Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq muxtar respublikanın rayonlarında vətəndaşların qəbulu davam edir. Növbəti qəbul Babək Rayon Məhkəməsində həyata keçirilib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Babək qəsəbəsində yerləşən abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Qəbul zamanı vətəndaşların problemləri diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı Məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Babək Rayon Məhkəməsinin iş şəraiti ilə tanış olub, işin səmərəliliyinin artırılması ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.