^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib

Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz dövlətimiz və xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi də “Heydər Əliyev ili” ilə əlaqədar Məhkəmədə qəbul olunmuş tədbirlər planına uyğun olaraq Vətən müharibəsi şəhidlərinin ailələrini Novruz bayramı münasibətilə ziyarət etmiş, bayram sovqatları təqdim etmişlər. Kollektivin üzvləri Vətən müharibəsinin şəhidləri Seyidov Nihat Mehman oğlunun, Məmmədzadə Pərviz Zahid oğlunun və Əliyev Fərmin Fərman oğlunun ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsini yad ediblər. Görüşlər zamanı bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Ali Baş komandan İlham Əliyevin başçılığı ilə Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək Şanlı Azərbaycan   tarixini möhtəşəm Qələbə ilə şərəfləndirdi.

Şəhidlərimizin ailələri dövlətimizin qayğısını daim öz üzərlərində hiss etdiklərini, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Sonra şəhidlərimizin keçdikləri döyüş yolundan, xatirələrindən söhbət açılıb. Hər bir şəhidimizin hələ yeniyetmə yaşlardan milli təəssübkeşliyə, vətənpərvərliyə, mübarizliyə, mərdliyə malik olduqları, cənab Ali Baş Komandanın döyüş əmrinə necə sevinclə qoşulduqları vurğulanıb.

Sonda bir daha vurğulanıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.

Vətən yolunda canından keçən şəhidlərimizin ruhları qarşısında baş əydiklərini bildirən kollektiv üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.