^

Naxçivan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir

11 yanvar 2012-ci il tarixində keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov 2011-ci ildə muxtar respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi 2011-ci ildə də Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, eləcə də onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, Naxçıvan Şəhər və Culfa Rayon Məhkəmələri üçün qabaqcıl meyarları özündə əks etdirən yeni inzibati binalar tikilib istifadəyə verilmiş, məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz edilməsi, habelə məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər həyata keçirilmişdir.

Ali Məhkəmənin sədri çıxışında məhkəmənin rəsmi internet səhifəsinin Azərbaycan dili ilə yanaşı, ingilis dilində də yayımlanmasından, Ali Məhkəmənin nəşri olan bülletenin növbəti saylarının işıq üzü görməsindən, məhkəmənin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatı ilə zənginləşdirilməsindən bəhs edib, həyata keçirilən tədbirlərin insan hüquq və azadlıqlarının təmin olunmasına və hüquqi maarifləndirmə işinin daha da gücləndirilməsinə yönəldiyini bildirib.   

Sonra muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin 2011-ci  ildə gördükləri işlərə dair məlumatları dinlənilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquqmühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edib.

İclasa Ali Məhkəmənin sədri Ramiz Süleymanov yekun vuraraq bildirib ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi öz fəaliyyətini bundan sonra da qanunvericiliyin tələbləri səviyyəsində təşkil edərək ədalət mühakiməsini obyektiv, tam və qərəzsiz şəkildə həyata keçirəcək, vətəndaşların hüquqi maarifləndirilməsi işinin daha da gücləndirilməsi və əhalinin hüquq xidmətlərinə olan təlabatının ödənilməsi üçün səylərini davam etdirəcəkdir.