^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə iclas keçirilib

 

 

                                                 http://nsupremecourt.gov.az/storage/news/September2023/1695456367014.jpg

 

04 avqust 2023-cü il tarixdə Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimov tərəfindən “Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi” mövzusunda apellyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərində yerləşən ixtisaslaşmış məhkəmələr və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə görüş keçirilib.

Həmin görüşün nəticəsi olaraq 23 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə iclas keçirib.

İclasda məhkəmənin sədri 04 avqust 2023-cü il tarixdə Məhkəmə-Hüquq Şurasının qaldırdığı, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, qanunvericiliyin tələblərinə ciddi riayət olunması ilə bağlı məsələlərə toxunub.

Məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyini, vətəndaşların haqlı narazılığına səbəb olan neqativ hallar üzrə təsir tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdıran məhkəmə sədri məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı, eyni zamanda məhkəmələrin nüfuzunun qaldırılması, hakimlərə etimadın artırılması istiqamətində səylərin gücləndirilməsi sahəsində məhkəmə sədrlərinin üzərinə düşən vəzifələri qeyd edib.

Sonda işlərə məhkəmələrdə baxılan zaman təcrübədə qarşıya çıxan problemlər, xarakterik pozuntular hakimlərin diqqətinə çatdırılıb, mövcud məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinin zəruriliyi vurğulanıb, kollegiya sədrlərinin təklifləri dinlənilib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.