Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən 3 hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də Naxçıvandan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Səbuhi Gündüz oğludur.
Aprelin 12-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin əməkdaşları və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi qarşılanma mərasimində iştirak edib.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Səlahiyyətli nümayəndə və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb. Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib. Şəhidin cənazəsi Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb. Səlahiyyətli nümayəndə şəhidin ailə üzvləri ilə görüşərək başsağlığı verib.