Dekabrın 20-də Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Qasım Əliyev iştirak edib.
İclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş tərəqqi yolunun cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini vurğulayıb, ölkə başçısının 18 illik fəaliyyətinin xalqımızın Böyük Qələbəsini təmin etdiyini bildirib.
Bu illər ərzində respublikamız iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmlənib və əldə edilmiş nailiyyətlərə görə dünyada ən islahatçı ölkələrdən biri kimi xarakterizə olunub. Vətən müharibəsində Azərbaycan Ordusu dövlətimizin qüdrətini, unikal hərbi əməliyyatları ilə dünyanın ən güclü 50 ordusundan olduğunu bir daha təsdiq edib.
Bildirilib ki, işğaldan azad olunmuş doğma torpaqlarımız ölkə Prezidentinin qətiyyəti və yenilməz iradəsi ilə yenidən dirçəlir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə nəcib təşəbbüsləri ilə mühüm layihələr həyata keçirilir.
Respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ölkə Prezidenti cənab İlham Əliyevin müəllifliyi ilə məhkəmə-hüquq sistemində də mütərəqqi islahatlar aparılır. Bu sahədə islahatların dərinləşdirilməsi haqqında 03.04.2019-cu il tarixli Fərman işin müasir çağırışlara uyğun yeni mərhələdə təşkilini şərtləndirib.
Fərmana uyğun olaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə mühüm qanunlar qəbul edilib, o cümlədən məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi, süründürməçilik və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib, cəza siyasəti humanistləşdirilib, hakimlərin və məhkəmə aparatı işçilərinin maddi və sosial təminatı yaxşılaşdırılıb.
Məhkəmələrə əlçatanlığın asanlaşdırılması məqsədilə yeni regional məhkəmələr təsis edilib, məhkəmə icraatında şəffaflığın artırılması üçün İKT-lərin tətbiqi genişləndirilib, «Elektron məhkəmə» informasiya sisteminin bütün ölkəni əhatə etməsi üzrə tədbirlər görülüb, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb.
Məhkəmə fəaliyyətinə mənfi təsir göstərən amillərdən biri kimi hakimlərin iş yükünün çox olması nəzərə alınaraq, ölkə Prezidenti tərəfindən hakimlərin sayının ötən dövrdə dəfələrlə, o cümlədən qeyd edilən Fərmanla bütün hakim sayının daha üçdə biri qədər artırıldığı vurğulanıb.
Bildirilib ki, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydasına uyğun olaraq vakansiyaların dərin biliklərə və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi ilə bağlı davamlı seçim prosesi aparılır. Hakim korpusunun 75%-dən çoxu məhz şəffaf seçim əsasında təyin olunan yeni nəsil hüquqşünaslardır.
Hazırda hakimliyə namizədlərin seçimi üzrə açıq müsabiqə fasiləsiz xarakter alıb. Test imtahanının İKT-lərin tətbiqi ilə keçirilməsi və nəticələrin dərhal elan edilməsi təmin olunub. Bu prosedurlarla cari ildə 44 nəfər müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 220-dək namizəd isə müsabiqələrin müxtəlif mərhələsindədir.
Həmçinin, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq dövlət başçısının tapşırığı ilə paytaxtda və bölgələrdə yeni məhkəmə bina və komplekslərinin inşa olunaraq istifadəyə verildiyi, onların “yüksək texnoloji” (hi-tech) məhkəmələrə çevrildiyi bildirilib. Həmin binaların açılışlarında Prezident İlham Əliyevin şəxsən iştirakının, təkcə bu il ərzində Suraxanı, Sumqayıt və Masallı məhkəmələri üçün yeni bina və komplekslərinin istifadəyə verilməsinin dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin təzahürü olduğu vurğulanıb.
İclasda məhkəmə hakimiyyətinin inkişafına və müstəqilliyinin təmin edilməsinə xüsusi diqqət və qayğı göstərildiyinə və xalqımıza tarixi Zəfər günləri yaşatdığına görə dövlət başçısına dərin minnətdarlıq və ehtiram ifadə olunub, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə inkişaf edərək daha da qüdrətlənəcəyinə qəti əminlik ifadə edilib.
Həmçinin, ölkə Prezidentinin tapşırıqlarının icrası çərçivəsində hakimlərin fəaliyyətinin tam obyektiv qiymətləndirilməsi üzrə ardıcıl tədbirlərin görüldüyü xüsusi vurğulanıb. Hər bir hakimin məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və etimadın möhkəmləndirilməsi üçün fəaliyyətində qanunçuluq, ədalət, qanun qarşısında bərabərlik, aşkarlıq və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etməsinin vacibliyi qeyd edilib.
Bildirilib ki, ötən il Şura tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib. Bu Qaydalara uyğun olaraq cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb. Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcəkdir.
İclasda 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib. Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.
Həmin hakimlərin peşəkarlığına, müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığına, mənəvi saflığına, etik davranışına xüsusi diqqət yetirilməklə onların təyinatı ilə bağlı təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21.12.2021-ci il tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının həmin təklifləri nəzərə alınaraq qeyd edilən hakimlər barədə müvafiq təyinatlar aparılıb.