^

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİNİN MƏLUMATI

Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbulu məsələləri müzakirə olunmuşdur.

Bildirilmişdir ki, ötən ilin dekabr ayının 15-dən davam edən sənəd qəbulu zamanı 500-dən çox hüquqşünas namizədliyini irəli sürmüş, son zamanlar sənəd təqdim edənlərin sayının azalması ilə əlaqədar prosesin aprel ayının 15-də başa çatması nəzərdə tutulmuşdur.

Qanunvericilikdə hakim olmaq üçün ən azı 30 yaş müəyyən edildiyindən, yalnız bu şəxslərin sənədlərinin qəbulu həyata keçirilmişdir. Lakin hakimliyə namizədlərlə çoxsaylı imtahanlardan ibarət olan müsabiqə əvvəlki illərin təcrübəsinə görə 2 il müddətində davam edir və namizədlər yalnız müsabiqənin sonunda hakim olmaq hüququ qazanırlar.

Bununla əlaqədar iclasda 28 yaşı tamam olmuş və hakim olmaq üçün qanunvericilikdə nəzərdə tutulan digər tələblərə cavab verən şəxslərin də müsabiqədə iştirakına imkan verilməsi qərara alınmışdır.

Həmin şəxslərin sənədlərini təqdim etmələri üçün şərait yaradılması məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən sənəd qəbulunun vaxtı may ayının 1-dək uzadılmışdır.

Hakimlərin Seçki Komitəsi tərəfindən təqdim olunmuş imtahan suallarının annotasiyası ilə buradan tanış ola bilərsiniz

Hakim olmaq arzusunda olan hüquqşünaslara xatırladılır ki, Naxçıvan Muxtar Respublikasında hakimliyə namizədlərin sənədlərinin qəbulu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında 4 nömrəli otaqda saat 9:00-dan 18:00-dək keçirilir.