Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilən layihənin açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iştirak edib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirakçıları salamlayaraq layihənin işinə uğurlar arzu edib. Qeyd edilib ki, 2001-ci ildən fəaliyyət göstərən Jurnalistika ixtisası əsasında 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrası təşkil olunub. Hal-hazırda “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrası adı ilə regionda ali təhsilli jurnalist mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayan ixtisası bu günədək 200-dən artıq məzun bitirib. Elbrus İsayev bu ixtisası bitirən məzunların əksəriyyətinin muxtar respublikada Jurnalist ixtisası üzrə kadr hazırlığına mühüm töhfə verməklə yanaşı xarici ölkələrdə də uğurla fəaliyyət göstərən Jurnalist məzunların da adlarını qeyd edib. Rektor universitetin Media mərkəzini Jurnalistika ixtisası üzrə tələbələrin təcrübə məktəbi kimi qiymətləndirərək burada olan maddi-texniki baza haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, universitetdə bu ixtisas üzrə tələbələrin təcrübəsini möhkəmləndirmək məqsədilə “Yeni fikir” qəzeti, Nuhçıxan radiosu, Naxçıvan Dövlət Universiteti Televiziyasının fəaliyyəti təqdirəlayiqdir.
“Siyasətçilər gələcək siyasəti, jurnalistlər isə gələcək nəsilləri düşünürlər” –ulu öndər Heydər Əliyevin bu dəyərli fikirlərini Naxçıvan MR Ali Məhkəməsinin sədri, Səadət Bəktaşi səsləndirib. Bildirilib ki, layihənin həsr olunduğu mövzu qədər onun təsadüf etdiyi zaman da xüsusilə əlamətdardır. Xalqımız bu il mayın 10-da müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Bünövrəsi "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatının müstəqilliyimizin bərpası ilə təşəkkül tapan inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, jurnalistika bütün peşə qrupları içində öz üzərinə götürdüyü ictimaiyyətə həqiqəti çatdırmaq missiyası ilə hər zaman fərqlənib. Jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında xüsusi rol oynayan peşə sahəsi olmaqla yanaşı öz peşəsini lazımınca icra etməsi üçün jurnalistin bilməli olduğu çoxsaylı məsələlər, vacib mətləblər olduğu diqqətə çatdırılıb. Bütün peşə sahələrində olduğu kimi Jurnalistika sahəsində də mövcud qanunvericiliyin tələblərinə uyğun qoyulan qaydalardan söz açan Səadət Bəktaşi vurğulayıb ki, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə edilməməli, insan hüquqlarının tapdanmasına, dövlətin və ictimaiyyətin təhlükəsizliyinin sarsılmasına rəvac verilməməlidir.
Naxçıvan MR Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini hər bir jurnalistin də ürəyincə olan siyasi hadisə kimi qiymətləndirib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvidir. Bildirilib ki, bu gün muxtar respublikada media qurumlarının fəaliyyəti üçün bütün hüquqi zəmin formalaşdırılıb. Hazırda Naxçıvanda onlarla televiziya, radio, informasiya agentliyi, qəzet, elmi-kütləvi nəşrlər, sayt və portallar fəaliyyət göstərir. Vurğulanıb ki, televiziya və radio gündəlik 16 saat yayıma çıxmaqla bərabər “Nuhçıxan” İnformasiya Agentliyi də müntəzəm olaraq informasiya emalı və yayımı ilə məşğul olur. Sahil Tahirli diqqətə çatdırıb ki, 2021-ci ildə qəbul edilən “Media haqqında” Azərbaycan Respublikasının Qanunu dövlətin media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək, hər kəsin informasiya ilə təmin olunmasına şərait yaratmaq, jurnalistlər və onların fəaliyyət göstərdikləri media subyektləri üçün bərabər fəaliyyət imkanları yaradır.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan MR Televiziya və Radio Şurasının sədri Rauf Əliyev, Şərq qapısı qəzetinin baş redaktoru Mehriban Sultanın çıxışları dinlənildikdən sonra “Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblər” və “Gizli audio və videolent yazılarından istifadə edilməsinin hüquqi hədləri” mövzusunda mühazirələr dinlənilib.
Üç gün davam edəcək tədbirin sonunda iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulub