^

Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mais Əliyev çıxış edərək aidiyyəti üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında gigiyena-epidemiologiya və baytarlıq-təbabəti sahəsində dövlət proqramlarının qəbul olunması, həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər sağlam ətraf mühit və sağlam qida təminatına imkan verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikada sanitar-epidemioloji vəziyyət sabitdir. Novruz bayramı ərəfəsində təmizlik-abadlıq və təsərrüfat işlərinin görülməsi də mühüm əhəmiyyət daşıyır. Çünki min illər ərzində formalaşmış Novruz adətləri xalqımızın məişət-sanitariya gigiyenası və təsərrüfat həyatı ilə sıx bağlıdır. Bu səbəbdən də mart ayında aid qurumlar tərəfindən dezinfeksiya tədbirləri və təsərrüfat işlərinə hazırlıq məsələləri diqqətdə saxlanılmalıdır.

Ali Məclisin Sədri aid qurumlar qarşısında tapşırıq qoyaraq deyib: Fövqəladə Hallar Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən martın 1-dən etibarən bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır. Xüsusilə bazarlar və böyük ticarət mərkəzləri, mədəniyyət müəssisələri, turistik yerlər, bayram günlərində isə uşaq-musiqi və bədii sənətkarlıq məktəbləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri mərhələli şəkildə dezinfeksiya olunmalıdır. Ticarət və xidmət sahələrində sanitar-gigiyena qaydalarına əməl olunması əhalinin sağlamlığının qorunmasında vacib amildir. Gigiyena və Epidemiologiya Mərkəzi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ictimai iaşə, ticarət və xidmət obyektlərinin sanitar-epidemioloji qaydalara uyğun fəaliyyətinə nəzarət etməlidir.

Təhsil Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə Novruz bayramı günlərində muxtar respublikanın məktəbəqədər, məktəbdənkənar, peşə və ümumtəhsil məktəblərində dezinfeksiya işlərinin aparılmasını təmin etməli, Səhiyyə Nazirliyi təhsil müəssisələrində gündəlik müşahidə və müayinələri davam etdirməlidir. Səhiyyə Nazirliyi peyvənd təqviminə diqqət etməli, mövsümi xəstəliklər və koronavirus infeksiyasına qarşı peyvənd işini davam etdirməli, tibbi maarifləndirmə aparılmalı, profilaktik müayinələrin sayı artırılmalı, xəstəliklər və onların risk amilləri erkən mərhələdə aşkar edilməlidir.

Ali Məclisin Sədri deyib: Kənd təsərrüfatı məhsulları yarmarkalarının keçirilməsi əsas ərzaq məhsullarına olan tələbatın ödənilməsi ilə yanaşı, həm də bayram günlərində süni qiymət artımının qarşısını alır. İqtisadiyyat Nazirliyi martın 20-nə qədər Naxçıvan şəhərində və rayon mərkəzlərində bayram yarmarkaları təşkil etməli, bununla bağlı ailə təsərrüfatçıları, sahibkarlar və əhali əvvəlcədən məlumatlandırılmalıdır. Həmçinin nazirlik aid qurumlarla birlikdə dövlət ehtiyatları sahəsində tənzimləmə aparmalı, bayram ərəfəsində bazar və ticarət mərkəzlərinin, mağazaların ərzaqla normal təminatına diqqəti artırmalıdır. Yeni ailə təsərrüfatlarının və yerli xammal əsasında fəaliyyət göstərən müəssisələrin yaradılmasına üstünlük verilməlidir.

Qeyd olunub ki, muxtar respublikada ətraf mühitin qorunması sahəsində ardıcıl tədbirlər görülür, yaşıllıqlar artırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə bu il də yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması, eləcə də bərpa əkinləri üçün hazırlıqlar görməli, hava şəraitinə uyğun olaraq yaşıllaşdırma tədbirlərinə başlanılmalıdır. Yaşıllaşdırma tədbirlərində ting tələbatı yerli imkanlar hesabına ödənilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsi bu sahədə tədbirlərə diqqəti artırmalı, tingçilik təsərrüfatlarında hazırlıqlara başlanılmalıdır. Yaz-tarla işlərinin düzgün təşkil olunması bol məhsul istehsalına təminat verir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə əkin tələbatını müəyyənləşdirməli, mütərəqqi əkin metodlarına üstünlük verilməli, torpaq mülkiyyətçiləri mövsümi aqrotexniki qaydalar barədə məlumatlandırılmalıdır. Torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxumlarla təminatı da diqqətdə saxlanılmalı, toxum ehtiyatının həcmi təhlil olunmalı, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülməli, xarici ölkələrdən gətirilən toxumların keyfiyyətinə diqqət yetirilməlidir.

Müşavirədə tapşırılıb ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti hidrotexniki qurğulara baxış keçirməli, anbarlarda su ehtiyatı yaradılmalı, kanal və arxlar, kollektor və drenaj şəbəkələri lildən təmizlənməli, yerli icra hakimiyyətləri ilə birlikdə suvarma mövsümünə hazırlıq görülməli, su bölgüsü və sudan qənaətlə istifadə diqqətdə saxlanılmalıdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikaya yeni texnikalar və ehtiyat hissələri gətirməli, bu zaman fermer və torpaq mülkiyyətçilərinin təklifləri nəzərə alınmalı, texniki xidmət işi düzgün təşkil olunmalıdır. Qarşıdan yaylaq mövsümünün gəlməsi baytarlıq-təbabəti sahəsində işlərə bu gündən başlamağı zəruri edir. Dövlət Baytarlıq Xidməti epizootiya tədbirlərini davam etdirməli, profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılmalı, mövsümlə bağlı təsərrüfatlara baxış keçirilməli və zootexniki qaydalar izah olunmalı, baytarlıq məntəqələri və apteklər dərman preparatları ilə təmin olunmalıdır.

Ali Məclisin Sədri deyib: Xalqımız tarixən baharın gəlişini səliqə-sahman yaratmaqla qarşılamışdır. Təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu adətlər hazırda muxtar respublikada yaşadılır. Mart ayında Naxçıvan şəhərində və rayonlarda iməciliklər keçirilməli, təmizlik-abadlıq işlərinə diqqət artırılmalı, bayram günlərində əhalinin asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılmalıdır. Həmçinin yerli icra hakimiyyətləri və bələdiyyələr qəbiristanlıqlarda təmizlik işlərinin aparılmasını, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi isə sakinlər tərəfindən bayramqabağı ziyarətlərin və mərasimlərin dini dəyərlərimizə uyğun təşkilini diqqətdə saxlamalıdır. Novruz bayramı hər il muxtar respublikada geniş qeyd olunur, mədəni-kütləvi tədbirlər keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Mədəniyyət Nazirliyi Novruz bayramının keçirilməsi ilə bağlı tədbirlər planı hazırlamalı, Naxçıvan şəhəri və rayon mərkəzləri Novruz bayramına uyğun bəzədilməli, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və rayon mərkəzlərində ictimai-iaşə xidməti və xalq gəzintiləri, eləcə də musiqi kollektivlərinin çıxışları təşkil olunmalıdır. Bir sıra mədəniyyət müəssisələri, xüsusilə də teatrlar və muzeylər bayram günlərində işləməli, tamaşalar nümayiş olunarkən sanitar-epidemioloji qaydalara əməl edilməlidir. Turizm Departamenti bayram tədbirlərinin yeri və vaxtı barədə məlumatlar hazırlayaraq internet saytında və sosial şəbəkələrdə yerləşdirməli, yerli və xarici tur operatorlar məlumatlandırılmalı, turizm müəssisələri ilə qarşılıqlı fəaliyyət təmin edilməlidir.

Qeyd olunub ki, muxtar respublikanın kommunal xidmət müəssisələri bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərməli, xüsusilə əhalinin daha çox cəmləşdiyi yerlərdə təmizlik işlərinə diqqət artırılmalıdır. Muxtar respublikada dezinfeksiya tədbirlərində iştirak edənlər 1 aylıq əməkhaqqı məbləğində mükafatlandırılmalı, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bununla bağlı məsələləri həll etməlidir. Həyata keçirilən tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmalı, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti verilən tapşırıqların icrası barədə Ali Məclisə məlumat verməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.