlərin pozulmasına dair məsuliyyət qanunvericiliklə sanksiyalaşdırılaraq, müvafiq olaraq cinayət və digər məsuliyyətlər nəzərdə tutulmuşdur.

“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”da, “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan fikir və söz azadlığı qeyri-məhdud çərçivədə dəyərləndirilə bilməz. Belə ki, bu azadlığın bitdiyi yer fərdin yaxud dövlətin konstitusion hüquqlarının başlandığı yerdir. İctimai maraqla müşayiət olunmayan belə bir qəsd qeyri-etik olmaqla yanaşı hüquqi mənada tamamilə qəbuledilməz, hüququn təməl prinsiplərinə zidd və yolverilməz hesab olunur.

Xüsusilə qeyd etmək yerinə düşər ki, jurnalistika peşəsinin həyata keçirilməsi zamanı diqqət edilməli olan hüquqi məqamlar hüquq ictimaiyyəti tərəfindən yekdilliklə qəbul edilməklə özündə vacib nüansları ehtiva edir. Belə ki, heç kəs irqinə, cinsinə, sosial vəziyyətinə və dini inancına görə nəşrlərdə qınana bilməz, ictimai vəzifə olan jurnalistikadan əxlaqsız şəxsi məqsədlər və maraqlar üçün istifadə edilə bilməz, tənqid çərçivələrini aşan alçaldıcı və ya böhtan xarakterli ifadələr istifadə oluna bilməz, əgər ictimai maraqlar məxfi məlumatın ictimailəşdirilməsini ciddi şəkildə tələb etmirsə onlar dərc edilə bilməz, heç kəs təqsirli olduğu məhkəmə qərarı ilə müəyyən edilməsə “təqsirkar” elan edilə bilməz. Mətbuat orqanları, müəlliflik hüquqlarına, həmçinin yalan nəşrlərdən irəli gələn cavab və təkzib hüququna hörmətlə yanaşmalıdırlar.

         Xüsusilə vurğulamaq istərdim ki, ibtidai araşdırma, yaxud təhqiqatın tamamlanmadığı vaxt ərzində dərc olunan xəbərlər araşdırmanı zəiflədəcək və ya istiqamətləndirəcək potensialdadırsa məhz bu cür məlumatların nəşr olunmasından çəkinmək lazımdır. Ədalət mühakiməsinin həyata keçirilməsi müddətində mövzu ilə bağlı dərc olunan materiallar hər cür ön mühakimədən kənar və  düzgünlüyünə əmin olunmaqla təqdim edilməlidir. Jurnalist, məhkəmə prosesinin tərəfi ola, yaxud hər hansı bir tərəfin mövqeyini müdafiə edə bilməz. Məhkəmənin qanuni qüvvəsini almış qərarı olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxs təqsirli bilinə bilməz. Xəbərlərdə şübhəlinin təqsirkar olduğu kimi şərhlər edilə bilməz. Bütün bunlar qəsdən və ya bilməyərəkdən edilməsindən asılı olmayaraq ədalət mühakiməsinin yanıldılmasına, yaxud mübahisənin həlli zamanı hüquq mühafizə və məhkəmə orqanlarına təzyiq olunmasına birbaşa şərait yaratmaqla yolverilməzdir. Həmçinin bu qəbildən olan məlumatların dərc olunması zamanı hüquqi terminologiyanın yerində işlənməsi bacarıqlarının formalaşdırılması baxımından da bu layihə məqsədə uyğundur.

         Digər diqqət olunmalı məsələ isə söz azadlığı prinsipinin tətbiq dairəsinin sərhədlərinin gözlənilməməsi ilə fərdin şərəf və ləyaqətinin, onun işgüzar nüfuzunun ləkələnməsi halıdır. Bir insanın davranışı və ya əməli onun irqi, milliyyəti, dini, cinsi, cinsi meyli, xəstəlik və ya sahib olduğu fiziki və ya əqli qüsuru ilə əlaqələndirilə bilməz. Şəxsin bu xüsusi vəziyyəti lağ, təhqir və ya qərəz mövzusuna çevrilə bilməz.

         Düşünürəm ki, jurnalistika fəaliyyətinin həyata keçirilməsi zamanı müəlliflik hüquqlarının qorunması onların digər şəxsin hüquqlarına hörməti ilə yanaşı məhz onların özlərinin də bu sahədə hüquqlarının mühafizəsinə xidmət edir. Odur ki, bu barədə hüquqi fərqindəliyin yüksək olması məhz bu peşə sahiblərinin də maraqlarına uyğundur.

Dəyərli layihə iştirakçıları,

Sonda qeyd etmək yerinə düşər ki, informasiya vasitələrinin dairəsi genişləndikcə jurnalistika da öz ənənəvi çərçivəsindən çıxmaqla yeni özünüifadə imkanları qazanır. Bu isə təəssüflə bildirməliyik ki, bəzən onun öz tarixi kökləri, prinsipləri və amalları ilə olan bağlarının qopmasına, ictimaiyyətə, fərdə, dövlətə, həmçinin həqiqətə, haqqa və ədalətə xidmət kimi ülvi niyyətlərindən kənara çıxmasına rəvac  verir. Belə ki, azad fikrin ifadə edilməsi şəxsin şərəfinin tapdalanması ilə, məlumata sərbəst çatımlılıq və informasiyanın yayılması imkanı hərbi sirrin yayılması ilə nəticələnə bilir. Lakin bütün bunlar əksər vaxtlarda şəxsin qəsdi ilə yox, onun informasiya ilə işləməsi zamanı digər peşə sahəsinin prinsip və qaydaları barədə məlumatsızlığı ilə müşayiət olunur. Odur ki, cəlb olunduğunuz layihə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Layihənin gedişində və gələcək peşə fəaliyyətinizdə hər birinizə uğur arzu edirəm, şərəfli və çətin peşənizdə daim həqiqətin, nəzakətin və ədalətin tərəfində olmağınızı təmənni edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.