^

Son 20 ildə ölkənin hüquq sahəsində aparılan islahatlar müzakirə olunub.

 

Oktyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı ilə birgə “Hüquq islahatlarının müasir mərhələsi-20 il” mövzusuna həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkədə həyata keçirilən müasir hüquq islahatları, hüquq sistemini dövrün reallıqlarına uyğunlaşdırmaq, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq istiqamətində aparılan işlər, həmçinin hüquq institutlarının inkişafı və demokratik hüquqi dövlət quruculuğu sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin əvəzsiz xidmətlərindən danışılıb. 

Muxtar Respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının müəllim və tələbə heyətinin, həmçinin vətəndaş cəmiyyətlərinin nümayəndələrinin də iştirak etdikləri tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin köməkçisi Rəşid Talıbov və Ali Məhkəmənin şöbə müdiri Tural Cəfərov açıb.

Vurğulanıb ki, Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Sonra Ali Məhkəmənin əməkdaşı Xasa Seyidovanın “Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi, “Ombudsmanın əməkdaşı Həsən Həsənovun “Müasir dövrdə insan hüquqlarının inkişafı”, Vəkillər Kollegiyasının üzvü Mircəlal Seyidovun “Vəkillik sahəsində islahatlar” mövzularında çıxışları dinlənilib.

Qeyd olunub ki, ölkədə hüquq institutlarının müasirləşdirilməsi, hüquqi bazanın mövcud dövrün reallıqlarına uyğunlaşdırılması insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına zəmin yaradır.

Sonda video çarx nümayiş etdirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.