^

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib

İyulun 8-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilmişdir.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.

1.     2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2.     Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, aqrar sahədə həyata keçirilən kompleks tədbirlər kənd təsərrüfatının davamlı və dinamik inkişafını təmin etmişdir. Bu ilin ötən dövründə 339 hektar sahədə qapalı suvarma şəbəkəsinin, 3200 hektar əkin sahəsini suvarma suyu ilə təmin edəcək yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilmişdir. Muxtar respublikada süni mayalanma işi diqqətdə saxlanılmış, 7 min 100 baş ana mal və camış mayalandırılmış, 6 min 200 baş cins bala alınmışdır. Arıçılığın inkişafı ilə bağlı işlər də görülmüş, arı ailələrinin sayı 99 min 935-ə çatdırılmışdır. Tingçilik kompleksi və “İqlim otağı”nda bu ilin ötən dövründə 6 min 400 meyvə, 12 min 700 həmişəyaşıl ting, 8 min 400 bəzək və gül kolları yetişdirilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari ilin birinci yarısında 261 texnika və texnoloji avadanlıq alınmış, 243 texnika və 142 texnoloji avadanlıq lizinq yolu ilə mülkiyyətçilərə verilərək dövlət tərəfindən 840 min manat güzəşt tətbiq olunmuşdur. Cari ilin məhsulu üçün ötən ilin payızında və bu ilin yazında muxtar respublika üzrə 32 min 721 hektar sahədə taxıl əkini aparılmışdır. Hazırda muxtar respublikada 24 min 406 hektar sahənin taxılı biçilərək 76 min 109 ton məhsul toplanmışdır. Hər hektarın orta məhsuldarlığı 31,2 sentnerdir. Bu il buğdanın hər kiloqramının 45, arpa və qarğıdalının isə hər kiloqramının 40 qəpikdən qəbulu həyata keçirilir. 2021-ci ildə muxtar respublikada 26 min 379 hektar sahədə isə yazlıq əkin keçirilmiş, kənd təsərrüfatının inkişafı ilə bağlı banklar və kredit təşkilatları tərəfindən 7 milyon 265 min 900 manat kredit verilmiş, məhsul istehsalçıları 7 min 542 ton mineral gübrə ilə təmin olunmuşdur. Bu ilin ötən dövründə şənbə, bazar, Novruz bayramı günlərində kənd təsərrüfatı və 22-23 may tarixlərində keçirilmiş Göycə məhsullarının satışı yarmarkalarında 3 milyon 200 min manatlıq 3 min ton kənd təsərrüfatı məhsulu satılmışdır. 2021-ci ilin ötən dövründə muxtar respublikada diri çəkidə 13 min 81 ton ət, 51 min 138 ton süd, 871 ton yun, 62 milyon 972 min yumurta istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,3 faiz, süd istehsalı 1,8 faiz, yun istehsalı 1,4 faiz, yumurta istehsalı 13,9 faiz artmışdır. 2021-ci ilin ötən dövründə kənd təsərrüfatının ümumi məhsulu 145 milyon 684 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək demişdir ki, muхtаr rеspublikа iqtisаdiyyаtının bütün sаhələr üzrə dinamik inkişafı cari ilin ötən dövründə də davam etdirilmiş, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşmış, yеni iş yеrləri аçılmış, əhаlinin mаddi-rifаh hаlı yüksəlmişdir. Cari ilin 6 ayı ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3 layihənin maliyyələşdirilməsinə 110 min manat, kənd təsərrüfatının inkişafı yönümlü 56 layihənin maliyyələşdirilməsinə isə 1 milyon 404 min manat məbləğində dövlət maliyyə dəstəyi göstərilmişdir. Həmçinin “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit vəsaiti hesabına ümumi tutumu 800 ton olan yeni soyuducu anbarın yaradılması başa çatdırılmışdır. Muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatı məqsədilə 34 ailə təsərrüfatına 519 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 60 layihənin maliyyələşdirilməsinə 1 milyon 542 min manat həcmində dövlət maliyyə dəstəyi ayrılmışdır. Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi məqsədilə xüsusi fəaliyyət növləri üzrə 730 lisenziya verilmişdir. İnvestisiya qoyuluşu və ixracın stimullaşdırılması məqsədilə 3 milyon 108 min 212 manat dəyərində bir investisiya layihəsi üzrə investisiya təşviqi və təsdiqedici sənədi verilmişdir. Keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 273 səyyari və 1015 halda mal nümunəsi laboratoriya analizindən keçirilmişdir. Süni qiymət artımının qarşısının alınması məqsədilə 13 min 242 çeşiddə məhsul və onların qiymətlərinə nəzarət olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə etmişdir.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 2020-ci ildə 113 milyon 200 min manat plana qarşı 116 milyon 718 min 58 manat və ya 103,1 faiz icra edilmiş, büdcəyə 3 milyon 518 min 58 manat artıq vəsait mədaxil edilmişdir. Gəlirlərin 76 faizi və ya 88 milyon 685 min 886 manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 21,4 faizi və ya 24 milyon 956 min 167 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılmış, 2,3 faizi və ya 2 milyon 740 min 408 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,3 faizi və ya 335 min 597 manatı isə digər mənbələr hesabına daxil olmuşdur. 2020-ci il dövlət büdcəsinin xərcləri 485 milyon 345 min 483 manat olmuş, xərclərin 91,2 faizi və ya 442 milyon 478 min 104 manatı cari xərclərə, 8,8 faizi və ya 42 milyon 867 min 379 manatı isə əsaslı xərclərə yönəldilmişdir. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq və abadlaşdırma işlərinin aparılmasına, yerli idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisinə, şəhər və kənd daxili avtomobil yollarının yenidən qurulmasına, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2020-ci il ərzində respublika büdcəsindən investisiya layihələrinin həyata keçirilməsi üçün muxtar respublikaya ümumilikdə 43 milyon 700 min manat vəsait ayrılmışdır. Dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan tikinti quraşdırma işləri aparan təşkilatlar tərəfindən satın alınan bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına nəzarət edilmiş, müvafiq araşdırmalar aparılaraq layihələr yenidən qiymətləndirilmiş, bu əsasda 2020-ci il ərzində 3 milyon 816 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınmışdır.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunmuşdur.

Ali Məclisin Sədri 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirmiş, qarşıdakı dövrdə inkişafın təmin olunmasında sessiya iştirakçılarına, muxtar respublika sakinlərinə uğurlar arzulamışdır.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırmışdır.