^

On verification and approval of the results of the by-elections to the Supreme Assembly of the Nakhchivan Autonomous Republic held in Charchibogan Constituency No. 6 on October 2, 2011

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 02 oktyabr 2011-ci il tarixdə keçirilmiş 6 saylı Çərçiboğan seçki dairəsi üzrə əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN

RƏYASƏT HEYƏTİNİN

 

Q Ə R A R I

 

     11 oktyabr 2011-ci il                                                                                                                 Naxçıvan şəhəri

 

         Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ramiz Rəhim oğlu Süleymanovun sədrliyi ilə, Rəyasət Heyətinin üzvləri Əli Kərim oğlu Allahverdiyev və Qabil Neymət oğlu Məmmədovdan ibarət tərkibdə, Azər Yusif oğlu Nuriyevin katibliyi,

         Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının  sədri Qasımov Məhərrəm Əli oğlunun, sədr müavini Qədimov Əli Tofiq oğlunun, katibi Eyvazov Elnur Həsənəli oğlunun, üzvlər Kazımov Anar Altay oğlunun, Hüseynov Tural Cəmaləddin oğlunun, Həsənov Tural Dünyanur oğlunun və Bayramova Vahidə Vahid qızının,

         Mütəxəssislər, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Məmmədov Telman Vəli oğlunun, Qurbanov Cavanşir Məmməd oğlunun və Əsgərov Rəhim Əsgər oğlunun iştirakı ilə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq Rəyasət Heyətinin iclasında konstitusiya icraatı qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 02 oktyabr 2011-ci il tarixdə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi haqqında işə baxaraq hakim Qabil Neymət oğlu Məmmədovun məruzəsini, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Əli oğlu Qasımovun çıxışını və mütəxəssislərin arayışını dinləyib müzakirə edərək                        

 

M Ü Ə Y Y Ə N   E T D İ :

 

         Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 8.1-ci maddəsinə və 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilərin təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin « 04 » avqust 2011-ci il tarixli Fərmanına əsasən 02 oktyabr 2011-ci il tarixdə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 05 oktyabr 2011-ci il tarixdə 6 saylı Çərçiboğan seçki dairəsinin və 8 məntəqə seçki komissiyasının 02 oktyabr 2011-ci ildə tərtib edilmiş seçkilərin nəticələri haqqında protokolları, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının 04 oktyabr 2011-ci il tarixli SQ-3/2011 nömrəli qərarı və protokolu təqdim edilmişdir.

Təqdim edilmiş seçkilərin ümumi yekunları haqqında sənədlərdə 02 oktyabr 2011-ci il tarixdə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə 8 seçki məntəqəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri öz əksini tapmışdır.

Seçkilərin ümumi yekunları haqqında təqdim edilmiş sənədlərdən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər üzrə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə passiv seçki hüququ olan 3 nəfər Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizəd kimi qeydə alınmışdır.

Səsvermə günü Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər   üzrə 6 saylı Çərçiboğan seçki  dairəsinin 8 seçki məntəqəsində səsvermə keçirilmişdir.

Seçki sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilərin keçirilməsi üçün yaradılmış 6 saylı Çərçiboğan seçki dairəsini əhatə edən 8 seçki məntəqəsi üzrə aktiv seçki hüququ olan 5451 seçici ümumi seçici siyahılarına daxil edilmiş, onlardan 3120 nəfəri, yəni 57.2 faizi səsvermədə iştirak etmişdir. Səsvermədə iştirak etmiş seçicilərin 3120 nəfəri bilavasitə seçki məntəqələrində səs vermişlər. Seçki qutularında aşkar edilən bülletenlərdən 3118 seçki bülleteni, yəni 99.9 faizi etibarlı hesab edilmiş, 2 bülleten, yəni 0.1 faizi isə etibarsız hesab edilmişdir.

Məntəqələr üzrə seçki günü 3 ədəd korlanmış, 2328 ədəd isə istifadə edilməmiş seçki bülletenləri məntəqə seçki komissiyaları tərəfindən ləğv edilmişdir. Göstərilənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 88-89-cu maddələrinin tələblərinə uyğundur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilərin yekunlarına dair təqdim olunmuş sənədlərin təhlilindən görünür ki, 6 saylı Çərçiboğan seçki dairəsinin ərazisində yaradılmış 8 seçki məntəqəsində 02 oktyabr 2011-ci il tarixdə seçkilərin keçirilməsi zamanı aşkarlığı təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə  seçkilər  haqqında  Naxçıvan  Muxtar  Respublikasının  Qanununun 37-39-cu maddələrinin tələblərinə uyğun olaraq 16 nəfər yerli müşahidəçilər seçkilərin gedişini və səslərin hesablanmasını izləmişlər.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş, həmçinin Ali Məhkəmə tərəfindən tələb edilmiş sənədlərin, habelə cəlb olunmuş mütəxəssislərin arayışının təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə keçirilmiş əlavə seçkilərin nəticələri barədə protokolları, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 04 oktyabr 2011-ci il tarixli  protokolu və onlara əlavə edilmiş sənədlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının  Qanununa uyğundur.

Ona görə də 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilərin yekunları təsdiq edilməlidir.

Göstərilənlərə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikası  Qanununun 93.1-ci və 93.4-cü maddələrini rəhbər tutaraq    

 

Q Ə R A R A   A L I R :

 

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə 02 oktyabr 2011-ci ildə keçirilmiş əlavə seçkilərin nəticələri təsdiq edilsin.

2. Qərar elan olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Şərq qapısı» qəzetində dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədrlik edən:-                             Ramiz  Süleymanov