Naxçıvan şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin hakimləri üçün “Azərbaycan inzibati prosesinin aktual problemləri” mövzusunda 30 iyun 2015-ci il tarixdə 1 günlük seminar keçirilmişdir.
Seminarın təşkili və muxtar respublikada fəaliyyət göstərən hakimlərin peşəkarlıq səviyyəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihə rəhbəri Tomas Hermann Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 21 iyul 2015-ci il tarixdə ünvanlandığı təşəkkür məktubunda seminarın təşkil olunması üçün muxtar respublikada yaradılmış şəraitə və göstərilmiş köməyə görə dərin təşəkkürünü bildirmiş, seminarın peşəkarlıq baxımından yüksək səviyyədə keçirildiyini qeyd etmişdir.
Məktubda muxtar respublikada ədalət mühakiməsinin daha da inkişaf etməsinə və təkmilləşdirilməsinə daima diqqət göstərilməsi faktı xüsusi şəkildə vurğulanmışdır.
Naxçıvan Muxtar Respublikası məhkəmə orqanlarının fəaliyyətinə uğurlar arzulayan Tomas Hermann bu cür əməkdaşlıqları məmnuniyyətlə gələcəkdə də davam etdirmək niyyətində olduqlarını bildirmişdir.