^

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə rəhbəri seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

 

Cari ilin oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” mövzusunda İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib..

Giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, İlham Əliyevin 2003-cü ildə Prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxşaxəli iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.

Səadət Bəktaşi ölkədə son 20 il ərzində aparılan məhkəmə-hüquq islahatları barədə də tədbir iştirakçılarına məlumat verərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ildən inamla davam etdirən və yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyyətinin yeniləşdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Son 20 ildə yeni dövrün tələblərini adekvat şəkildə reallaşdırılan bu islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq olmuşdur. Bütün bu islahatlar ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin sədri qeyd edib ki, Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq başlamış haqq savaşında ordumuz tarixi hərbi uğurlar qazanmış, şəhər və kəndlərimiz düşmən tapdağından azad edilmişdir. Nəhayət bu ilin sentyabrın 19-da silahlı qüvvələrimiz tərəfindən keçirilən antiterror tədbirləri nəticəsində ərazimizdə qanunsuz fəaliyyət göstərən separatçı rejm təslim olmuş, qondarma qrumları ləğv olunmuşdur. Hazırda ölkəmizə qarşı hərbi cinayətlər törətmiş şəxslər kimliyindən asılı olmayaraq məhkəmə məsuliyyətinə cəlb olunur. Silahlı qüvvələrimizin keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazimizdə dövlətin tam suverenliyi bərpa olunmuş, Xankəndi şəhəri başda olmaqla terrorçulardan azad olunan ərazilərdə konstitusiyon təsisatlar formalaşmaqdadır. Bayrağımız bütün ərazimizdə qürurla dalğalanmaqdadır.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Polad Həsənov, Naxçıvan Şəhər Məhkəməsinin  hakimi Gülsüm Əliyeva və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elnur Hüseynov ölkə başçısı cənab İlham Əliyevin uğurlu fəaliyyətindən, onun başçılığı ilə aparılan hüquq islahatlarından, ölkəmizin bütün sahələrdə inkişafının təmin olunması istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.