Yanvar ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmiş, iclasda 2016-cı ildə muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov 2016-cı ildə muxtar respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra zəruri işlər görülmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən imzalanan 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində görülən işlərlə bağlı məlumat verən Ali Məhkəmənin sədri məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazasının təkmilləşdirilməsindən, Ali Məhkəmənin nəşri olan “Bülleten”in növbəti saylarının işıq üzü görməsindən və “Bülleten”in bu saylarının da məhkəmənin rəsmi internet səhifəsində yayımlanmasından, məhkəmənin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatı ilə zənginləşdirilməsindən bəhs edib, həyata keçirilən tədbirlərin insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldiyini bildirmişdir.
Sonra muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin 2016-cı ildə həyata keçirdikləri işlərə dair məlumatları dinlənilmişdir.
İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vurmuşdur.