^

“Azərbaycanda gender bərabərliyinin təminatçısı ulu öndər Heydər Əliyev” mövzusunda konfransda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iştirak edib

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirə görüntülü bağlanan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirakçıları səmimi salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

Qeyd edilib ki, ölkəmizdə vəkilliyin müstəqil təsisat kimi formalaşması, dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tarixin dahi şəxsiyyətlərindən biri kimi daim qadınların hüquqlarının qorunması, onların ictimai həyatda iştirakı, idarəçilikdə ön plana çəkilməsi və digər məsələləri daim diqqətdə saxlayıb. Görkəmli dövlət xadimi qadınları idarəetmə, qərar qəbuletmə, sosial həyatın bütün sahələrində iştirak etməsinə çox böyük əhəmiyyət verib. Dahi şəxsiyyət qadın problemlərinin dövlət səviyyəsində həlli üçün müvafiq fərman və sərəncamlar imzalayıb, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ulu Öndərin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I Qurultayı, 2003-cü ildə isə II Qurultayı keçirilib.

Bildirilib ki, Ümummilli Liderimiz tərəfindən əsası qoyulan dövlət qadın siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə başçısının, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəklərə qalxıb.

Vurğulanıb ki, bu gün Azərbaycanda elə fəaliyyət sahəsi yoxdur ki orada qadınlar təmsil olunmasın. Qadınlar qanunverici, icra, məhkəmə, vəkillik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyırlar. Vəkillər Kollegiyası üzvlərinin bir hissəsini qadınlar təşkil edir. Kollegiyanın Rəyasət Heyətinin müvafiq qərarı ilə qadın vəkillərin şəbəkələnməsi, qadın hüquqşünasların vəkilliyə marağının artırılması, o cümlədən onların fəaliyyətlərində qarşılaşdığı çətinliklə mübarizə məqsədilə Qadın Vəkillər Alyansı yaradılıb. Bu da dövlət tərəfindən qadın vəkillərə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir. Həmçinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən qadın vəkillərin “Tərəqqi” medalı ilə təltif edilməsi, yubileylərinin keçirilməsi yüksək diqqətin göstəricisidir.

Anar Bağırov onu da bildirib ki, vəkillik institutu daim inkişaf edir, qadın vəkillərin cəmiyyətdə rolunun artırılması, vəkillikdə gender balansının təmin edilməsi, Naxçıvanda vəkillik fəaliyyətinin güclənməsi kollegiyanın əsas prioritet məsələlərindəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış edərək bildirib ki, Azərbaycanda gender bərabərliyinin təmini və təşviqi Ulu Öndər Heydər Əliyev siyasətinin vacib amillərindən biridir. Cinsi ayrı seçkilikdən qaynaqlanan məsələlərin həlli ilə bağlı bir çox qanunların, fərman və sərəncamların qəbulu, beynəlxalq təşkilatların üzvü kimi ölkəmizdə mühüm sənədlərin tətbiqi gender bərabərliyinin həyata keçirilməsi və təminatının inkişafına təkan verib. Ölkəmizdə aparılan gender siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan qadını həm ailədə, həm siyasi həyatda, həm də dövlət quruculuğunda bərabər imkanlardan yararlanır.

Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri vəzifələrini müvəqqəti icra edən Vüsal Həsənov, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət heyətinin üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Qadın Vəkillər Alyansının üzvü, mediatr Leyla Məmmədova, Bakı şəhər 2 saylı Vəkil Bürosunun müdiri Rəna Məmmədova, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Mərkəz Vəkil bürosunun müdiri, Alyansın üzvü Gülşən Salmanova çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təsdiq olunmuş “Tədbirlər Planı”na uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində belə bir konfransın təşkili rəmzi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlayıb, qadın hüquqlarının qorunmasında mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub. 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” müvafiq Sərəncam qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mühüm rol oynayıb, Azərbaycan Respublikası Konstitusiyasında kişi ilə qadının eyni hüquq və azadlıqları təsbit edilib. Bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gender siyasəti sahəsində beynəlxalq əməkdaşlıq, beynəlxalq təcrübədən yararlanmaq uğurların əldə olunmasında müstəsna rol oynayıb. Həmçinin dövlət-gender siyasətinin uğurla həyata keçirildiyi muxtar respublikamızda da qadınlar bütün sahələrdə aktiv fəaliyyətlərini davam etdirir, onların məşğulluqlarının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublika qadınlarının fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir, fəxri adlara, mükafatlara layiq görülürlər.

 

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.