31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Kəngərli rayon İcra Hakimiyyətinin, "Naxçıvan Aqroservis" ASC-nin və Nur Qida MMC-nin kollektivləri Kəngərli rayonundakı hərbi hissəyə bayram sovqatı aparıb.
Görüşdə Naxçıvan MR Ali Məhkəməsinin sədri Qasım Əliyev əsgərlərlə səmimi söhbət zamanı bildirib ki, Ali Baş Komandanın qətiyyəti və Azərbaycan Ordusunun şücaəti sayəsində Azərbaycan tarixinin ən şərəfli günlərini yaşayır. Rəşadətli ordumuzun gücü ilə qazandığımız qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Qasım Əliyev 44 gün davam edən Vətən Müharibəsində Naxçıvan igidlərinin də qəhrəmanlıq və şücaət göstərdiyini qeyd edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəylik bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatıdır.
Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov da çıxış edərək qazanılan böyük zəfər və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə şəxsi heyəti təbrik edib, xidmətlərində uğurlar arzulayıb.
Hərbi hissənin zabiti Elsəvər Rüstəmov gətirilən sovqata və göstərilən diqqətə görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlıq edib.
Gətirilən bayram sovqatı və ərzaqlar hərbi hissəyə təhvil verilib.