^

Naxçıvan Muxtar Respublikasının hakimləri üçün “Azərbaycan inzibati prosesinin aktual problemləri (Naxçıvan Muxtar Respublikasında hüquqtətbiqetmə təcrübəsi nəzərə alınmaqla)” mövzusunda seminar keçirilmişdir

30 iyun 2015-ci il tarixdə Naxçıvan şəhərində Azərbaycan Respublikası Ali Məh­kəməsi, Naxçıvan Muxtar Respublika­sı Ali Məhkəməsi  və Almaniya Beynəlxalq Əmək­daşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin hakimləri üçün “Azər­baycan inzibati prosesinin aktual problemləri (Naxçıvan Muxtar Respublikasında hüquq­tətbiqetmə təcrübəsi nəzərə alınmaqla)” mövzusunda bir günlük seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açaraq insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqa­mətində ölkəmizdə həyata keçirilən genişmiq­yaslı məhkəmə-hüquq islahatlarından söh­bət açmış və qeyd etmişdir ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, məhkəmələrdə yeni informasiya-komunikasiya texnologiyalarının geniş tət­biqi, eləcə də onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi sahəsində ciddi addımlar atılmışdır.

Daha sonra çıxış edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə layihə rəhbəri Tomas Herrmann seminarda müzakirə olunan məsələnin  aktuallığını və əhəmiyyətini xüsusi qeyd etmişdir.

Seminarda Almaniyanın Baden-Vürttemberq Yuxarı İnzibati Məhkəməsinin Sədri Folker Ellenberqervə həmin məhkəmənin hakimi (tərkib sədri) Dr. Robert Kellerin “Azərbaycan inzibati prosesinin aktual problemləri: Al­man baxışı” mövzularında, Azər­baycan Respub­likası Ali Məhkəməsinin hakimi İlqar Dadaşovun “Azərbaycanda İnzibati Prosesual Məcəl­lənin tətbiqi ilə bağlı aşağı məhkəmələrin praktikasındakı problemlər”, habelə Naxçıvan Muxtar Respublikası Ali Məhkəmə­sinin hakimi Yusifəli Qurbanovun “Naxçıvan Muxtar Respublikasının məhkəmələri tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Mə­cəl­ləsinin tətbiqi ilə bağlı aktual məsələlərin icmalı” mövzularında məruzələri dinlənilmişdir.

Seminarın gedişində mövzu ətrafında maraqlı müzakirələr olmuş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası məhkəmə orqanlarının fəaliyyətinə uğurlar arzulayan Tomas Herrmann yüksək tələblərə cavab verən bu cür əməkdaşlıqları gələcəkdə də davam etdirmək niyyətində olduqlarını bildirmişdir.

Seminara Ali Məhkəmənin sədri Ramiz Süleymanov yekun vurmuşdur.

Seminar muxtar respublika məhkəmələrinin hakimləri tərəfindən milli qanunverici­liyin tətbiqi təcrübəsinin daha da sistemləşdirilməsi ilə yanaşı, mövzu ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından da mühüm əhəmiyyətə malik olmuşdur.