^

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi əsgərlərə bayram sovqatı aparıb.

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Kəngərli rayon İcra Hakimiyyətinin, "Naxçıvan Aqrolizinq " ASC-nin və Nur Qida MMC-nin kollektivləri Kəngərli rayonundakı hərbi hissəyə bayram sovqatı aparıb.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev əsgərlərlə səmimi söhbət zamanı bildirib ki, Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində şanlı Ordumuzun qazandığı tarixi Qələbəni bu gün də böyük qürur hissi ilə xatırlayır və həmin qələbə ilə fəxr edir. Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir deyən Ali Məhkəmənin sədri qeyd edib ki, Dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu.Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

Qasım Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəxsi heyəti təbrik edərək 44 gün davam edən Vətən Müharibəsində Naxçıvan igidlərinin də qəhrəmanlıq və şücaət göstərdiyini, Ümummilli lider Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəyliyin bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatı olduğunu vurğulayıb.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov da çıxış edərək qazanılan böyük zəfər və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə şəxsi heyəti təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Hərbi hissənin zabiti gətirilən sovqata və göstərilən diqqətə görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlıq edib.

Gətirilən bayram sovqatı və ərzaqlar hərbi hissəyə təhvil verilib.