^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində tədbir keçirilib

 

Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. Xalqımız ikinci tarixi imkanı yalnız 70 il sonra qazana bilib. 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb. Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışan Səadət Bəktaşi qeyd edib ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxarıb. Ali Məhkəmənin sədri 44 günlük Vətən müharibəsinə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz Ordumuzun qələbəsinə diqqət çəkib. Vurğulayıb ki, bu qələbə xalqımızın qəlbində və zehniyyətində qəhrəmanlıq salnaməsinə çevrilib.

Çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı Vüsal Muradov dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edib.

Daha sonra hakim vəzifəsinə qəbulla bağlı müsabiqədə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidentinin 11 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi vəzifəsinə təyin olunan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Tural Əliyev hakim qismində kollektivə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi hakim təyin olunmuş Tural Əliyevi məhkəmənin kollektivi və öz adından təbrik edib və onun məhkəmə orqanlarında qazandığı təcrübənin və uzunmüddətli təlim-tədris proseslərində əldə etdiyi yüksək bilik və bacarıqların məhkəmə hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə və cəmiyyətimizdə ədalət mühakiməsinə olan etimadın daha da artırılmasına töhfə verəcəyinə şübhə etmədiyini bildirib.

Sonda çıxış edənlər Tural Əliyevin öz nizam intizamı və əzmi ilə seçildiyini vurğulayib ona hakim kimi gələcək fəaliyyətində uğurlar arzu ediblər.