Ali Məhkəmənin Cinayət kollegiyasının kollegiyaya daxil olan bütün hakimlərindən ibarət tərkibdə xarici dövlətin məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının ərazisində icrası məsələsi üzrə qərarı qəbul olunmuşdur.
Qərara əsasən xarici dövlətin məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması məsələsinə müvafiq apellyasiya məhkəməsində baxılması zamanı “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulmuş prosedura və həmin Konvensiyanın 10-cu maddəsində göstərilən şərtlərə, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə əlaqələrində isə həm də qeyd edilən prosedurla uzlaşan “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Konvensiyanın 12-ci maddəsinin və 1994-cü il 26 may tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilə”nin 6-cı maddəsinin müddəalarına əməl olunmalıdır.
Qeyd olunan prosedur, şərtlər və müddəalara əməl olunması xarici dövlətin məhkəməsinin hökmündə təsvir edilmiş faktiki halların yenidən dəyərləndirilməsini istisna etməklə hökmdə əksini tapmış əməlin hüquqi tövsifi rəhbər tutulmaqla məhz tövsifin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni əməli nəzərdə tutan maddəsinə (maddələrinə) uyğunlaşdırılmasını tələb edir.
Ali Məhkəmənin Cinayət kollegiyasının bütün hakimlərindən ibarət olan tərkibinin bu yanaşmasına əsasən təqdimatda qeyd edilən konkret material üzrə qanuni və əsaslı nəticə kimi məhkum XXX Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 2017-ci il 4 avqust tarixli hökmündə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin “q” bəndi ilə tövsif olunmuş əməlinə uyğun gələn (tövsifin uyğunlaşdırılmalı olduğu), milli qanunvericiliyin eyni əməli nəzərdə tutan normaları kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələri qəbul edilməlidir.
Ali Məhkəmənin Cinayət kollegiyasının məhkum XXX barəsində olan materiala baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələyə baxan bütün digər məhkəmə tərkibləri hazırkı qərarda müəyyən edilmiş hüquqi mövqeyi rəhbər tutmalıdırlar.
Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz.