^

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir“Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir... Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır”. Muxtar respublikada da həyata keçirilən məhkəmə-hüquq islahatları bu sahədə fəaliyyətin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına səbəb olmuş, müasir infrastruktur yaradılmışdır.

Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin rəhbərliyi altında məhkəmə sistemində geniş islahatlar aparılmış, vətəndaşların məhkəmə hakimiyyətinə olan etimadının yüksəldilməsi üçün zəruri olan tədbirlər görülüb Hüquq institutlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiqi sahəsində də mühüm işlər həyata keçirilib. Məhkəmələrdə “Elektron məhkəmə-informasiya sistemi”nin tətbiq edilməsi vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin daha asan və rahat şəkildə məhkəmələrə müraciət etmələrinə şərait yaradıb.Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib, ayrı-ayrılıqda müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi yaradılıb. Bu gün istifadəyə verilən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin inzibati binası muxtar respublikada fəaliyyət göstərən məhkəmə orqan­larının daha da inkişaf etdirilməsi üzrə vahid hüquqi konsepsiyanın uğurlu davamı olmaqla ədalət mühakiməsinin, işlərə daha keyfiyyətlə baxılmasına, vətəndaşlara yüksək səviyyədə hüquqi xidmət göstərilməsinə geniş imkanlar verəcəkdir. Qasım Əliyev yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün hakim və məhkəmə işçiləri adından minnətdarlıq etmiş və bundan sonra da səylə çalışacaqlarına söz verib.

Kommersiya Məhkəməsi Aparatının baş məsləhətçisi Aynur Cəfərova çıxış edərək deyib: “Muxtar respublikada məhkəmə orqanları sisteminə və bu orqanlarda çalışan əməkdaşlara hərtərəfli qayğı göstərilir. Yeni yaradılmasına baxmayaraq Kommersiya Məhkəməsi üçün müasir və hər cür şəraitə malik inzibati binanın istifadəyə verilməsi də bu qayğının bariz nümunəsidir. Muxtar respublikada gənclərə göstərilən dövlət qayğısı məni də ruhlandırıb, yaradılan şəffaf iş şəraitindən istifadə edərək digər hüquqşünas həmkarlarım kimi məhkəmə sistemində işə qəbul olunmuşam. Xoşbəxtəm ki, məhz Ali Məclis Sədrinin rəhbərlik etdiyi dövrdə həm ali təhsil alıb, həm də işlə təmin olunmuşam. Yaradılan şəraitə görə kollektiv adından minnətdarlığımızı bildirir və əmin edirik ki, ədalət mühakiməsinin keyfiyyətinin artırılması üçün səylə çalışacaq, Ali Məclis Sədrinin tövsiyə və tapşırıqları bundan sonra da əsas fəaliyyət istiqamətimiz olacaq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir vətəndaşın hüquqlarını qorumaq bizim vəzifəmizdir”,fikirlərini xatırladaraq deyib:Ölkəmizdə insanların hüquqlarının qorunması sahəsində lazımi qanunvericilik bazası yaradılıb, müvafiq dövlət qurumları formalaşıb.Azərbaycan Respublikası Prezidentinin “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” 2019-cu il 19 iyul tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi ləğv edilib, inzibati və kommersiya məhkəmələri formalaşdırılıb. Muxtar respublikada da kommersiya sahəsindəki aktivlik nəzərə alınaraq Kommersiya Məhkəməsi yaradılıb. Bu gün istifadəyə verilən inzibati binada kollektiv üçün lazımi iş şəraiti vardır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada 2300-dən çox hüquqi, 36 mindən artıq fiziki şəxs mövcuddur. Kifayət qədər iş potensialı vardır. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi də Naxçıvan Muxtar Respublikası ərazisində hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olan və onların sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərində düzgün qərarların qəbul olunması məqsədilə yaradılıb. Qısa müddət ərzində kollektiv formalaşıb və lazımi iş şəraiti ilə təmin edilib. Kollektiv isə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, bu sahədəki mübahisələr həll olunmalı və ədalətli qərarlar qəbul olunmalıdır.

“Ədalət o zaman bərpa olunur ki, haqlı haqqını, haqsız cəzasını alır”,- deyən Ali Məclisin Sədri muxtar respublikada kommersiya sahəsində olan bütün işlərə, müraciətlərə ədalətli baxılacağına və ədalətli qərarlar çıxarılacağına əminliyini bildirib, kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

right

Sonra binaya baxış olub. Bildirilib ki, Kommersiya Məhkəməsinin yeni inzibati binası məhkəmə orqanlarının özünəməxsus xüsu­siyyətləri nəzərə alınmaqla inşa edilib, burada həm hakimlərin, məhkəmə işçilərinin, eləcə də vəkillərin fəaliyyət gös­tərməsi, həm də vətəndaşların müraciət etməsi və məhkəmə xidmətlərindən faydalanması üçün lazı­mi şərait yaradılıb. İkimərtəbəli inzibati binanın birinci mərtəbəsində məhkəmə zalı, müşavirə, şahid, vəkil, 2 icra məmuru, 18 iş və texniki otaq yerləşir. İkinci mərtəbədə isə 38yerlik iclas zalı, 2 hakim, dəftərxana və 15işotağı vardır.

Binada hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız iclas zallarında görüşürlər. Bu isə şəffaflığın təmin edilməsində mühüm amildir. Məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan “AzFemida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb.

Bina istilik və soyutma sistemləri ilə təchiz edilib, ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Ali Məclisin Sədri qurulanların qorunması və maarifləndirici tədbirlərin keçirilməsi barədə tapşırıqlar verib.