Naxçıvanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Elmdə qadınlar” konfransı öz işinə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Konfransda əvvəlcə ulu öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Sonra akademik Zərifə xanım Əliyevaya həsr edilmiş filmə baxış olub.
“Elmdə qadınlar” konfransında Prezident Administrasiyasının nümayəndələri, Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Elm və Təhsil Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi konfransda iştirak edib.
Bununla yanaşı, tədbir iştirakçıları sırasında Naxçıvandakı elm və təhsil müəssisələrinin əməkdaşları, o cümlədən muxtar respublikanın sosial-iqtisadi inkişafında fəal iştirak edən qadınlar və digər aidiyyəti şəxslər də yer alıb.