(Naxçıvan MR Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğluna məxsus məqalə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Bülleteninin 2021-ci il üzrə çap edilmiş 2-ci sayında dərc olunmuşdur.)
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - AR CM) 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.
İştirakçılığın növlərini və mahiyyətini nəzərdə tutan AR CM-in 32-ci maddəsinin məzmunu aşağıdakı kimidir:
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.
32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.
32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.
32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.
32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.
Cinayətin iştirakçılarının şərti olaraq yuxarıda qeyd olunduğu qaydada bölgüsü və hər bir iştirakçının konkret hansı hərəkətlərlə müəyyən edilməsi qanunda birbaşa göstərildiyindən iştirakçıların kimliyi ilə bağlı asan təsəvvür yaratmaq mümkündür.
Cinayətin iştirakçılarının əməlləri AR CM-in 32-ci maddəsi və cinayətin icraçısının törətdiyi cinayət əməlini əhatə edən xüsusi norma ilə tövsif olunmaqla iştirakçının məhz hansı qisimdə (təşkilatçı, təhrikçi və köməkçi) cinayət məsuliyyətinə cəlb olunması məsələsini həll edir.
Cinayətin iştirakçılarını birləşdirən ümumi cəhət onların cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərə yol verməmələridir. Yəni onları cinayətin icraçısının əməlinə münasibətdə “aksessorluq” fəaliyyəti birləşdirir.
Ümumi məqsədə xidmət etdiklərinə görə iştirakçılar tərəfindən qəsdən edilən hərəkətlər və ya hərəkətsizliklər onların “rollar”ına uyğun dəqiq sərhədlər çərçivəsində müşahidə olunmur. Daha dəqiq desək cinayətin iştirakçıları biri digərinə xas davranış elementləri nümayiş etdirir ki, bu da iştirakçılığın növünün müəyyən edilməsində mülahizələrə yol açır.
Cinayətin iştirakçılarından, xüsusilə təhrikçinin əməlləri digər iştirakçılar arasında “paylanır” və bir çox hallarda intellektual köməkçiliklə oxşarlıq təşkil edir. Aydındır ki, təhrikçinin əməli cinayətin icraçısında cinayət əməlini törətməsi üçün inam və əminlik yaratmaqla bitir. Lakin təcrübədə təhrikçinin öz fəaliyyətini köməkçiyə aid əməllərlə davam etdirdiyinə də rast gəlinir. Eyni zamanda təşkilatçının əməllərində təhrikçilik və ya köməkçilik elementlərinin olması istisna deyil. Belə ki, cinayətin təşkilatçısı cinayətin iştirakçılarını taparkən və onlar arasında vəzifə bölgüsü apararkən təhrikçilik funksiyasını da öz üzərinə götürür. Yaxud da iştirakçılar arasında əlaqələndirmə aparılması fonunda maneələri aradan qaldırmaqla təşkilatçı həm də köməkçilik etmiş olur. Bu halların baş verməsinin əsas səbəbi ondan ibarətdir ki, faktiki iştirakçılıq cinayət qanununda göstərilən bölgüyə tabe deyil. Yəni cinayətin iştirakçısı sərhəd tanımır, özünü konkret rolda görmür və aparmır.
Təhrikçiliklə bağlı onu da qeyd etmək lazımdır ki, təhrikçi birmənalı olmasa da digər iştirakçılara nisbətən müstəqil şəxsdir. Yəni təhrikçinin seçilməsi və ya təhrikçinin üzərinə təhrikçilik vəzifəsinin həvalə edilməsi ağlabatan deyil. Çünki təhrikçi müstəqil motivləri olan (qısqanclıq, paxıllıq və s.) iştirakçıdır. Təhrikçi təşkilatçı tərəfindən vəzifə bölgüsü zamanı ortaya çıxan şəxs deyil. Təhrikçi başqa şəxs tərəfindən “təhrik” olunmur. Təhrikçi özü təşkilatçı kimi hadisələrə start verən şəxsdir.
Bununla bağlı fikrimizə aydınlıq gətirək. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 saylı Plenum Qərarının 15-ci bəndində qeyd olunur ki, digər şəxsi və ya bir qrup şəxsi konkret cinayət törətmək üçün mütəşəkkil dəstə yaratmağa sövq edən şəxs dəstə iştirakçılarının müəyyən edilib seçilməsində, cinayətin (cinayətlərin) həyata keçirilməsində bilavasitə iştirak etməmişsə, onun hərəkətləri CM-in 32.4-cü maddəsinə istinad edilməklə, mütəşəkkil dəstənin törətdiyi cinayətlərdə iştirakçı kimi tövsif edilməlidir.
İştirakçılığın cinayət qanunvericiliyində təsbiti keçmiş sovet respublikalarında təxminən eyni olsa da digər ölkələrin qanunvericiliyinə nəzər saldıqda iştirakçılığın mahiyyəti və formaları ilə bağlı fərqli ifadə tərzi müşahidə edilir.
Türk Cəza Qanununun 37-ci maddəsində iştirakçılığa anlayış daha sadə şəkildə aşağıdakı məzmunda verilmişdir:
“Cinayətin qanunda göstərilən təsvirində qeyd olunan əməli birlikdə həyata keçirən şəxslərdən hər biri cinayətkar olaraq məsuliyyət daşıyır.”
Türk Cəza Qanununda da iştirakçılığın agentlik, təhrikçilik və köməkçilik formalarının adları çəkilir.
Başqa bir şəxsin əməlində iştirak formaları Almaniya Federativ Respublikasının Cinayət Məcəlləsində də nəzərdə tutulmuşdur. Belə ki, AFR Cinayət Məcəlləsi başqa bir şəxsin əməlində iştirakın iki formasını ayırır: təhrikçilik (§26 Almaniya Federativ Respublikası Cinayət Məcəlləsi) və köməkçilik (§27 Almaniya Federativ Respublikası Cinayət Məcəlləsi). İştirakçlıq aksesuarlığı ilə seçilir, yəni başqa bir şəxsin qəsdən və qeyri -qanuni hərəkəti (“əsas hərəkət”) ilə şərtləndirilir. Bununla birlikdə, bəzi mülahizələr iştirakın əsas aktdan (hərəkətdən) asılılığını məhdudlaşdırır (“məhdud aksesuarlıq”). Belə ki, iştirakçının niyyəti əsas hərəkəti əhatə etməlidir. Beləliklə, iştirakçı, təhrikçinin və ya köməkçinin xəbəri olmadan icraçının həyata keçirdiyi hərəkətin hallarına görə məsuliyyət daşımır (ekstsess). Aksesuarlıqla bağlı əlavə məhdudiyyətlər Almaniya Federativ Respublikasının Cinayət Məcəlləsinin §28-§29-da göstərilir. Almaniya Cinayət Məcəlləsinin §26-da qeyd olunanlara uyğun olaraq təhrik, başqa bir şəxsi qəsdən qanunsuz hərəkətə sövq etdirməkdir. Təhrikçi sövq etdirdiyi şəxslə açıq təmasda olmalı və əməlin törədilməsinə əminlik yaratmalıdır (“omnimodo facturis”). Yardım başqasının əsas hərəkətinə kömək etməkdir (§26 AFR CM). Əsas aktın icraçısının mövqeyini möhkəmləndirməkdən ibarət olan hər hansı bir kömək kifayətdir. Kömək fiziki olaraq (hərəkətlə) və ya zehni olaraq, məsələn, texniki məsləhət vermək və ya bir hərəkət etmək qərarını gücləndirməklə təmin edilə bilər. İştirakçının niyyəti yalnız öz hərəkətini (yardım göstərmək) deyil, həm də əsas hərəkətin tamamlanmasını əhatə etməlidir( § 27 AFR CM).
İştirakçılıqla bağlı AFR CM-də olan anlayış və təfərrüat Fransa cinayət qanunvericiliyi ilə oxşarlıq təşkil edir.
Fransa Cinayət və Cinayət Prosessual Məcəlləsinin 121-7-ci maddəsində iştirakçılığın anlayışı aşağıdakı kimi göstərilmişdir:
Cinayətin və ya qanun pozuntusunun hazırlanmasına və ya icra olunmasına kömək və ya dəstək göstərən şəxs iştirakçı sayılır.
İştirakçı, həm də hədiyyə etməklə, vəd verməklə, təhdid etməklə, səlahiyyət və ya hakimiyyətdən sui istifadə etməklə cinayətə təhrik etmiş və ya cinayət törətməyə göstəriş vermiş şəxsdir.
Qeyd olunan maddənin məzmunundan görünür ki, iştirakçılıq şərti olaraq formalara ayrılsa da konkret növlərə bölünməmişdir. Yəni konkret iştirakçı fiqurlarının adı çəkilmir. Lakin maddədə göstərilən hərəkət və ya hərəkətsizliklər iştirakçıların kim olduğunu (təşkilatçı, təhrikçi, köməkçi) ehtiva edir. Maddədə hərəkət və ya hərəkətsizliklər qruplaşdırılmışdır. Belə ki, köməkçiyə aid hərəkət və ya hərəkətsizliklər ayrıca olaraq sadalanmış, təşkilatçı və təhrikçiyə aid hərəkət və ya hərəkətsizliklər isə bir qrupda göstərilmişdir.
İştirakçılıq anlayışına olan belə yanaşma fikrimizcə daha ümumidir və bir qədər qarışıqdır. Lakin təşkilatçılıqla təhrikçiliyin bir bənddə qruplaşdırılması və az qala eyniləşdirilməsi iştirakçılıqla törədilən cinayətlərin tövsifini də ümumiləşdirir. Lakin cəzanın fərdiləşdirilməsində də qeyri-müəyyənlik yarada bilər.
Digər tərəfdən iştirakçılığa münasibətdə ümumi yanaşma vasitəsilə iştirakçılıqla bağlı təqsirləndirilən şəxsin bütün əməllərinə hüquqi qiymət vermək daha əlverişlidir. Qeyd edək ki, təşkilatçılıqla təhrikçlik paralel həyata keçirilən, yaxud biri digəri vasitəsilə həyata keçirilən və yaxud da biri olmadan digərinin realizə edilməsi mümkün olmayan fəaliyyətdir. Məsələn, cinayətin iştirakçılarının tapılması, onların fəaliyyətlərinin istiqamətləndirilməsi və ya onlar arasında əlaqələndirmə funksiyasının həyata keçirilməsi təşkilatçıya xas olan tərkib elementləridir. Belə bir sual yaranır. Təhrikçilik etmədən, yəni cinayətin iştirakçılarını təhdid etmədən, hansısa vəd vermədən və sair üsullarla iştirakçıları cinayətə sövq etdirmədən təşkilatçıya xas qeyd olunan hərəkətləri realizə etmək, yəni cinayətin iştirakçılarını tapmaq, onları istiqamətləndirmək, aralarında əlaqə yaratmaq mümkündürmü?
Əlbəttə ki, sualın cavabını bütün situasiyalara şamil etmək düzgün olmasa da əksər hallarda təhrikçiliklə təşkilatçılıq qarşılıqlı olaraq biri digərini şərtləndirən fəaliyyətdir.
Belə olan halda hər iki fəaliyyətin bir şəxs tərəfindən həyata keçirilməsi də mümkündür. Nəinki iki iştirakçılıq növünün, üç iştirakçılıq növünün belə bir şəxsdə birləşməsi mümkündür. Yəni bir şəxsin həm təşkilatçılıq, həm təhrikçilik, həm də köməkçilik əməllərini realizə etməsində heç bir maneə yoxdur.
Lakin hazırda təcrübədə cinayətin iştirakçısının əməllərinin iştirakçılığın konkret növü ilə tövsif olunması zərurəti olduğundan baş vermiş əməllərin iştirakçılığın hansı növü ilə əhatə olunmasının mümkünlüyünə və əməllərin hansı növdə intensivliyinə diqqət yetirilməlidir. Bu zaman icraçının cinayət əməli ilə bilavasitə səbəbli əlaqədə olan iştirakçıya məxsus hərəkət və ya hərəkətsizliklər də nəzərə alınmalıdır.
Təcrübəmizdə olan belə bir yanaşma isə yəni, cinayətin iştirakçısını konkret növdə qiymət verməklə onu məsuliyyətə cəlb etmək təcrübəsi mücərrəd mülahizələrə yol açmaqla yanaşı şəxsin digər iştirakçılıq növlərində törətdiyi əməlləri cinayət məsuliyyətinin hədəfindən yayındırmaq ehtimalını da yaradır.
İştirakçılığın sərhədlərinin mücərrəd olması özünü köməkçi ilə icraçı arasında olan münasibətlərdə də büruzə verir.
Bəzən cinayətin icraçıları texniki olaraq biri digərinə kömək edərək iştirakçı görüntüsü yaratsalar da əslində cinayətin obyektiv cəhətini birgə icra etmiş olurlar.
Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 saylı Plenum Qərarının 11-ci bəndində izah verilərək göstərilir ki, AR CM-in 34.2-ci maddəsinin mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.
Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-in 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir.
Bu barədə Qərarın 9-cu bəndində də açıqlama verilərək qeyd olunmuşdur ki, özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-in 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-in 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir.
Bəzi cinayətlərin tövsifi zamanı iştirakçılığın qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra plenum qərarlarında da xüsusi tövsiyələrə rast gəlirik.
İştirakçılığın qanunvericilikdə təsbitində müxtəlif ölkələrdə fərqli yanaşma məsələyə nəzəri baxışların çox şaxəli olmasından irəli gəlir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsində iştirakçılığa və onun növlərinə verilən anlayış daha dəqiq və daha konkretdir. Lakin bu o demək deyil ki, iştirakçının əməlləri qanunda göstəriləni hansısa konkret növdə qiymətləndirilməli və iştirakçı konkret növdə məsuliyyət daşımalıdır.
Fikrimizcə, araşdırılan cinayət əməlində iştirakçılığın hər hansı formada təzahür etməsindən asılı olmayaraq iştirakçının əməlinin hüquqi tövsifi AR CM-in 32-ci maddəsi ilə geniş mənada əhatə olunmalıdır. Yəni iştirakçının əməlləri bir növdə təsdiqini taparsa əməl AR CM-in 32-ci maddəsinin müvafiq bəndi ilə, iştirakçılıq qarışıq formada müəyyən edilərsə iştirakçının əməlinin ümumi olaraq AR CM-in 32-ci maddəsi ilə (iştirak etdiyi cinayət əməlinin AR CM-in uyğun maddəsi ilə birlikdə) tövsif olunması daha məqsədəmüvafiq olardı.
Fikirlərimi icraçının ekstessinin hüquqi müstəvidə həlli ilə bağlı davam etdirmək istəyirəm.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının ekstsessi) adlanan 35-ci maddəsində aşağıdakılar qeyd olunur:
35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi hesab olunur.
35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.
Qeyd edilən norma iştirakçıları onların qəsdi ilə əhatə olunmayan icraçının əməlinə görə cinayət məsuliyyətindən müdafiə edir.
Lakin maddənin mənasından görünür ki, icraçının hansısa əməlinə görə iştirakçılıq artıq mövcuddur. Yəni icraçı iştirakçıların qəsdi ilə əhatə olunmayan cinayəti və ya əlavə cinayəti törətmişdir.
Belə olan halda icraçının ekstsessi iştirakçılıqla törətmiş olduğu cinayətlə əlaqəli olan, yaxud ümumiyyətlə əlaqəsi olmayan cinayət olub- olmaması ilə bağlı təcrübədə fikirlər müxtəlifdir.
İlk öncə qeyd etmək istəyirəm ki, icraçının ekstsessi əksər hallarda iştirakçılıqla törətdiyi cinayətin fonunda baş verir. Əlbəttə ki, ekstsess sözünün mənası da latınca (“exscessus”) kənara çıxan, yayınan deməkdir. Yəni icraçı kənara çıxaraq nəzərdə tutulan cinayəti deyil, başqa cinayəti yaxud da əlavə cinayəti törədir.
Ekstsessin kəmiyyət və keyfiyyət əlamətinə görə iki yerə ayrılması barədə hüquqi fikir formalaşmışdır. Yəni icraçı ümumi niyyətdən kəmiyyət həddini və ya keyfiyyət həddini aşmaqla cinayət törədir.
Kəmiyyət ekstsessində icraçı cinayətə qəsd etmə formasından kənara çıxaraq düşünülmüş cinayətlə eynicinsli başqa cinayət törədir. Məsələn, soyğunçuluq əvəzinə quldurluq. Bu zaman icraçı quldurluğa, iştirakçılar isə soyğunçuluğa görə məsuliyyət daşıyır. Ekstsessin kəmiyyət formasında icraçı həm də düşünülmüş cinayətin təsnifat növündən kənara çıxa bilər. Məsələn, sadə adam öldürmə əvəzinə xüsusi amansızlıqla adam öldürmə.
Kəmiyyət ekstsessi birgə başlanmış cinayətin arasını kəsmir, ona görə də razılaşdırılmış hərəkət bütövlükdə baş verir. Ekstsessin kəmiyyət formasında iştirakçılar razılaşdıqları həm bitmiş, həm də bitməmiş (hazırlıq, cəhd) cinayətə görə məsuliyyət daşıyırlar.
Keyfiyyət ekstsessi xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə tamamilə başqa bir cinayətin, qanunla qorunan başqa obyektlərə ziyan vuran eyni cinsli olmayan digər cinayətin törədilməsində ifadə olunur. Məsələn, soyğunçuluq əvəzinə adam öldürmə. Keyfiyyət ekstsessi birgə başlanmış cinayətin arasını kəsir. Belə halda icraçı soyğunçuluğa hazırlığa və adam öldürməyə görə məsuliyyət daşıyır. İştirakçıların məsuliyyəti isə kəmiyyət ekstsessində olduğu kimidir. Keyfiyyət ekstsessi düşünülmüş cinayətlə birgə törədilməklə də baş verir. Məsələn, soyğunçuluq və onunla birgə zorlama. Bu zaman birgə başlanmış cinayətə hazırlıq və digər törədilmiş cinayətin məcmusuna görə, yaxud da hər iki törədilmiş cinayətin məcmusuna görə icraçının məsuliyyəti müəyyən olunur.
Lakin iştirakçıların birbaşa qəsdi ilə əhatə olunmasa da iştirakçıların nəticə ilə bağlı üst-üstə düşən maraqları icraçının ekstsessini istisna edir.
Əgər iştirakçı icraçının başqa bir təqsirli əməli törədəcəyi barədə düşünmək, versiyalar qurmaq imkanına malik olmuşdursa və buna yol vermişdirsə, icraçının ekstsessi tanına bilməz, belə ki, bu situasiyada iştirakçının dolayı qəsdi özünü büruzə verir.
Ona görə də cinayətlərin təsnifatını nəzərə almaqla cinayətdə iştirakçılıqla cinayətə aidiyyətliliyi (əlaqəlilik, bağlılıq) fərqləndirmək zərurəti yaranır.
Cinayətə aidiyyətlilik elə bir situasiyadır ki, bu zaman icraçının hərəkətləri nəticənin baş verməsi məqsədini güdən iştirakçıların hərəkətləri ilə səbəbli əlaqədə olmur.
Cinayətə aidiyyətliliyin aşağıdakı növləri vardır:
Xəbər verməmə - qanuna zidd hərəkətin hazırlanması və ya baş verməsi barədə müvafiq orqanlara xəbər verməməkdə ifadə olunur. Xəbər verməmək passivlik və məlumatsızlıqla xarakterizə olunur.
Razılaşma - cinayətə mane olmamaqdır. Hərəkətsizliklə xarakterizə olunur, yəni cinayətin törədildiyi zaman edilməli olan hərəkətin edilməməsidir.
Gizlətmə - şəxsləri, cinayətin alət və vasitələrini, cinayət yolu ilə əldə olunmuş predmetləri gizlətmədə ifadə olunur.
Gizlətmə əvvəlcədən razılaşdırılmamış və hazırlanmamış hallarda belə xüsusi təhlükəli cinayətlərə münasibətdə cinayət məsuliyyəti yaradır.
Beləliklə, iştirakçılıq icraçının törətdiyi cinayət əməlinə görə iştirakçıların birgə məsuliyyət strukturudur.
İcraçının şəxsi motiv və şəxsi təşəbbüslə törətdiyi cinayət əməlinə görə cinayətin baş verdiyi zaman orada olmuş və ya olmamış digər iştirakçılar cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.
İştirakçılar birgə törətdikləri və ya yol verdikləri cinayətə görə məsuliyyət daşıyırlar.
Ekstsess zamanı isə iştirakçılar yeni cinayətin baş vermə imkanlarını görmür və bununla bağlı təsəvvürə malik olmurlar. Ona görə də icraçının əməlinə obyektiv cəhətdən hər hansı üsulla təsir göstərmək imkanına da malik olmurlar.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Bakı “Hüquq Yayın Evi” 2021,
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 saylı Plenum Qərarı
3. https://teftis.ktb.gov.tr/TR-263596/5237-sayili-turk-ceza kanunu.html
4. https://www.legifrance.gouv.fr/codes/article_lc/LEGIARTI000006417212