^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

3 oktyabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət etmişlər.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi işçilərinin təltif edilməsi haqqında” 2015-ci il 2 oktyabr tarixli Sərəncamını oxumuş, 90 illik yubiley münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunduğunu bildirmişdir.

Cəlil Rüstəmov Fəxri Fərmanı oxuyub təqdim etdikdən sonra çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında məhkəmə-hüquq sistemi böyük bir yol – təşkilatlanma mərhələsi keçmişdir. Bu inkişafın ötən əsrin 70-80-ci illə¬rini əhatə edən mərhələsi xüsusilə əlamətdardır. Ulu öndər Heydər Əliyevin həmin dövrdə elan etdiyi “Qoy ədalət zəfər çalsın!” prinsipi cəmiyyətin digər sahələri kimi, məhkəmə-hüquq sisteminin də yeni tələblər səviyyəsində qurulmasını nəzərdə tuturdu.

Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin ikinci dövründə də ədalət mühakiməsinin təmin olunması, ali prinsip olan insan və vətəndaş hüquqlarının qorunması diqqət mərkəzində saxlanmışdır. Bu diqqətin nəticəsidir ki, məhkəmə-hüquq sistemində islahatlar keçirilmiş, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında məhkəmələrin səlahiyyətləri artırılmış və fəaliyyətlərinin müasirləşdirilməsi üçün tədbirlər görülmüşdür.

Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi səmərəli hüquqi təsisat kimi formalaşmış, muxtar respublikanın dövlət hakimiyyəti sistemində özünəməxsus yer tutmuşdur. Ali Məhkəmə muxtar respublikada apelyasiya qaydasında ədalət mühakiməsinin və konstitusiya nəzarətinin həyata keçirilməsi, məhkəmə-hüquq sistemində aşkarlıq və operativliyin təmin edilməsi, eləcə də insan hüquq və azadlıqlarının qorunması sahəsində qarşıya qoyulan vəzifələrin icrasında mühüm rola malikdir.

Bildirilmişdir ki, muxtar respublikada bütün sahələr kimi, məhkəmələr də qayğı ilə əhatə olunmuşdur. Bu qayğının nəticəsidir ki, Ali Məhkəmə başda olmaqla, muxtar respublikanın bütün məhkəmələri üçün yeni inzibati bina tikilmiş və müasir iş şəraiti yaradılmışdır. Eyni zamanda hakimlərin və məhkəmə işçilərinin əməyinin qiymətləndirilməsi də diqqət mərkəzində saxlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi işçilərinin bir qrupunun təltif olunması, eləcə də Ali Məhkəmənin bütün kollektivinin mükafatlandırılması hörmətli Sədrimiz tərəfindən bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir. Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi münasibətilə kollektivi bir daha təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məhkəmənin yaranma tarixinə nəzər salaraq bildirmişdir ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1925-ci il 3 oktyabr tarixli qanunu ilə Azərbaycan SSR Ali Məhkəməsinin Naxçıvan MSSR bölməsi yaradılmışdır. Bölmə 1934-cü ildə Naxçıvan MSSR Baş Məhkəməsi, 1937-ci ildə isə Naxçıvan MSSR Ali Məhkəməsi adlandırılmışdır.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi məhkəmə quruluşunun, ədalət mühakiməsi qaydalarının köklü şəkildə dəyişdirilməsini zərurətə çevirmişdir. Lakin həmin dövrdə digər sahələr kimi, məhkəmə orqanlarının fəaliyyəti də diqqətdən kənarda saxlanılmış, bu sahədə əsaslı islahatlar həyata keçirilməmişdir. Yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra məhkəmə hakimiyyəti sistemində də köklü dəyişikliklər baş vermişdir. “Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”, – deyən ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur.

Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə sisteminin inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısının məhkəmə hakimiyyətinin müasirləşdirilməsinə həsr olunan 2006-cı il 19 yanvar tarixli Fərmanı məhkəmə islahatlarının növbəti mərhələyə qədəm qoymasına böyük təkan vermiş, vətəndaşların hüquq institutlarına olan tələbatının daha keyfiyyətlə təmin olunması üçün ölkəmizdə yeni apelyasiya məhkəmələri yaradılmışdır. Məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanları ilə regionlarda Ağır Cinayətlər və İnzibati-İqtisadi məhkəmələr yaradılmış, ölkədə fəaliyyət göstə¬rən Apelyasiya, Ağır Cinayətlər, İnzibati-İqtisadi və Hərbi məh¬kəmələrin ərazi yurisdiksiyası müəyyənləşdirilmişdir.

Bildirilmişdir ki, həyata keçirilən məhkəmə-hüquq islahatları ölkəmizin digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında da fəaliyyət göstərən məhkəmə orqanlarını əhatə etmişdir. Ölkə Prezidentinin müvafiq fərmanlarından sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Ağır Cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası ləğv olunaraq ağır və xüsusilə ağır cinayətlərə baxmaq səlahiyyəti yeni yaradılmış Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Eyni zamanda Ali Məhkəmədə daha iki kollegiya – iqtisadi mübahisələrə dair işlər üzrə və hərbi məhkəmələrin işləri üzrə kollegiyalar fəaliyyətə başlamış, muxtar respublikada fəaliyyət göstərən bütün rayon (şəhər) və ixtisaslaşdırılmış məhkəmələrin hökm və qərarlarından apelyasiya şikayəti və protestlərinə baxılması səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə verilmişdir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli Fərmanının mühüm əhəmiyyətə malik olduğunu bildirən Ramiz Süleymanov demişdir ki, fərmana əsasən, muxtar respublikanın hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülmüş, məhkəmələr üçün yeni inzibati binalar tikilmişdir. Hazırda muxtar respublikanın bütün məhkəmə orqanları müasir binalarda fəaliyyət göstərir.
Ali Məhkəmənin sədri bildirmişdir ki, muxtar respublikada məhkəmə hakimiyyəti orqanlarının hakim korpuslarının formalaşdırılması zamanı ən mütərəqqi və şəffaf qaydaların tətbiq olunması, yüksək bilik və mənəvi keyfiyyətlərə malik olanların hakim seçilməsi diqqət mərkəzində saxlanılır. Ötən müddətdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan 16 hüquqşünas muxtar respublikada fəaliyyət göstərən məhkəmələrə hakim vəzifələrinə təyin edilmişdir. Bundan başqa, peşəkarlıq və hüquqi hazırlıq nümayiş etdirən 4 hakim Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 5 hakim məhkəmə sədri vəzifəsinə irəli çəkilmiş, habelə 1 hakim Məhkəmə-Hüquq Şurasının, 1 hakim isə Hakimlərin Seçki Komitəsinin üzvü seçilmişdir. Əvvəllər muxtar respublikanın məhkəmə orqanlarında fəaliyyət göstərmiş 3 hakim hazırda Azərbaycan Respublikası Ali Məhkəməsində, 6 hakim isə ölkəmizin digər regionlarının müxtəlif məhkəmə orqanlarında hakimlik fəaliyyətlərini davam etdirirlər.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi bundan sonra da muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli fəaliyyət göstərəcək, bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri İlham Cəfərov və İslam Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təqaüddə olan hakimi Şamxal Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qabil Məmmədov, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının şöbə müdiri Mehdi Əliyev çıxış edərək məhkəmə orqanlarına göstərilən dövlət qayğısından danışmış, kollektivi 90 illik yubiley münasibətilə təbrik etmişlər.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təltif olunmuş Seyidova Xasa Seyidəli qızına “Rəşadətli əməyə görə” nişanı təqdim olunmuş, Ali Məhkəmənin bir qrup işçisinə qiymətli hədiyyələr verilmişdir.