2016-cı il iyun ayının 11-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələrin hakimləri üçün İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 3-cü və 5-ci maddələrinin tətbiqinin aktual məsələləri, mülki və inzibati-iqtisadi işlərə baxılması zamanı yaranan problemlər və onların həlli yolları ilə bağlı seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından danışıb. Qeyd edilib ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, məhkəmələrdə yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, eləcə də onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi sahəsində ciddi addımlar atılıb.
Seminarda İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 3-cü və 5-ci maddələrinin tətbiqinin aktual məsələləri barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının sədri Şahin Yusifovun, mülki və inzibati-iqtisadi işlərə baxılması zamanı yaranan problemlər və onların həlli yollarına dair inzibati-iqtisadi kollegiyanın hakimi İlqar Dadaşovun və mülki kollegiyanın hakimi Vəfaddin İbayevin, habelə mövzu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları Kəmalə Əliyevanın, Gülarə Abdullayevanın və Süleyman Aslanovun məruzələri dinlənilib. Tədbirin gedişində mövzu ətrafında müzakirələr olub, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vurub.
Seminar muxtar respublika məhkəmələrinin hakimləri tərəfindən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının tətbiqi təcrübəsinin daha da sistemləşdirilməsi ilə yanaşı, mövzu ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından da mühüm əhəmiyyətə malik olub.