Burada kollektivə məlumat verilib ki, muxtar respublika ərazisindəki abidələr içərisində Yusif Küseyir oğlu türbəsi öz orijinal quruluşuna görə xüsusilə diqqəti cəlb edir. Səkkiz əsr əvvəl memar Əcəmi Naxçıvani tərəfindən tikilmiş Yusif Küseyir oğlu türbəsi el arasında isə “Atababa günbəzi” kimi tanınıb. Qeyd olunub ki, Yusif Küseyir oğlu türbəsi yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramidaşəkilli günbəzlə örtülüb. Türbənin xarici və daxili, sərdabə divarlarının aşınmış hissələri, həndəsi və nəbati naxışların ilkin forması saxlanılmaqla bərpa edilib. Abidədə haşiyə, eləcə də qapı üzərindəki kitabə yazıları da bərpa olunub. Türbənin daxilindəki nəmliyin götürülməsi üçün günbəz hissədə və üst piramida örtüyündə nəfəsliklər açılıb.
Azərbaycan memarlarının daş sənəti incisi olan Yusif Küseyir oğlu türbəsini ziyarət kollektivdə xoş təəssüratlar yaradıb.