19 fevral 2021-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir. İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Qasım Əliyev videokonfrans şəklində qoşularaq iştirak edib.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2020-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Bu hadisələrin ən önəmlisi müzəffər Ali Baş Komandanın, möhtərəm cənab Prezident İlham Əliyevin sərkərdəliyi, rəşadətli ordumuzun hünəri ilə 30 il düşmən işğalında olan torpaqlarımızın azad edilməsi olmuşdur. Bu zəfər xalqımızı daha da bütövləşdirdi, milli həmrəyliyimizi gücləndirdi. Bizlərə yaşatdıqları qürur və fəxarət hissləri üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ordumuzun hər bir əsgər və zabitinə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Ötən ildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə bağlı bir sıra işlər görülmüşdür. Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının və elektron idarəetmənin tətbiqi genişləndirilib.
2020-ci ildə koronavirus (COVID-19) infeksiyasının bütün dünyada olduğu kimi ölkəmizdə də həyatın bütün digər sahələri ilə bərabər məhkəmə fəaliyyətinə də təsirsiz ötüşməmişdir. Nazirlər Kabinetinin müvafiq qərarları əsas götürülərək məhkəmələrdə bir neçə dəfə müəyyən müddətlik təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla, icraatda olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınmışdır. Ali Məhkəmə pandemiya vəziyyəti ilə bağlı bir neçə dəfə mövcud koronavirus infeksiyası dövründə məhkəmə fəaliyyətinin həyata keçirilməsi qaydaları ilə bağlı tövsiyələrin əks olunduğu məlumatlar yaymışdır.
Bu hal bütün digər problemlərlə yanaşı həm də böhran vəziyyətlərində ədalət mühakiməsi sisteminin çalışmasını təmin etmənin alternativ yollarını düşünməyə dair yeni çağırışlarla üz-üzə qoymuşdur. Bu məqsədlə məhkəmələrin ənənəvi qaydada fəaliyyətlərini təmin etməyin mümkün olmadığı böhran vəziyyətlərində məhkəmələrin idarə olunmasına və təməl prinsiplərə riayət etməklə ədalət mühakiməsinin həyata keçirilməsinə dair yeni yanaşmalar işlənib hazırlanmalıdır.
2020-ci ilin koronavirus infeksiyası səbəbindən məhdudiyyətlərlə dolu bir il olmasına, işlərə baxılmasında müəyyən müddətlik təxirlərin yaranmasına baxmayaraq Ali Məhkəmə öz fəaliyyətinə fasiləsiz olaraq davam etmişdir.
Ali Məhkəmənin Aparatı da 2020-ci ildə öz fəaliyyəti ilə müsbət mənada seçilmişdir. Belə ki, milli qanunvericiliyin və insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq hüquq normalarının məhkəmələr tərəfindən tətbiqinin vahid təcrübəsinin yaradılmasını təmin etmək məqsədi ilə Ali Məhkəmə öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu məqsədlə 2020-ci ildə ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işi davam etdirilmiş, eyni zamanda bəzi məsələlər üzra məhkəmə fəaliyyətinin monitorinqlərin aparılmasına başlanmışdır. Qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı 400-dən çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilmiş və müvafiq rəy və təkliflər verilmişdir.
2020-ci ildə dövlət orqanlarından və bilavasitə vətəndaşlardan Ali Məhkəməyə 23878 müraciət daxil olmuş və müvafiq qaydada müraciətlərə baxılmış və ya cavablandırılmışdır. Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində 2020-ci ilin mart ayından başlayaraq vətəndaşların fərdi və kollektiv qaydada qəbulu dayandırıldığından qəbul digər vasitələrlə həyata keçirilmişdir. Bu dövr ərzində Ali Məhkəmənin sədri, sədr müavini və kollegiya sədrləri tərəfindən 230 nəfər, o cümlədən 135 nəfər bölgələrdə qəbul olunmuşdur. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, qaldırılan məsələlərlə bağlı izahlar verilmiş, eyni zamanda təqdim edilmiş müraciətlər üzrə Ali Məhkəmənin qəbulda iştirak edən aidiyyəti məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ Azərbaycan Respublikasının hüquq sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmlidir. 2020-ci ildə Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Yuxarı İnstansiya Məhkəmələr Şəbəkəsi”nin (SCN) üzvü olmuşdur. Bu şəbəkə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının üzv dövlətlər tərəfindən təyin edilmiş məhkəmələr arasında informasiya mübadiləsinin aparılması üzrə platformasının yaradılmasını nəzərdə tutur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən Avropa Konvensiyasının müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini düzgün və vahid qaydada tətbiqinin təmin edilməsinə xidmət edir. 2020-ci il 30 noyabr tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi və “CEELI Institute”-nun birgə təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa ölkələri Ali Məhkəmə sədrlərinin iştirakı ilə “Pandemiya dövründə məhkəmə fəaliyyətinin idarə edilməsi” mövzusunda konfrans keçirilmişdir.
İnternet səhifələrində Ali Məhkəmənin daim yeniləşdirilən saytı yerləşdirilmişdir. Həmin saytda Ali Məhkəmənin Plenumu və müvafiq kollegiyaları tərəfindən qəbul edilmiş qərarlar və digər məlumatlar yayılır. Hər bir vətəndaş və media əməkdaşı Ali Məhkəmənin fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilər. İkinci Vətən Müharibəsi ilə bağlı bəyanatlar tərtib edilmiş və Ali Məhkəmənin veb-saytında dərc edilmişdir. Ali Məhkəmənin veb-saytında yaradılmış “Qarabağ Azərbaycandır!” interaktiv bölməsi Azərbaycan dilində tərtib edilmiş, rus və ingilis dillərinə müvafiq tərcümələr edilmiş, həmçinin Facebook və Twitter sosial şəbəkələrində müxtəlif xəbərlər və məlumatlar dərc edilmişdir. “Elektron məhkəmə informasiya sistemi” və Azərbaycan Respublikasının Ali Məhkəməsində mövcud informasiya texnologiyaları infrastrukturu üzrə aparılmış təkmilləşdirmə, modernizasiya və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq işlər görülmüşdür.
Plenumda Ali Məhkəmənin Kollegiya sədrlərinin 2020-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilmişdir.
Plenumda hər bir məruzə ətrafında geniş müzakirələr və təhlillər aparılmışdır.
Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olmuşdur. Bu səbəbdən baxılmış işlər - Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalmışdır. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9 faiz azalmışdır.
Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılmışdır.
Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunmuşdur. Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilmişdir.
Bununla yanaşı məruzələr ətrafında çıxış edənlər Kollegiyaların fəaliyyətində nəzərə çarpacaq keyfiyyət dəyişikliyi olduğunu xüsusi qeyd etmişlər.
Ləğv olunan məhkəmə qərarlarının statistikası aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.
Plenumda Ali Məhkəmənin 4 əməkdaşının hakim seçilməsi qeyd edilmişdir.
Plenumda Ali Məhkəmənin 2021-ci ilə dair iş planı təsdiq edilmişdir.
Plenumda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.
Bununla da Plenum öz işinə yekun vurmuşdur.