^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Naxçıvan Duz Muzeyində olublar

 

Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Duz muzeyini ziyarət edib.

Bələdçi muzey haqqında kollektivə məlumat verərək bildirib ki, Naxçıvan Duz Muzeyi dünyada duzun mədən üsulu ilə ilk emalı təcrübəsinin, eləcə də bəşər insanının ilkin istehsal mədəniyyətinin formalaşmasını ziyarətçilərinə əyani şəkildə təqdim edən mədəniyyət müəssisəsidir. Muzey bu gün Naxçıvanın təbliğində əhəmiyyətli rol oynayır.

Qeyd olunub ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Diqqətə çatdırılıb ki, aparılan tədqiqatların nəticəsi bu ərazidə Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsasının qoyulduğunu göstərir. Bu isə 5 minillik Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərib. Naxçıvan Duzdağının tarixi əhəmiyyəti nəzərə alınaraq bu ərazidə arxeoloji tədqiqatlar aparılıb, müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və İlk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunub. Muzeydə nümayiş olunan qədim dövrdə insanların məişətdə istifadə etdiyi daş əmək alətləri, son dövrlərdə duzdan hazırlanmış əl işləri barədə kollektivə geniş məlumat verilib.

Qeyd olunub ki, muzeydəki daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş etdirilən bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir.