23-24 aprel 2013-cü il tarixdə Naxçıvan şəhərində “Təbriz” mehmanxanasında Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının hakimləri üçün “Azərbaycan inzibati və mülki prosesinin aktual problemləri” mövzusunda 2 günlük seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açaraq insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ölkəmizdə həyata keçirilən hüquq islahatlarından söhbət açmış, qeyd etmişdir ki, məhkəmə-hüquq islahatlarının ilkin mərhələsində atılmış addımlar nəticəsində bu sahədə demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazası formalaşdırılmış, ölkəmizdə üçpilləli məhkəmə sistemi bərqərar olmuşdur.
Bildirilmişdir ki, bu sahədə həyata keçirilən islahatların davamı kimi məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul və 9 avqust tarixli Fərmanlarına uyğun ölkədə ilk dəfə olaraq 2011-ci ilin yanvar ayından İnzibati məhkəmələr fəaliyyətə başlamışdır. Bu sahədə ədalət mühakiməsini həyata keçirmək üçün zəruri qanunvericilik bazası olan İnzibati Prosessual Məcəllə və “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq olunmağa başlamışdır.
Ali Məhkəmənin sədri qeyd etmişdir ki, “Naxçıvan Muxtar Respublikasında Hüquq İnstitutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanın qəbul edilməsindən sonra ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi altında muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, eləcə də onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Qeyd olunmuşdur ki, “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” Proqramı çərçivəsində bu tədbirin keçirilməsi həm muxtar respublika məhkəmələrinin hakimləri tərəfindən milli qanunvericiliyin tətbiqi təcrübəsinin daha dərindən öyrənilməsi, hakimlərin ölkə miqyaslı tədbirlərə cəlb edilməsi, həm də mövzu ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
GIZ Azərbaycan üzrə layihə rəhbəri, alman hakim Tomas Melser çıxış edərək “Azərbaycan inzibati və mülki prosesinin aktual problemləri” mövzusunda seminar-müşavirəni son dərəcə aktual və əlmətdar bir mövzuya həsr olunduğunu qeyd etmişdir.
Daha sonra seminar öz işinə başlamış, Almaniyanın təqaüddə olan hakimi Dr. Peter Yakob “Azərbaycan inzibati prosesin aktual problemləri: Alman baxışı” mövzusunda, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dadaşov “Azərbaycanda İnzibati Prosesual Məcəllənin tətbiqi ilə bağlı aşağı məhkəmələrin praktikasındakı problemlər” mövzusunda, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin sədri Hicran Muradov “Naxçıvan Muxtar Respublikasının məhkəmələri tərəfindən İnzibati Prosessual Məcəllənin tətbiqi ilə bağlı aktual məsələlərin icmalı” mövzusunda çıxışlar etmişlər.
Seminar öz işini aprelin 24-də davam etdirmiş, GIZ Azərbaycan üzrə layihə rəhbəri, alman hakim Dr. Tomas Melser “Azərbaycan mülki prosesin aktual problemləri: Alman baxışı” mövzusunda, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyev “Azərbaycanda Mülki Prosessual Məcəllənin tətbiqi ilə bağlı aşağı məhkəmələrin praktikasındakı problemlər” mövzusunda, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Kərim oğlu Allahverdiyev “Naxçıvan Muxtar Respublikasınn məhkəmələri tərəfindən Mülki Prosessual Məcəllənin tətbiqi ilə bağlı aktual məsələlərin icmalı” mövzusunda çıxışlar etmişlər.
Çıxışlarda İnzibati və Mülki Prosessual Məcəllənin məhkəmələr tərəfindən tətbiqi zamanı ortaya çıxan problemlərin həlli yolları, müxtəlif məsələlərlə əlaqədar vahid məhkəmə təcrübəsinin yaradılmasının vacibliyi vurğulanmış, Naxçıvan Muxtar Respublikası məhkəmələrinin bu sahədəki təcrübəsi müzakirə edilmiş, qanunvericiliyin müddəaları təhlil olunmuşdur.
Sonda çıxışlar ətrafında müzakirələr aparılmışdır.
Seminar-müşavirəyə Ali Məhkəmənin sədri Ramiz Süleymanov yekun vurmuşdur.