İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş tərəqqi yolunun möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini, dövlətimizin iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmləndiyini və əldə olunmuş nailiyyətlərə görə dünyada ən islahatçı ölkələrdən biri kimi xarakterizə olunduğunu vurğulayıb. Ölkə Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunmuş doğma torpaqlarımızın yenidən dirçəlməsi üzrə həyata keçirilən tədbirlər böyük fəxarət hissi ilə qeyd olunub.
Bildirilib ki, «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin təkmilləşdirilməsi işinin müasir çağırışlara uyğun yeni mərhələdə təşkilini, o cümlədən kadr islahatlarının aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirib.
Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, «Elektron Məhkəmə» informasiya sisteminin bütün ölkəni əhatə etməsi üçün tədbirlər görülüb, karantin şəraitində İKT-lər tətbiq olunmaqla, məhkəmə proseslərində video formatdan geniş istifadə olunub. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı güclənib. Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb, yeni bina və komplekslər inşa olunaraq yüksək texnoloji - «hi-tech» məhkəmələr yaradılıb.
Həmçinin, hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və çevik baxılması məqsədilə əlavə ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə, müsabiqələr xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davamlı xarakter alıb, namizədlərin distant təlimi və məhkəmələrdə təcrübələri təşkil olunub.
Müsabiqə prosesini artıq uğurla başa vurmuş 44 nəfər namizəd dövlət başçısının Sərəncamı ilə cari ilin əvvəlində müxtəlif birinci instansiya məhkəmələrinə təyin ediliblər. Hakimlərin seçimi prosesi davam olunaraq 221 nəfər hakimliyə namizəd isə hazırda müsabiqənin müxtəlif mərhələsindədirlər.
İclasda həmçinin bildirilib ki, Fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə yeni Qaydalar təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb.
Həmin Qaydalara uyğun olaraq 120-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya və digər müvafiq məhkəmələrin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, sair aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanaraq Şuranın müzakirəsinə çıxarılıb.
İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.
Bildirilib ki, Fərmanının icrası üzrə görülən tədbirlər çərçivəsində hakim kadrlarından səmərəli istifadə edilməsi ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılır. Ötən il dövlət başçısının Sərəncamları ilə 30-dan çox rəhbər hakim vəzifələrinə təyinatların aparılması, bir sıra hakimlərin intizam qaydasında aşağı işə keçirilməsi, yüksək hazırlığa və zəruri mənəvi keyfiyyətlərə malik 20-dək yeni nəsl gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi diqqətə çatdırılıb.
Bu tədbirlərin davamı olaraq Şuranın iclasında ali və apellyasiya məhkəmələrinə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 24 hakimin təyin olunması, apellyasiya məhkəmələrinin rəhbərliyində dəyişikliklərın aparılması, həmçinin, fəaliyyətində çatışmazlıqlara yol verən hakimlərin həmin məhkəmələrdən kənarlaşdırılmasına dair təkliflər verilib.
Dövlət başçısının məhkəmə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qəti tapşırıq və tövsiyələri diqqətə çatdırılaraq, prinsipial kadr dəyişikliklərinin ədalət mühakiməsinin səmərəliliyinə töhfə verəcəyinə əminlik vurğulanıb.
İclasda yeni məhkəmələrin yaradılması və hərbi məhkəmələrin ərazi yurisdiksiyasının təkmilləşdirilməsi ilə bağlı məhkəmələrin ərazi yurisdiksiyasına dəyişikliklərin edilməsi barədə qərarlar qəbul edilib.
Həmçinin Şurada hakimlər barədə intizam icraatı üzrə işlərə baxılaraq, korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri Nüsrət Mirzəyev və Tofiq Heydərova töhmət verilib, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevaya irad tutulub.