May ayının 13-də Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev də iclasda iştirak etmişdir.
İclasda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında dövlət başçısı cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə bildirilib ki, Fərmanın icrasından irəli gələn məsələlər dərhal bütün apellyasiya məhkəmələri sədrlərinin, hakim assosiasiyaları rəhbərlərinin, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə Şurada geniş müzakirə edilərək kompleks tədbirlər müəyyən olunub.
Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.