^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universiteti arasında birgə əmkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

2023-cü il aprelin 19-da Naxçıvan Muxtar Respublikası Ali MəhkəməsiNaxçıvan Dövlət Universiteti arasında birgə əmkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi qonaqları salamlayaraq, onları Ali Məhkəmədə görməkdən məmnunluğunu ifadə edib. Səadət Bəktaşi qeyd edib ki, hazırkı tədbir əlamətdar zamana təsadüf edir. Belə ki, bu il mayın 10-da ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunmuşdur. Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş məhkəmə-hüquq islahatları Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Ölkədə aparılan bu islahatların əsas məqsədlərindən biri də işində məsuliyyətli, savadlı və peşəkar hüquqşünasların yetişdirilməsi, onların hüquq sistemində öz layiqli yerlərini almasıdır.

Naxçıvan Dövlət Universiteti muxtar respublikada fəaliyyət göstərən ən qabaqcıl və hazırda hüquq fakültəsinin tədris olunduğu yeganə təhsil ocağıdır. Özünün çoxşaxəli fəaliyyəti ilə Universitetin kadr hazırlama imkanları xüsusilə təqdirəlayiqdir. Bu baxımdan Universitetin fəaliyyətini yüksək qiymətləndirən Səadət Bəktaşi hazırda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşlarının əksəriyyətinin və məhkəmə sistemində fəaliyyət göstərən hakimlərin müəyyən hissəsinin bu universitetin məzunları sırasından təşkil olduğunu diqqətə çatdırıb. 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri bildirib ki, birgə əməkdaşlıq haqqında memorandumun imzalanması Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutub ki, bu da öz növbəsində Universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaları, həmçinin əməkdaşlıq çərçivəsində elmi-parktiki konfransların, seminarların, təlim kurslarının, mühazirə və görüşlərin təşkili  üçün geniş imkanlar yaradacaqdır.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Universitetin fəaliyyəti, aparılan islahatlar haqqında geniş məlumat verərək bildirib ki, hazırda Universitetdə 75 bakalavr, 80 magistr, 40 doktorantura və 40 rezidentura proqramı üzrə kadr hazırlığı həyata keçirilir. Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində 514 tələbə təhsil alır. Tələbələrin günün tələblərinə uyğun, əmək bazarının tələbatına cavab vermək potensialına malik, hazırlıqlı formada yetişdirilməsi baxımından imzalanacaq memorandum vacib əhəmiyyət daşıyır. Birgə əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması Naxçıvan Dövlət Universitetinin tələbələrinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində təcrübə proqramlarında iştirak etmək üçün geniş imkanlar yaratmaqla onların bilik və təcrübələrinin artırılmasına, nəzəriyyədə qazandıqları biliklərin təcrübədə istifadə bacarıqlarının formalaşmasına böyük töhfə verəcək.

Birgə əmkdaşlıq haqqında anlaşma Memorandumunu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev imzalamışlar. 

Sonda hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.