^

Ədalət mühakiməsinin iqtisadi inkişafda rolu: milli qanunvericilik və beynəlxalq təcrübə

(Şərur Rayon Məhkəməsinin sədri Əliyev Mehdi Ədalət oğluna məxsus məqalə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Bülleteninin 2021-ci il üzrə çap edilmiş 2-ci sayında dərc olunmuşdur.)

 

 

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması, azad sahibkarlığa təminat verən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanılmışdır. Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 1995-ci ildə qəbul olunmuş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi elan edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının “İqtisadi inkişaf və dövlət” adlanan 15-ci maddəsinə görə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Konstitusiyada qeyd edilən iqtisadiyyatın inkişafına və azad sahibkarlığa təminat dövlət hakimiyyətinin bölünməsi prinsipi əsasında qanunverici, icra və məhkəmə hakimiyyətləri tərəfindən həyata keçirilir. 

Məqaləmizdə iqtisadiyyatın inkişafında ədalət mühakiməsinin rolu,  milli qanunvericilik sahəsində həyata keçirilən islahatlar, məhkəmə təcrübəsi və beynəlxalq təcrübə nəzərə alınmaqla aşağıdakı suallar ətrafında öz fikir və mülahizələrimiz oxucularla paylaşacağıq.

Sahibkarlarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, habelə xarici investorların məhkəmə sistemindən əsas gözləntiləri nələrdir?

Milli qanunvericilikdə məhkəmələrin iqtisadi inkişafa daha optimal və operativ təsir imkanları ilə bağlı hansı islahatlar həyata keçirilir?

İqtisadi inkişafın və azad sahibkarlığın dəstəklənməsində hakimlərin rolu nədən ibarətdir və işə baxılarkən hansı hallara xüsusi diqqət yetirilməlidir?

Mübahisələrin alternativ həlli (mediasiya institutu) iqtisadi inkişafa necə töhfə verə bilər?

Məhkəmə qərarlarının icrası iqtisadi inkişafa necə təsir göstərir?

İlk sualımızla yəni, sahibkarların məhkəmə sistemindən gözləntiləri ilə bağlı qeyd etməliyik ki, beynəlxalq təcrübədə qəbul olunmuş ümumi meyarlar şəffaflıq, proqnozlaşdırma imkanı, səmərəlilik, ağlabatan qaydada operativlik, digər yurisdiksiyalarda da tanınan məhkəmə qərarlarının olması hesab olunur.[1]

Bəs, şəffaf, proqnozlaşdırılan və səmərəli məhkəmə sistemi iqtisadi inkişafa və azad sahibkarlığa necə təkan verir? Bu bir çox aspektlərdə özünü göstərir. İlk olaraq mülkiyyət və müqavilə üzrə hüquqların mühafizəsi ticarət və investisiyaya təkan verir. Məhkəmələr qanunvericiliyə uyğun olaraq hər kəsə, o cümlədən hər bir şirkətə qarşı bərabər yanaşmaqla mübahisələrin həllində etibarlı forma kimi çıxış edir. Qanunvericiliyə uyğun bərabər yanaşma rəqabətə təkan verməklə və bazar iştirakçıları arasında mülki dövriyyəni artırmaqla iqtisadi fəaliyyət sahəsini bütün tərəflər üçün daha ədalətli edir. Məhkəmələr geniş yayılmış müsbət reputasiyaya malik olmayan yeni başlayan şirkətlərə qarşı ayrı-seçkiliyi azaldan hüquqi çərçivə formalaşdırırlar. Müflisləşmə haqqında qanunvericilik kreditorlara qarşı riskləri azaldır və şirkətlərin səmərəli restrukturizasiyasına töhfə verir. Mülkiyyət hüquqlarının mühafizəsi daha uzun-müddətli iqtisadi fəaliyyət ilə əlaqədardır. Daha güclü fəaliyyətə malik məhkəmələr daha inkişaf etmiş kredit bazaları, korporasiyalar və digər biznes müəssisələrinin inkişafı ilə əlaqədardır.[2]

Şəffaflıq tələbi ilə bağlı əsas tezis bundan ibarətdir ki, kommersiya sirrləri, milli təhlükəsizlik və şəxsi həyatın qorunması halları istisna olmaqla məhkəmə araşdırması və məhkəmə qərarları ictimaiyyət üçün açıq və əlçatan olmalıdır. Şəffaflıq ictimaiyyət qarşısında daha da məsuliyyətli olmağı təmin edir və məhkəmələrin daha geniş şəkildə mübahisələri həll edən mexanizm kimi qəbul olunmasına gətirib çıxarır. Şəffaflıq şirkətlərə qarşı riskləri azaldır və beləliklə mübahisələri həll etmək üçün məhkəmələrə etimadın artmasına təkan verir.

Proqnozlaşdırma tələbi ilə bağlı ümumi yanaşmalar da mövcuddur. Mübahisələri həll etmək üçün qanunvericiliyi tətbiq edərkən hüquqi müəyyənlik sahibkarlıq, investisiya və innovasiyalara təkan verir. Proqnoz şirkətlərə qabaqcadan planlaşdırma və riskləri ehtimal etməyə və onlara qarşı plan qurmağa imkan yaradır. Proqnozlaşdırma imkanı həmçinin fərdlər və şirkətlərə gələcək fəaliyyətlərlə bağlı anlaşma əldə etməyə və yazılı razılaşmalar üzrə öhdəlikləri yerinə yetirməyə şərait yaratmaqla mürəkkəb əməliyyatları asanlaşdırır. Xüsusilə sabit və aydın tənzimləyici sxemlər – o cümlədən sabit məhkəmə sistemi – birbaşa xarici investisiyanı ölkəyə cəlb edir.

Səmərəlilik dedikdə nələr nəzərə alınır? Qeyd edə bilərik ki, mübahisələrin məhkəmədə ağılabatan şəkildə sürətli həlli tərəflərə qeyri-müəyyənliklə əlaqədar dəyən zərəri azaldır, məhkəmələr mübahisələri ağlabatan xərc qarşılığında həll edir, prosedurun müəyyən və ictimai qaydaları dəqiqliyi artırır və məhkəmə xərclərini azaldır.

Bəs, xarici investorlar mübahisələri həll edən məhkəmə sistemindən nə istəyir? Beynəlxalq təcrübədə müqavilə şərtlərinin qüvvəyə minməsi ilə bağlı proqnozlaşdırma imkanı və tərəflərin niyyətlərinə hörmətlə yanaşılacağı barədə əminliyin olması, yerli tərəflərin lehinə və xarici tərəflərin əleyhinə çıxış etməyən sistemin mövcud olması, ağlabatan şəkildə operativ bir sistemin olması kimi meyarlar xarici investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa təşviq edən əsas hüquqi meyarlar hesab olunur.

İkinci suala gəldikdə qeyd edə bilərik ki, milli qanunvericilikdə məhkəmələrin iqtisadi inkişafa təsir imkanları ilə bağlı bir sıra hüquqi islahatlar həyata keçirilmiş və hazırda da bu islahatlar davam etməkdədir.

Bu sahədə mülki prosessual qanunvericiliyə də mühüm dəyişikliklər edilmişdir. Bunlara 28 dekabr 2018-ci il tarixli 1436-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 23-1-ci fəsil – “Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” əlavə edilmişdir. Bununla da mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş qaydada yəni, 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraatda baxılması nəzərdə tutulmuşdur. 9 iyul 2021-ci il tarixli 363-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə mülki işlər üzrə iddianın qiyməti iki min manatdan beş min manata artırılmaqla artıq beş min manatdan az olan olan iddialar üzrə də işlərə sadələşdirilmiş qaydada yazılı icraatda baxılması mümkün hesab edilmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sisteminin tətbiqinə başlanılmış, elektron kabinet vasitəsilə dövlət rüsumunun onlayn şəkildə ödənilməsi və məhkəmədə iddia qaldırılmasının mümkünlüyü təmin olunmuşdur. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə yazılı icraat qaydasında ədalət mühakiməsinin həyata keçirilməsi və bu icraatda işlərə qısaldılmış müddətdə, elektron məhkəmə informasiya sisteminin imkanlarından istifadə etməklə  baxılmasının nəzərdə tutulması da sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin vaxtlarına və resurslarına qənaət etməklə onların azad sahibkarlıqla məşğul olması, gəlirlərini artırması və bununla da iqtisadi inkişafa töhfə verməsinə geniş imkan yaratmışdır.

Üçüncü suala, yəni iqtisadi inkişafın və azad sahibkarlığın dəstəklənməsində hakimlərin roluna gəldikdə isə bu müəyyən mənada ikinci suala verdiyimiz izahla bağlıdır. Yəni hesab edirəm ki, hakimlər işlərə baxarkən bu sahədə qanunvericiliyin inkişaf istiqamətlərini rəhbər tutmalı və hər bir konkret işə baxarkən öz qərarlarının iqtisadi inkişafa töhfə verməsi və bu zaman tərəflər arasında ədalətli tarazlığın da gözlənilməsini nəzərdən qaçırmamalıdırlar.

Elektron məhkəmə sisteminin anonimləşdirilmiş qərarlar bölməsində[3] məhkəmələr tərəfindən yerləşdirilmiş qətnamələrin təhlili zamanı da maraqlı hallar ortaya çıxır. Məsələn, kredit borcu üzrə pul tələbinə dair işlər üzrə rədd olunmuş qətnamələrin öyrənilməsi zamanı aydın olur ki, hakimlər bəzən iş materiallarında pul vəsaitinin verilməsini təsdiq edən sübutlar (məs, məxaric orderi) olmadığından iddianı rədd edirlər. Hesab edirəm ki, bu sahədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında (məsələn, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin  istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair 27 may 2019-cu il qərarları) ifadə etdiyi hüquqi mövqelər xüsusilə nəzərə alınmalıdır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, istənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər.

Həmçinin Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi).

Hesab edirəm ki, bu sahədə işlərə baxıb iddia tələbini rədd edərkən qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədləri, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelər nəzərə alınmalı, iddia rədd edilərkən digər sübutların məcmu halında qiymətləndirilməsi, tərəflərin şəxsən iştirak etməsi ilə bağlı MPM-in 69.1-ci maddəsinin hüquqi imkanlarından geniş istifadə edilməlidir.

Dördüncü suala, yəni mübahisələrin alternativ həlli sisteminin tətbiqinə gəldikdə qeyd edə bilərik ki, bir sıra kateqoriyada olan işlərin məhkəmələrdən mediasiyaya yönləndirməklə məhkəmə tərəfindən mövcud resursları (hakimlər, aparat, infrastruktur və s.) digər mübahisələrin həllinə yönəltməyə imkan verir ki, bu da ümumilikdə məhkəmə sisteminin səmərəliliyini artırır. Ölkəmizdə 1 iyul 2021-ci il tarixdən mediasiya institunun tətbiqinə başlanılmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa görə mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya könüllü xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Həmin qanunun 28-ci maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Göründüyü kimi mövcud qanunvericilik kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə mediasiyanın tətbiqini məcburi etməklə onun təşviq olunmasına, ictimaiyyət tərəfindən qəbul olunmasına, biznes subyektləri üçün məcburi hesab olunan məhkəmə qərarı çıxarılmazdan öncə mübahisənin dostcasına, hər iki tərəfin mənafelərinə cavab verən şəkildə həllinə imkan yaratmaqla münaqişə səviyyəsinin azalmasına və mülki dövriyyənin operativliyinin təmin olunmasına, biznes subyektlərinin əsas fəaliyyətinin məhz hüquqi mübahisələrə deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan yaratmışdır.

Sonuncu sualla bağlı qeyd edə bilərik ki, məhkəmə qərarlarının icrasının iqtisadi inkişafa necə təsiri məhkəmə icraatı qədər mühüm məsələdir. Ümumiyyətlə məhkəmə qərarlarının vaxtında icra olunması ilə bağlı Bülletenin 2021-ci il 1-saylı buraxılışında dərc olunan yazımızda ətraflı məlumat vermişik.[4] Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə ədalətli məhkəmə araşdırması hüququ həm məhkəmədə işə baxılması, həm də məhkəmə qərarlarının ağlabatan müddətlərdə icra olunmasını təmin etməyə yönəlmişdir. Əks təqdirdə icrası təmin edilməyən və ya vaxtında icra edilməyən məhkəmə qərarları xəyali sənədə çevrilməklə ədalət mühakiməsini həyata keçirilməsini əhəmiyyətsiz edərək sahibkarların ədalət mühakiməsinə olan inamının sarsılmasına səbəb olardı. Ali Məhkəmənin hüquqi müvqeyinə görə mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Bu baxımdan hesab edirik ki, icra məmurları tərəfindən icra sənədlərinin vaxtında icra olunması tələbkar sahibkarlıq subyektlərinin iqtisadi mənafelərinin vaxtında təmin olunmasına, ümumilikdə həm yerli, həm də xarici sahibkarlıq subyektlərinin ədalət mühakiməsinə inamını artırmaqla daha çox investisiyaların cəlb olunmasına, sahibkarlıq sahəsində mülki dövriyyənin operativliyinin təmin olunmasına və ümumilikdə ölkəmizin iqtisadi inkişafına töhfə vermiş olar.

 

İstifadə olunmuş normativ-hüquqi aktların və ədəbiyyatın siyahısı:

1.    Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsi

2.    Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsi

3.    İcra haqqında Azərbaycan Respublikasının Qanunu

4.    Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarı

5.    “Hakimlərin iqtisadiyyatda və iqtisadi inkişafdakı rolu” mövzusunda Cənubi Nyu-York Mahalının Fəxri Hakimi Jed S. Rakoffun mühazirə materialları (Hakim Etikası və işlərə baxılmanın təşkili mövzusunda seminar, Bakı, 19-20 iyun, 2017-ci il)

6.    Stephan Haggard & Lydia Tiede, The Rule of Law and Economic Growth: Where Are We?

7.    Kenneth W. Dam, The Judiciary and Economic Development (2006).



[1] Stephan Haggard & Lydia Tiede, The Rule of Law and Economic Growth: Where Are We?, 39 World Dev. 673, 674 (2011)

[2] Kenneth W. Dam, The Judiciary and Economic Development 1 (John M. Ohlin Law & Economics Working Paper No. 287, 2006)

[4] Naxçıvan MR Ali Məhkəməsi Bülleteninin 2021-ci il 1-saylı buraxılışı