Ölkəmizin bütün regionlarında yaşayan əhalinin hüquq və mənafeyinin obyektiv və qərəzsiz ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi və müasirləşdirilməsi konsepsiyası dövlət başçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsası hesab edilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanı xüsusi çəkiyə malikdir. Fərmanın qəbulundan sonra ötən 6 ilə yaxın müddət ərzində Naхçıvan Muхtar Rеspublikası Ali Məclisi Sədrinin bilavasitə tövsiyə və tapşırıqları sayəsində muхtar rеspublikada hüquq institutlarının inkişafı, hüquq-mühafizə оrqanlarının və məhkəmələrin fəaliyyətinin müasir standartlar səviyyəsində təşkil olunması istiqamətində ciddi addımlar atılmışdır. Görülən bu işlər Naxçıvan Muxtar Respublikasının məhkəmə orqanları sisteminin inkişafına təkan vermişdir.
Yaradılan şəraitdən faydalanaraq vətəndaşların hüquq xidmətlərinə olan tələbatını təmin etmək, ədalət mühakiməsinin səmərəliliyini daha da artırmaq, vahid məhkəmə təcrübəsinin formalaşmasını stimullaşdırmaq məqsədilə bu ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində “Məlumatlandırma mərkəzi” yaradılmışdır. “Məlumatlandırma mərkəzi” iddia tələbləri ilə bağlı vətəndaşlara əvvəllər məhkəmədə baxılmış oxşar işlər üzrə qərarlarla tanış olmaqla öz iddia tələblərinin perspektivini müəyyən etməyə əlverişli imkan yaradır. Belə ki, məhkəmədə iddia qaldırmaq və ya birinci instansiya məhkəmələrinin qərarlarından şikayət vermək üçün müraciət edən vətəndaşlar “Məlumatlandırma mərkəzi”ndə yaradılmış “Məhkəmə qərarlarının elektron bazası” vasitəsilə iddia tələbləri ilə bağlı əvvəllər məhkəmədə baxılmış oxşar işlərə dair qətnamələr və məhkəmənin digər yekun qərarları (həmin işlər üzrə proses iştirakçılarının şəxsi məlumatları şərti təqdim olunur) ilə tanış edilirlər. Bu zaman həmin şəxslər iddia tələblərinin mahiyyətini mərkəzin hüquqşünaslarına bildirir, hüquqşünas tərəfindən “Məhkəmə qərarlarının elektron bazası”nda həmin tələblə bağlı axtarış verilir, əgər oxşar işlərlə bağlı məhkəmənin əvvəllər çıxardığı qətnamələr bazada mövcuddursa, bu zaman həmin qərarların surəti tanış olması üçün vətəndaşlara təqdim olunur. Bununla da vətəndaşlar öz iddialarının perspektivini əyani şəkildə müəyyən etmiş olurlar. Əgər oxşar hallarla bağlı məhkəmənin əvvəl çıxardığı yekun qərarlar onların iddia tələbinin perspektivli olmadığını göstərərsə, bu zaman vətəndaşlar əlavə xərc çəkib məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə bilərlər. Və ya əksinə, əgər oxşar hallarla bağlı məhkəmənin əvvəl çıxardığı yekun qərarlar onların iddia tələbinin perspektivli olduğunu təsdiq edərsə, şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər.
Həmçinin, vətəndaşlar tərəfindən məhkəmə qərarlarının səhv anlaşılması və bununla da onların hüquqlarının mümkün pozulması hallarının qarşısını almaq məqsədi ilə qərarlarla tanışlıqdan sonra mərkəzin hüquqşünasları tərəfindən vətəndaşla söhbət aparılır, onun düzgün hüquqi nəticəyə gəlib-gəlmədiyi aydınlaşdırılır və bu barədə həmin şəxsə məlumat verilir.
Ümumiyyətlə, mərkəzin fəaliyyəti daha əyani və əsaslı olduğundan, konkret hüquqi nəticələrə gəlməyə əsas verən məhkəmə qərarlarına əsaslandığından, o cümlədən heç bir maddi vəsaitin ödənilməsi tələb olunmadığından vətəndaşlar üçün olduqca əlverişlidir. Onu da qeyd etmək lazımdır ki, bu prosedur vətəndaşlar üçün məcburi xarakter daşımır.
İnanırıq ki, Naxçıvan MR Ali Məhkəməsi tərəfindən həyata keçirilməyə başlanılan, ədalət mühakiməsinin səmərəliliyinə və vətəndaşların məhkəmə müdafiəsi hüququnun daha da etibarlı şəkildə müdafiəsinə yönələn bu layihə əhali arasında maraqla qarşılanacaqdır.